Bakıda keçirilən Dünya kubokunun bir növündə qaliblər bəlli oldu – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda keçirilən atıcılıq üzrə Dünya Kuboku davam edir.
Cixisyolu.com xəbər verir ki, mayın 5-də qadınlar arasında stend atıcılığının səngər
növündə final mərhələsinə yekun vurulub.
Penni Smit (Avstraliya), Safiye Temizdemir (Türkiyə), Raşel Leiganne Tozyer
(ABŞ), Aeriel Alease Skinner (ABŞ), Erika Sessa (İtaliya) və Ray Bassilin
(Livan) mübarizə apardıqları həlledici mərhələdə livanlı atıcı qalib gəlib.
Əlli atışdan 44-nü dəqiq yerinə yetirən Ray Bassil qızıl medal qazanıb. Penni
Smit isə 40 halda hədəfi dəqiq tuşlayaraq gümüş medala yiyələnib. İtaliyanı
təmsil edən Erika Sessa bürünc medalla kifayətlənib (34 dəqiq atış).
Yarış başa çatandan sonra Ray Bassil final barədə fikirlərini bölüşüb: “Qızıl
medal qazandığım üçün özümü çox xoşbəxt hiss edirəm. Bu, “Paris-2024” öncəsi
mənim üçün yaxşı stimul oldu. Final mərhələsində yalnız atışa köklənmişdim,
başqa heç nə haqda düşünmürdüm. Dəqiq olmayan atışlara önəm vermirdim.
Fikrimcə, bu amil mənə qalib olmaqda çox kömək etdi. Bu, Azərbaycanda
qazandığım ikinci medaldır. Ölkənizdə bu hissi ilk dəfə 2016-cı ildə
yaşamışdım. Lakin həmin vaxt gümüş medal əldə etmişdim. Bakının mənim üçün
düşərli olduğunu deməliyəm”.
Eyni gündə keçirilən kişilərin stend atıcılığının səngər növündə final
mərhələsi baş tutub.
Tolqa Tuncer (Türkiyə), Jan Pyer Brol Kardenas (Qvatemala), Filip Marinov
(Slovakiya), Ceyms Villet (Avstraliya), Matyu Con Kovard-Holley (Böyük
Britaniya), Pavel Vanekin (Çexiya) mübarizə apardıqları həlledici mərhələdə
avstraliyalı atıcı qalib adını qazanıb.
Əlli atışdan 46-sını dəqiq yerinə yetirən Ceyms Villet fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Filip Marinov 42 halda hədəfi dəqiq nişan alaraq gümüş
medala yiyələnib. Jan Pyer Brol Kardenas 34 dəqiq atışla üçüncü olub.
Qalib adını qazanan Ceyms Villet Bakı Atıcılıq Mərkəzinin onun üçün düşərli
olduğunu bildirərək deyib: “İki il əvvəlki Dünya Kubokunda komanda növündə
qızıl medal əldə etmişdim. Düzdür, məşqlər zamanı külək əsirdi. Yaxşı ki, final
günündə hava sakit keçdi. Avstraliyadan Bakıya böyük məsafə qət edərək
gəlmişik. Olimpiya Oyunları ərəfəsində əldə etdiyim bu mükafat olduqca vacib
idi. Üstəlik, bu, reytinq xallarımıza da təsir edir. Final mərhələsində təcrübə
müəyyən mənada rol oynayır. Psixoloji durum olduqca vacibdir. Məncə, final
atışları zamanı rəqibimə nisbətən təcrübəli olmağım nəticələrdə öz sözünü dedi”.
Qeyd edək ki, Dünya Kubokunda 80-dən çox ölkədən 400-dən artıq idmançısı
mübarizə aparır. Turnirə mayın 12-də yekun vurulacaq.