Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə
hesabları bağlanıldı – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Məişət təyinatı olmayan soyuq silahlar insan həyatı və sağlamlığı üçün
potensial təhlükə mənbəyidir. Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı
və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə
alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları
tərəfindən silsilə tədbirlər görülür.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, belə tədbirlər zamanı kəsici-deşici alətlərin sosial
şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən
mağazalarda satışını təşkil edən 1999-cu il təvəllüdlü Nurəddin Hüseynov,
1986-cı il təvəllüdlü Elşən Səfərov, 1990-cı il təvəllüdlü Nihat Əliyev,
1985-ci il təvəllüdlü Ariz Hacıyev, 1980-ci il təvəllüdlü Vahid Rəhimov və
əvvəllər xuliqanlıq əməlinə görə məhkum olunmuş 1987-ci il təvəllüdlü Anar
Hüseynov müəyyən olunaraq saxlanılıblar.
Onlardan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 400 ədədə
yaxın kəsici-deşici alət aşkar olunaraq götürülüb, təbliğatını apardıqları
sosial şəbəkə hesablarının fəaliyyəti məhdudlaşdırılıb.
Maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin
olunub, saxlanılan şəxslər barəsində araşdırma aparılır. Araşdırmanın
nəticəsindən asılı olaraq onların əməlinə hüquqi qiymət veriləcəkdir.
Daxili İşlər Nazirliyi məişət təyinatı olmayan soyuq silahların satışının
məsuliyyət yaratdığını diqqətə çatdıraraq bunu təşkil edən şəxsləri
əməllərindən çəkinməyə çağırır.