47f3f8aa-ce43-4a51-8365-eaf74a7c23b0..jpg

Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar – FOTO/VİDEO

Baxış sayı: 913 dəfə baxılıb.

Bakıda kuryer şirkətinin narkotik satan əməkdaşları saxlanılıblar – FOTO/VİDEO

Kuryer şirkətlərindən birinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə
məşğul olan əməkdaşları saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları
tərəfindən həyata keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sübhan Qəhrəmanov və Elgün
Quliyev saxlanılıblar.

Onların üzərində şəxsi axtarış aparılarkən altı qrama yaxın marixuana aşkar
edilib. İlkin sorğu zamanı bu şəxslər narkotikləri həmkarları Ayxan adlı
şəxsdən onlayn yolla aldıqlarını bildiriblər. Əməliyyat tədbirlərinin davamı
olaraq həmin şəxs – Ayxan Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun
üzərindən və evindən isə yeddi qrama yaxın marixuana aşkar edilib.

Ayxan Məmmədov isə ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə Məhəmməd
adlı şəxsdən aldığını bildirib. Adıçəkilən sonuncu şəxsin tutulması
istiqamətində keçirilən əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş
Məhəmməd Hacıyev də saxlanılıb. Onun idarə etdiyi avtomobildən beş kiloqramdan
artıq marixuana aşkar edilib. Məhəmməd Hacıyev paytaxt ərazisində taksi
fəaliyyəti adı altında narkotik vasitələrin satışı ilə məşğul olduğunu
bildirib. O, marixuananı sosial şəbəkələrdə tanış olduğu, şəxsiyyəti məlum
olmayan İran vətəndaşından aldığını qeyd edib.

Aşkar edilən faktlarla bağlı toplanan materiallar Səbail Rayon Polis
İdarəsinin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Qeyd edək ki, 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən
sonuncu əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan
əlavə beş, həmçinin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən bir
nəfər saxlanılıb. Onlardan müxtəlif xassəli narkotik vasitələr və bir ədəd
“Makarov” markalı tapança aşkar olunaraq götürülüb.


Source link