Bakının Suraxanı rayonunda 1975-ci il təvəllüdlü Saleh Məmmədov ailə
münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Sümbülə Məmmədovaya
(ad-soyad şərti göstərilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın məlumatına görə, hadisə ötən ilin iyulun 9-da baş verib.
Saleh həmin gün, saat 18:00-da yaşadığı evdə həyat yoldaşı Sümbülənin gün
ərzində telefonda uzun müddət danışmasını və onun telefon zənginə cavab
verməməsini irad kimi bildirib.
Bu zaman onun Sümbülənin ünvanına nalayiq ifadələr işlətməsi və sonuncunun ona
cavab qaytarması səbəbindən aralarında mübahisə yaranıb və Saleh əsəbiləşərək
yumruqla qəsdən bədəninin müxtəlif nahiyələrinə bir-neçə dəfə zərbə endirib.
Hadisəni törədən Salehin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən
sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Saleh ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib.
O bildirib ki, həyat yoldaşı Sümbülə ilə qarşılıqlı nikahlarından üç qızı
dünyaya gəlib:
“Həyat yoldaşım Sümbülə ilə münasibətlərimiz daim yaxşı olub. Son zamanlar isə
dəmirçi işlədiyim qapı sexindən evə yorğun gəlsəm də, həyat yoldaşım mənimlə
maraqlanmayıb. Bütün günü telefonda kimləsə danışıb. Bu da mənə pis təsir
etdiyindən aramızda narazılıq yaranıb”.
Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 9-da, saat 18:00-da evinə gəlib:
“Həmin vaxt işi ilə əlaqədar çox yorulmuşdum. Gün ərzində dəfələrlə Sümbüləyə
zəng etsəm də, onun telefonu məşğul idi. Mənə cavab vermədiyinə görə
əsəbiləşdim. Evə gələrək ona bununla bağlı irad bildirdim. Mətbəx otağına
keçərək ondan çay istədim. Sümbülə də mənə çay verərkən evə gec gəlməyimi irad
bildirdi. Yorğun olduğumdan ona kobud cavab qaytararaq ünvanına nalayiq
ifadələr işlətdim. Sümbülənin də cavab qaytarması məni əsəbiləşdirdi və evin
mətbəx otağında yumruq zərbələri ilə onun bədəninin müxtəlif nahiyələrinə
vuraraq xəsarət yetirdim. Bundan sonra yaşadığım evi tərk etdim. Sonda
əməlimdən peşman oldum”.
İş üzrə zərərçəkmiş Sümbülənin sözlərinə görə, son zamanlar həyat yoldaşı
Saleh ilə aralarında narazılıqlar yaranıb:
“Saleh heç bir səbəb olmadan məni başqa şəxslərə qısqanıb və mənimlə kobud
rəftar edib. Lakin mən bu barədə əvvəllər heç bir şikayət etməmişəm. İyulun
9-da birlikdə yaşadığımız evdə idim. Həmin gün saat təxminən 18:00-da Saleh evə
gəldi.
Saleh evə gələndən sonra mənə mobil telefonumun uzun müddət məşğul olduğunu
bildirərək irad tutdu, evin mətbəx otağına keçdi və məndən çay istədi. Mən də
Salehə çay verərkən ondan nə səbəbə evə son vaxtlar gec gəlməsini irad
bildirdim. Bu Salehə pis təsir etdiyi üçün məni təhqir etməyə, ünvanıma nalayiq
ifadələr işlətməyə başladı. Ona cavab qaytardığım üçün yumruq zərbələri ilə
bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarətlər yetirdi”.
Bu cinayət işinə Suraxanı Rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Saleh 3 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması
cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam
saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron
nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması
üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini
dəyişdirməmək vəzifəsi qoyulub.