909038d7-b6e5-40e7-925c-4a3819309dbc..jpg

Bakıda klinika sahibinin evinə basqın edən şəxslərlə bağlı QƏRAR

Baxış sayı: 712 dəfə baxılıb.

Bakıda klinika sahibinin evinə basqın edən şəxslərlə bağlı QƏRAR

Bakı Apellyasiya Məhkəməsində quldurluqda təqsirləndirilən dəstə üzvləri –
Anar Əmirov, Natiq Musayev, Bəhruz Hacızadə, Elməddin Musayev və Firdovsi
Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası
başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əmir Bayramovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

İttiham aktına əsasən, hadisə 2017-ci il iyulun 30-da paytaxtın Binəqədi
rayonu Rəsulzadə qəsəbəsində baş verib. F.Əliyev həmin dövrlərdə klinika sahibi
olmuş, professor Kamal Abdullayevin sürücüsü işləyib. 2017-ci ilin əvvəllərində
A.Əmirovla görüşərək professorun çoxlu pulunun, bahalı maşınlarının olduğunu
bildirib. Həmçinin qeyd edib ki, K.Abdullayev bu yaxınlarda klinikasını böyük
tikinti şirkətlərindən birinin sahibinə satıb və iki milyon dollar alıb.

Bundan sonra A.Əmirov işə N.Musayev və onun əmisi oğlu E.Musayevi cəlb edib.
Bir müddət K.Abdullayevin iş yerinə və evinə gedərək onu izləyiblər. Hadisədən
bir neçə gün öncə isə onlar Biləcəri qəsəbəsində görüşərək quldurluq planını
müzakirə ediblər. Bu görüşdə B.Hacızadə də iştirak edib. Görüşdə verilən qərara
əsasən, anten məlumatlarından yerləri bəlli olmaması üçün mobil telefonlarını
Bakı Beynəlxalq Avtovağzalında E.Musayevə veriblər. O, telefonlarla birgə orada
dəstənin digər üzvlərini gözləyib. Həmçinin, Bərdə rayonuna getmək üçün taksi
də danışıblar. A.Əmirov, N.Musayev və B.Hacızadə isə oradan çıxıb Rəsulzadə
qəsəbəsində yaşayan K.Abdullayevin evinə gediblər. A.Əmirov hasardan keçərək
içəridən darvazanı açıb. Onları qarşılayan alman itini uyuşdurucu qazla
yatırdıblar. Cinayətkarlar maskalanaraq divarla ikinci mərtəbəyə qalxıb
pəncərədən içəri giriblər. Yatmış vəziyyətdə olan K.Abdullayev və həyat yoldaşı
İlhamə Yusifovanın əllərini bağlayıb onları tapança və bıçaqla hədələyiblər.
Dəstə üzvləri ev sahibindən iki milyon dolların yerini soruşublar, lakin
K.Abdullayev o qədər pulu olmadığını deyib.

Daha sonra onlar evi axtarmağa başlayıblar. Evdən beş min dollar, 2 200 manat,
bahalı ətir, kəmər, üç bahalı telefon, 20 min manatlıq qızıl saat,
K.Abdullayevə məxsus qaz tapançası və suvenir bıçağı götürüblər. Onlar
ümumilikdə evdən 35 min manatlıq əmlak aparıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Əmirov 12 il 6 ay, N.Musayev 12
il 6 ay, B.Hacızadə 11 il 6 ay, E.Musayev 10 il və F.Əliyev 11 il müddətinə
azadlıqdan məhrum ediliblər.

Source link