Məlum olduğu kimi, 13-14 may tarixlərində Bakıda paracüdo üzrə beynəlxalq Qran Pri keçiriləcək.
ÇıxışYolu.Com xəbər verir ki, bununla bağlı Milli Paralimpiya Komitəsinin (MPK) yeni ofisində mətbuat konfransı keçirilib. MPK prezidenti İlqar Rəhimov bu turniri Tokioda keçiriləcək Paralimpiya Oyunlarına təsnifat xarakterli olduğuna görə, vacib yarış adlandırıb:
“Biz artıq medalları sifariş etmişik. Lakin onun üzərində yarışın loqosunun əks olunmasını istəyirik. İndiyədək 29 ölkə bu yarışda iştirak etmək üçün müraciət edib. Ümumilikdə 228 idmançının iştirakı ilə bağlı ərizələr daxil olub. Martın 20-si müraciət üçün son tarixdir. Həmin günədək ölkələrin sayının 40-a, idmançıların sayının isə 350-yə qalxacağı gözlənilir.
Yarışlarda kişilərdə yeddi çəki dərəcəsində 13, qadınlarda altı çəkidə 11 qadın idmançımız təmsil edəcək. Yarış iştirakçıları artıq müəyyənləşdirilmiş iki hoteldə qalacaq. Bunlar “Baku Royal Garden” və “Days” otelləridir. Komitəmiz möhtəşəm fləş-mob hazırlayır. Bunun keçirilməsində Əsa Teatrının yardımından da faydalanacağıq. Yarışın keçirilməsi xərclərini komitəmiz öz üzərinə götürüb. Amma Cüdo Federasiyası da bizə dəstək olacaq. Bundan başqa, yaxınlarda yeni sponsorluq müqavilələri bağlamağı planlaşdırırıq. Yarışları Heydər Əlıyev adına İdman-Konsert Kompleksində pulsuz izləmək mümkün olacaq”.
Beynəlxalq Görmə Qabiliyyətli İdmançılar Assosiasiyasının (IBSA) cüdo üzrə idman direktoru Yanoş Tardoş isə yarışların keçiriləcəyi məkanı təftiş etdiyini bildirib. O bunun üçün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzini və təsnifatın keçiriləcəyi yeri təftiş edib. O burdakı avadanlıqları bəyəndiyini və yarışın keçirilməsi şərtlərinə uyğun gəldiyini bildirib.
Səbuhi MUSAYEV