Bakıda məsciddən oğurluq: Axundun seyfindən götürdüyü pulları gecə klubunda
xərclədi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 155 ünvanında yerləşən
Kərbəlayi Abdullah məscidində oğurluq hadisəsi olub.
Qaynarinfo.az-ın məlumatına görə, hadisəni törədən 1985-ci il təvəllüdlü Gəncə
şəhər sakini Ziya Tacəddin oğlu (ad şərti) həbs edilib.
O, oğurluq hadisəsini törətməzdən əvvəl maddi imkanının yaxşı olmadığını
bildirərək məscidin imamı (axundu) Hacı Malikdən pul istəyib. Həmin vaxt Hacı
Malik seyfdən pul götürərək ona 10 manat verib. Buna görə də təqsirləndirilən
şəxs seyfdə pul olduğunu bilib və oradan oğurluq etmək qərarına gəlib.
Elə bu məqsədlə Ziya 2023-cü ilin 11 sentyabr tarixində, gecə saat 00:05
radələrində məscidə oğurluğa gedib. Məsciddə heç kimin olmamasına əmin olduqdan
sonra axund otağının kilidini sındıraraq içəri daxil olub. Bundan sonra axundun
otağında qoyulmuş dəmir seyfin kilidini bıçaq vasitəsilə açıb və Hacı Malikə
məxsus olan 17 800 Azərbaycan manatı, 525 ABŞ dolları və 700 avro – cəmi 20 000
manat pulu oğurlayıb.
Ziya oğurladığı pulların bir hissəsini gecə klubunda əyləncəyə və qızlara
xərcləyib. O, bir neçə gün sonra həbs edilib. Dəyən ziyanın çox hissəsini isə
qaytarmayıb.
Məhkəmənin hökmü ilə Ziya Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü
maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, üç
il altı ay azadlıqdan məhrum edilib.