Martın 7-dən 8-nə keçən gecə çoxsaylı bıçaq yarası alan 1980-ci il təvəllüdlü Kələntərov Xaliq Yusif oğlu Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Bu barədə ÇıxışYolu.Com-a Binəqədi rayonu Polis İdarəsindən məlumat verilib.
İstintaqın gedişində müəyyən edilib ki, cinayət Rəsulzadə qəsəbəsi ərazisində törədilib.
Maraqlısı odur ki, Kələntərov əvvəllər AR CM-in 126-cı bəndinə əsasən (ağır fiziki zədə yetirmə) həbs cəzası çəkib.
Kliniki Mərkəzin həkimləri Kələntərovun sinəsində üç bıçaq yarası və bud hissəsində iki yaranın olduğunu deyiblər. Yaralının vəziyyəti ağır olaraq qiymətləndirilib. Həkimlər onun həyatını xilas etməyə çalışırlar.
7-ci Polis Bölməsi əməkdaşları fakt üzrə şübhəli şəxsi – 1976-cı il təvəllüdlü Osmanov Elyaz Əskər oğlunu saxlayıb.
Münaqişənin səbəbi hələlik məlum deyil. Binəqədi rayon Prokurorluğu qeyd edib ki, cinayət işinin maddəsi, çox güman ki, dəyişdiriləcək, çünki zədələnmənin xarakteri cinayətkarın öldürmək məqsədi güddüyünə işarə edir.
Fakt üzrə istintaq davam edir.
Ülvi Kərimov
www.ÇıxışYolu.Com