73bbadb6-09c7-4e7f-8dbc-2e2a37260a3d.webp

Bakıda iş adamı SAXLANILDI

Baxış sayı: 315 dəfə baxılıb.

Bakıda dələduzluqda ittiham edilən iş adamı saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin (RPİ) keçirdiyi
tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək dələduzluq etmiş
Samir Umudov tutulub.

Müəyyən edilib ki, həmin şəxs özünü təmir-tikinti firmasının rəhbəri kimi
təqdim edərək müxtəlif vaxtlarda mənzillərini təmir edəcəyi adı ilə
zərərçəkənləri aldadaraq pullarını ələ keçirib. Bu müddət ərzində S.Umudov
həmin şəxslərdən ümumilikdə 317 min manatdan artıq pul alıb. Buna baxmayaraq,
o, vəd etdiyi kimi mənzillərdə təmir və tikinti işləri həyata keçirməyib.

Həmçinin S.Umudov zərərçəkənlərdən birinin etibarından sui-istifadə edərək
onun mənzilini banklardan birinə girov qoyaraq maddi vəsaiti ələ keçirib.

Faktlarla bağlı Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin
dələduzluq maddəsi ilə cinayət işi başlanılıb. S.Umudov təqsirləndirilən şəxs
qismində istintaqa cəlb olunub. Onun digər şəxslərə qarşı analoji cinayətlər
etməsi istisna edilmir. S.Umudovun qanunsuz əməllərindən zərərçəkən başqa
vətəndaşlar varsa, Xətai RPİ-yə, “102” Xidməti-Zəng Mərkəzinə, ərazi polis
orqanlarına və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət
edə bilərlər.

Qeyd edək ki, sosial şəbəkələrdə müxtəlif şəxslər özünü “ST Group” şirkətinin
rəhbəri kimi təqdim edən Samir Umudov barəsində şikayətlər paylaşıblar.

Source link