Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Biznes mühiti və
beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin birgə təşkilatçılığı ilə
aparıcı media qurumlarının məsul şəxsləri və nümayəndələrinin iştirakı ilə Bakı
KOB Evində “Biznes mühiti üzrə islahatların və elektron dövlət xidmətləri
barədə məlumatların kommunikasiyası” mövzusunda görüş keçirilib.
Cixisyolu.com xəbər verir ki, tədbirdə giriş nitqi ilə çıxış edən Medianın İnkişafı
Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun sözlərinə görə, ölkəmizdə
iqtisadi inkişafa xidmət edən islahatların biznes nümayəndələrinə və digər
maraqlı tərəflərə düzgün və vaxtında çatdırılmasında media təmsilçilərinin
mühüm rolu vardır, bu sahədə koordinasiyalı fəaliyyətin təşkili, yeni
islahatlar və elektron dövlət xidmətləri barədə məlumatların çevik
kommunikasiyası üçün mövcud resurslardan səmərəli istifadə mühüm əhəmiyyət kəsb
edir.
Görüşdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi
siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi,
koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri, Komissiyanın
Katibliyinin rəhbəri Vüsal Şıxəliyev çıxış edərək qeyd edib ki, Azərbaycan
Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılan Biznes mühiti və
beynəlxalq reytinqlər üzrə Komissiyanın əsas məqsədi rəqabət prinsiplərinə
əsaslanacaq biznes mühitinin yaranmasına dəstək vermək, beynəlxalq reytinqlərdə
Azərbaycanın mövqeyini daha da yaxşılaşdırmaq üçün qanunvericiliyin və
inzibatçılığın təkmilləşdirilməsi və bu istiqamətdə digər zəruri tədbirlərin
görülməsinə nail olmaqdır.
V.Şıxəliyev bildirib ki, biznesin müxtəlif sahələri üzrə müvafiq dövlət
qurumlarının rəhbərliyi altında mühüm normativ hüquqi akt layihələri
hazırlanaraq aidiyyəti üzrə təqdim edilib, sahibkarlıq subyektlərinin
inzibatçılıq yükünün azaldılması və fəaliyyətlərinin səmərəliliyinin
artırılmasına xidmət edən yeni elektron xidmətlər və platformalar istifadəyə
verilib, elektron sistemlərin tətbiq dairəsi genişləndirilib.
Görüşdə xüsusi vurğulanıb ki, aidiyyəti dövlət qurumlarının rəhbərliyi altında
fəaliyyət göstərən müvafiq işçi qrupları çərçivəsində islahat təşəbbüslərinin
hazırlanması və yeniliklərin həyata keçirilməsi prosesində maraqlı tərəflərin
aktiv iştirakı təmin olunur. Maraqlı tərəflərin iştirakı ilə inklüzivliyin və
vahid sinerjinin yaradılması məqsədilə Komissiyanın yeni Rəqəmsal İdarəetmə
Platforması hazırlanaraq istifadəyə verilib.
Qanunvericilik təşəbbüslərində özəl sektorun elektron iştirak imkanının təmin
edilməsi və işçi qrupları ilə interaktiv əlaqənin yaradılması üçün
E-iştirakçılıq Platformasının və digər innovativ həllərin tətbiqinə başlanılıb.
Görüşdə vurğulanıb ki, hazırda qarşıda duran əsas çağırışlardan biri biznes
sahəsində aparılan iqtisadi islahatların və yeni yaradılan elektron dövlət
xidmətləri barədə məlumatların səmərəli kommunikasiyası və geniş yayılmasına
nail olmaqdır. Bu sahədə media qurumlarının aktiv rolu mühüm əhəmiyyət kəsb
edir.
Görüşdə iqtisadi islahatların və elektron dövlət xidmətləri barədə
məlumatların regionlarda da geniş yayılması imkanları (“KOB Dostu” şəbəkəsi)
müzakirə edilib, zəruri məlumatların kommunikasiyası üzrə Yol Xəritəsinin
müəyyən edilib və media qurumları ilə koordinasiya məsələləri ilə bağlı
təkliflər təqdim olunub.