c7941378-f2a4-42b5-aa25-3cf85152af45..jpg

Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans yekunlaşıb, kommunike qəbul edilib – YENİLƏNİB

Baxış sayı: 724 dəfə baxılıb.

Bakıda islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfrans yekunlaşıb,
kommunike qəbul edilib – YENİLƏNİB
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə”
mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb, yekunda iştirakçılar
birgə kommunike qəbul ediblər.

“Report” xəbər verir ki, konfrans 15 Mart – Beynəlxalq İslamofobiya ilə
Mübarizə Gününə həsr olunub və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və
Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə keçirilib.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin müraciəti və İslam Əməkdaşlıq
Təşkilatının baş katibinin siyasi məsələlər üzrə köməkçisi Yusef M. Al-Dobay və
G20 Dinlərarası Dialoq Forumunun prezidenti, professor Kol Durhamın çıxışları
dinlənilib.

“İslamın potensial təhlükə mənbəyi kimi aşılandığının, müsəlmanlara qarşı
şübhə, ayrı-seçkilik və açıq nifrətin gündən-günə daha geniş yayıldığının
şahidi oluruq. İslamofobiya ilə Mübarizə Gününə dair Birləşmiş Millətlər
Təşkilatının (BMT) Qətnaməsində də qeyd edildiyi kimi dini inanclarla bağlı
ayrı-seçkilik, dözümsüzlük və şiddət hallarının çoxalması dərin narahatlıq
doğurur”, – Azərbaycan Prezidenti İlham Əliyevin müraciətində deyilir.

“Konfransda tolerantlığı, sülhü və insan hüquqlarına və dini müxtəlifliyə
hörməti təşviq istiqamətində səylərin əlaqələndirilməsi məsələləri,
“sivilizasiyaların toqquşması” nəzəriyyəsindən irəli gələn problemləri,
rəqəmsal islamofobiya və ali təhsil kontekstində islamofobiya ilə mübarizə
məsələləri müzakirə edilib”, – yekun sənəddə vurğulanıb.

Kommunikeyə əsasən, islamofobiya və şərqçilik bütün mürəkkəbliyinə baxmayaraq,
Avropa müstəmləkəçiliyinin tarixində dərin köklərə malikdir, ayrı-seçkilik
siyasəti Qərbi Avropada, xüsusən də Fransada hələ də davam edir.

Konfrans iştirakçıları islam irsinin təhqir olunmasını və dağıdılmasını,
mədəni və dini abidələrə hücumları, o cümlədən Fransada Xurşidbanu Natəvanın
heykəlinin vandalizmə məruz qalmasını qınayıblar.

İştirakçılar həmçinin islamofobiya kontekstində gender problemlərini, müsəlman
qadınlara, o cümlədən ali təhsil müəssisələrində kök salmış qərəzləri önə
çəkərək, onların sülh və təhlükəsizlik gündəliyinə daxil edilməsini, həmçinin
qadın azadlıqlarının və bununla bağlı sosial proqramların genişləndirilməsini
istəyiblər.

Onlar Kütləvi İnformasiya Vasitələri (KİV) və sosial şəbəkələr vasitəsilə
islama və müsəlmanlara qarşı qərəzin yayılmasına son qoymağa çağırıblar. Bu
təzahür Şərqi Avropa və Yaxın Şərqdəki geosiyasi gərginlik və münaqişələr
kontekstində Avropa və Şimali Amerikada xüsusilə narahatedici xarakter alıb.

Konfransda beynəlxalq təşkilatların və milli hökumətlərin hazırda islam və
müsəlmanlar haqqında stereotiplərlə mübarizə üçün yetərsiz olan mövcud hüquqi
vasitələri və siyasətləri genişləndirmək məsuliyyəti bir daha təsdiqlənib.

İştirakçılar iki əsas istiqamət üzrə islamofobiya ilə mübarizədə əməkdaşlığın
və qarşılıqlı fəaliyyətin daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Bunlar siyasi səviyyədə və ictimai təbliğat yolu ilə, eləcə də diskriminasiya
xarakterli nitqlə mübarizə üçün proqram və layihələrin işə salınması vasitəsilə
KİV və akademik səviyyələrdə razılıqlardır.

Martın 10-da konfrans iştirakçıları Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya
səfər edəcək və burada Ermənistanın işğalı illərində mədəniyyət və dini
abidələrin dağıdılmasının şəxsən şahidi olacaqlar.

17:00

Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə”
mövzusunda keçirilən beynəlxalq elmi konfrans başa çatıb.

“Report” xəbər verir ki, tədbir iki gün davam edib.

Konfransın yekununda birgə kommunike qəbul olunub.

Sənədi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin
sədri Fərid Şəfiyev oxuyub.

10:58

Bakıda “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə”
mövzusunda keçirilən beynəlxalq elmi konfransın ikinci günü başlayıb.

Cixisyolu.com xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq
Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs
Qrupunun birgə təşkilatçılığı ilə keçirilən konfransın ikinci günündə ayrı-ayrı
panel müzakirələr nəzərdə tutulub.

Qeyd edək ki, konfransda dünyanın 30 ölkəsindən 130-a qədər alim, beynəlxalq
təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak edirlər.

Müzakirələrdə mövzu üzrə yerli ekspertlər, dövlət qurumlarının nümayəndələri,
dini icma rəhbərləri, dövlət rəsmiləri və diplomatlar yer alırlar.

Source link