Bakıda ilk dəfə simfonik orkestr rok ifa edəcək – MÜSAHİBƏ

Bakıda ilk dəfə simfonik orkestr rok ifa edəcək – MÜSAHİBƏ

Baxış sayı: 2. 649 dəfə baxılıb.

Bakının xəmiri musiqidən yoğrulub. Bu şəhərin əsən küləklərində belə musiqi səslənir. Tarix boyu paytaxtımız ən maraqlı layihələrlə dünya musiqisevərlərinin diqqətini özünə cəlb edib. Belə konsert proqramlarının biri də aprel ayının 14-ü Heydər Əliyev Sarayında baş tutacaq. 

Proqramın əsas təşkilatçılarından biri, dirijor Cavad Tağıyev layihə haqda ÇıxışYolu.Com-a ətraflı məlumat verib:

– Bu konsert proqramını Emin Hüseynovla birgə hazırlayırıq. Emin peşəkar skripkaçıdır. Həmçinin öz rok qrupu var. Rusiyanın “İP Orchestra” orkestri müxtəlif janrları simfonik quruluşda ifa edir.

Əsas məqsəd insanlara musiqinin tək sintezator və ifaçıdan ibarət olmadığını aşılamaq və “simfonik orkestr yalnız klassik musiqi ifa etməlidir” çərçivəsini qırmaqdır. Təsəvvür edin ki, simfonik orkestrin ifasında rok əsərlər səslənəcək.

Orkestrdə bizim 30-dan çox gənc musiqiçilərimiz ifa edəcəklər. Rusiyanın dünya şöhrətli dirijoru İqor Ponomarenko isə konserti idarə edəcək. Ponomarenko olduqca peşəkar musiqiçidir. Tez-tez dünya üzrə qastrol səfərlərinə çıxır. Təklifimizi qəbul edib, Bakıya da gəlməkdən çəkinmədi.

İfa olunacaq musiqiçilərin aranjimanı peşəkar mütəxəssislər tərəfindən hazırlanıb. Proqramın not qeydləri artıq əlimizdədir. Bunsuz konsert də baş tutmazdı. Artıq məşqlərə başlamışıq. Elə məkanlar axtarıb tapırıq ki, həm məşq üçün əlverişli olsun, həm otaq geniş olsun, həm də ətrafdakılara ifamızla mane olmayaq.

Qeyd edim ki, Heydər Əliyev Sarayının səhnəsində maraqlı işıqlandırma sistemi də quraşdırılacaq.

– Maliyyə dəstəyiniz varmı?

– Təəssüf ki, xeyr. Qazancımız satılan biletlərdən olacaq. Sözün açığı, sponsor axtarışındayıq. Səylərimiz hələlik bir nəticə vermir. Bu arada, Heydər Əliyev Sarayının rəhbərliyinə göstərdikləri dəstək üçün dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlar bizdən öncədən ödəniş istəmədilər. Bildirdilər ki, biletlərdən qazandığımız gəlirlə borcu ödəyə bilərik.

Bakıda ilk dəfə simfonik orkestr rok ifa edəcək – MÜSAHİBƏ

– Maraqlıdır, belə möhtəşəm konsertin biletləri neçəyədir?

– 10-60 manat arası. Düşünürəm ki, Azərbaycanda ilk dəfə baş tutacaq əsl musiqi bayramı üçün qoyduğumuz məbləğ olduqca əlverişlidir. Həm rok, həm də klassik musiqi həvəskarlarını aprelin 14-ü Heydər Əliyev Sarayına dəvət edirik.

Əmin olun ki, dinləyəcəyiniz möhtəşəm əsərlər hələ uzun müddət ürəyinizdə səslənəcək.

– Keyfiyyətli musiqi həvəskarlarını gələcəkdə hansı layihələrlə sevindirəcəksiniz?

– Bu ilin payız aylarında “Kino-hitlər” layihəmiz baş tutacaq. 2016-cı ilin avqust ayında baş tutan “Disney” layihəmizdə “Qadın ətri” filmindən məşhur “Tanqo”nu səsləndirdik. Konsertdə əcnəbi qonaqlar da, dövlət işçiləri də iştirak edirdilər.

İnanırsınız, “Tanqo” səslənəndə Argentinanın ölkəmizdəki səfiri xanımı ilə birgə səhnədə rəqs etməyə başladı. Bu, çox gözəl mənzərə idi. Hətta sonda səfirin xahişi ilə həmin əsəri yenidən ifa etdik.

“Kino-hitlər” layihəmiz də yenilikdir. Konserti idarə edən dirijor mən, vokalçı isə çox istedadlı müğənni Nərminə Kərimbəyova olacaq. Amma hazırda bütün gücümüzü 14 apreldə baş tutacaq konsertimizə yönəltmişik.

.
www.ÇıxışYolu.Com