Bakıda cinayət törətdiklərinə görə saxlanılan gənclər damarlarını kəsiblər.
Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Hadisə dekabrın 10-da, saat 01:55-də Nizami Rayon Polis İdarəsinin müvəqqəti təcridxanasında baş verib. Cinayəti törətməkdə günahlandırılan 1993-cü il təvəllüdlü Elvin Səfərov və Emil Quliyev hadisə baş verən təcridxanaya, hazırda tikinti-təmir işlərinin aparıldığı Suraxanı Rayon Polis İdarəsindən gətiriliblər.
İstintaq altında olan şəxslər fürsətdən istifadə edərək ülgüclə damarlarını kəsiblər. Bu addımla cinayəti törətməkdə şübhəli bilinən şəxslər onlara qarşı irəli sürülən ittihamlara etiraz etməyi düşünüblər.
Zərərçəkənlərə zamanında tibbi yardım göstərilib. Onlar 3 nömrəli şəhər klinik xəstəxanasında müalicə alandan sonra yenidən saxlanıldıqları kameralara qaytarılıblar.
Məlum olub ki, saxlanılanlardan Elvin Səfərov oğurluq və qarətdə ittiham edilir. Təqsirləndirilən şəxs hadisəni törətdiyini etiraf etsə də, məsuliyyət daşımaqdan boyun qaçırıb, baxmayaraq ki, istintaq E.Səfərova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi ilə bütün sübutlara malikdir.
Saxlanılan digər şəxs isə təhdid yolu ilə pul əldə etməkdə ittiham olunur. Quba rayon sakini Emin Quliyev ailəli qadınla yaxın münasibətlərə daxil olaraq bir müddətdən sonra onun ərinə bu haqda xəbər edəcəyi ilə hədələyib.
Zərərçəkənin Emin Quliyevlə son görüşü üzündə siqaret söndürmək xəsarəti ilə nəticələnib.
Zorakılığın tətbiqi ilə əlaqədar istintaq, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.3-cü maddələri ilə 5 ildən 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası irəli sürüb.
İstintaq daha əvvəl Emin Quliyevi üç ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan 182.1-ci maddəsini irəli sürmüşdü.
Hazırda baş verən hadisə ilə əlaqədar istintaq araşdırmaları davam etdirilir.
Ramella İbrahimxəlilova