Bakıda 900-dən çox uşaq ədəbiyyatına aid kitabı oğurlamaqda şübhəli bilinən şəxsi polislər saxlayıb.
Bu barədə ÇıxışYolu.Com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonu, Atatürk prospekti 9 ünvanında yerləşən vətəndaş Solmaz Amanovaya məxsus yardımçı təsərrüfatdan oğurluq edilib.
Bu barədə zərərçəkən şəxs Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət edərək bildirib ki, həmin yerdən müəllifi olduğu 900-dən çox uşaq ədəbiyyatı silsiləsinə aid kitab və məişət əşyaları oğurlanıb.
Nərimanov Rayon Polis İdarəsi 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş Samir Salmanov saxlanılıb.
Saxlanılan şəxs ifadəsində qeyd edilən anbardan oğurluq etdiyini etiraf edərək bildirib ki, əldə etdiyi kitabları şəhərin müxtəlif nöqtələrində yerləşən kitab mağazalarına satıb. Araşdırma zamanı S.Salmanovun Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə axtarışda olduğu müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar və zəruri istintaq hərəkətləri davam etdirilir.