Bakıda konsert verən italyan pianoçu: “Vaqif Mustafazadənin əsərlərini ifa
edirəm” – MÜSAHİBƏ + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bu günlərdə məşhur italyan pianoçusu Lorentso Banyati Bakıda ilk dəfə olaraq
solo konsert proqramı ilə çıxış edib.
Musiqiçi bakılı musiqisevərlər üçün Ferents List, Moris Ravelin, Klod
Debüssinin və digər bəstəkarların ən populyar əsərlərini ifa edib.
Lorentso Banyati Benedetto Marçello adına nüfuzlu Venesiya Konservatoriyasını
bitirib, daha sonra təhsilini Moskva şəhərində yerləşən Qnessin adına Rusiya
Musiqi Akademiyasında davam etdirib.
Hazırda musiqiçi Moskvada maestro Eliso Virsaladzenin rəhbərliyi altında öz
bacarıqlarını təkmilləşdirir.
Ölkəmizdə olan Lorentso Banyati müsahibəsində Bakıdakı konsert proqramından və
şəhər haqqında təəssüratlarını bölüşüb, həmçinin niyə Rusiyaya köçmək qərarı
verdiyini açıqlayıb.
– Lorentso, Bakıda özünüzü necə hiss edirsiniz?
– Şəhərinizi çox bəyəndim. Məni ən çox sevindirən o oldu ki, Bakıda doğma
İtaliyamın “adası”, bir parçası olan – “Kiçik Venesiya” var. Çox erkən olduğu
üçün qayığa minə bilmədim, amma bir neçə şəkil çəkib ailəmə göndərdim. Həmçinin
Bakı bulvarını, Fəvvarələr meydanını, İçərişəhəri gəzdim. Rəssam Əli Şəmsinin
qonağı oldum, orada bir neçə fotoşəkil çəkdim, o cümlədən şəhərinizdə olan
görməli yerləri özündə əks etdirən əsərləri də fotokameramın yaddaşına köçürdüm.
– Bəs Azərbaycan musiqisi ilə necə, tanışsınızmı?
– Bəli. Mən Paris Ali Normal Məktəbində dərs deyən dünya şöhrətli müəllim Rəna
Şereşevskayadan dərs alıram. O, Bakıdandır, ona görə də mənim Azərbaycana
uçduğumu biləndə inanılmaz dərəcədə sevindi. Onunla tez-tez müxtəlif xarici, o
cümlədən Azərbaycan bəstəkarlarının əsərlərini müzakirə edirik. Ən çox Vaqif
Mustafazadə və qızı Əzizənin bəstələrini bəyənirəm. Onları bəzən özüm üçün ifa
edirəm. Təəssüf ki, bu dəfə onların heç bir əsərini hazırlaya bilmədim, amma
növbəti dəfə mütləq edəcəyəm. Bakıdakı konsertim yüksək səviyyədə keçdi.
Tamaşaçılar məni çox isti qarşıladılar.
– Siz İtaliyada doğulub böyümüsünüz, amma uzun illərdir Rusiyada yaşayırsınız.
Niyə Moskvaya köçməyə qərar verdiniz?
– 17 yaşımda Florensiyada keçirilən musiqi yarışmasında birinci yeri tutdum və
mükafat olaraq bir ay ərzində konsertlər vermək və ustad dərsləri almaq təklifi
ilə Moskvaya səyahət etmək imkanı qazandım. Mən həmişə Rusiya mədəniyyəti ilə
maraqlanmışam və bir ay Moskvada yaşadıqdan sonra yenidən ora qayıtmaq
istədiyimi başa düşdüm və buna görə də təhsilimi Rusiyada davam etdirmək
qərarına gəldim – Qnessin adına Rusiya Musiqi Akademiyasında magistr pilləsinə
daxil oldum. Valideynlərim seçimimi dəstəklədilər. Məndə rus ədəbiyyatına,
musiqisinə məhəbbət aşılayan anam və atam olub. Atam lütnya (bizim udabənzər
musiqi aləti) ifaçısı, Venesiya Konservatoriyasının professoru, anam isə
barokko stilində müğənni və filosofdur.
– Rus dilini öyrənmək çətin idi?
– Mən Moskvaya gələndə rus dilində bir kəlmə belə bilmirdim. Dərhal dil
öyrənməyə başladım və akademiyada müəllimlərim bu işdə mənə kömək etdilər.
Həftədə 16 saat rus dilini öyrənməyə sərf edirdim. İndinin özündə də bu dili
öyrənməyə davam edirəm. Hiss edirəm ki, artıq öz arzuma – Puşkinin,
Dostoyevskinin, Mayakovskinin əsərlərini orijinalda sərbəst oxumağa
yaxınlaşıram. Özümü əsl rus oğlanı kimi hiss edirəm.
– Sevginizi Rusiyada tapdığınızı deyirlər?
– Bəli, ilk baxışdan sevgi idi. Düşünürəm ki, Dina Borisova Rusiyada başıma
gələn ən yaxşı şeydir. O, gözəl müğənnidir, hətta bəzən birlikdə çıxış edirik.
Əvvəlcə ingilis dilində ünsiyyət qururduq, indi rus dilində danışırıq.
– Lorentso, valideynlərinizin də yaradıcı insanlar olduğunu qeyd etdiniz. Buna
görə pianoçu olmağa qərar verdiniz?
– Evimizdə həmişə musiqi səslənirdi, ona görə də onu sevməmək mümkün deyildi.
Mənim iki bacım və iki qardaşım var və onların hamısı peşəkar musiqiçilərdir:
skripkaçı, violonçelçi, kontrabasçı və pianoçu. Dörd yaşımdan fortepiano
dərsləri almağa başladım, sonra Benedetto Marçello adına nüfuzlu Venesiya
Konservatoriyasına daxil olmaq qərarına gəldim. Yeddi yaşımda ilk konsertimi
verdim. Sonra Düsseldorfda keçirilən Beynəlxalq Anton Rubinşteyn müsabiqəsində
və “American Protégé International Piano and String Competition” beynəlxalq
müsabiqəsində iştirak etdim və bu mənə Nyu-Yorkdakı “Carnegie Hall”da çıxış
etmək imkanı qazandırdı.
İki il əvvəl Qnessin adına Rusiya Musiqi Akademiyasında təhsilimi başa vurdum,
amma indi də oxumağa davam edirəm. Bu işdə mənə SSRİ Xalq artisti Eliso
Virsaladze kömək edir.
– Siz həm də bloqer oldunuz: Bu necə baş verdi?
– Pandemiya zamanı bloq yaratmaq qərarına gəldim. Konsertlər ləğv edildi və
daha çox boş vaxtım oldu. Mən əsasən rus və italyan mədəniyyəti və
adət-ənənələri haqqında danışıram. Niyyətim bu iki xalqı bir-birinə
yaxınlaşdırmaqdır.
Mənbə: Sputnik Azərbaycan