Bakıda müğənninin qətlə yetirilməsinin detalları məlum olub – İTTİHAM AKTI
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda müğənni həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Anar
Həşimovun cinayət işi üzrə məhkəmənin ilk baxış iclası keçirilib.
“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad
Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili
vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini istəyib.
Məhkəmə qısa müşavirədən sonra vəsatəti qismən təmin edib.
Daha sonra prokuror Fariz Rzayev ittiham aktını elan edib.
İttiham aktında göstərilib ki, Anar Həşimov 2023-cü ilin sentyabr-oktyabr
aylarında arvadı Yaqut Həşimovanın istifadəsində olan mobil telefonuna baxaraq
həmin telefonun “WhatsApp” proqramında “Ədiş qurban”, “İbo DTV” və digər
adlarla qeyd etdiyi Əlövsət Əhədov (ad və soyad şərtidir), İlham Allahnəzərov
(ad və soyad şərtidir) və qeyriləri ilə intim münasibətdə olması barədə
qarşılıqlı mesajlar yazdığını müəyyən edib.
Daha sonra təqsirləndirilən şəxs 16 oktyabr 2023-cü il tarixdə saat 13
radələrində Yaquta həmin “Ədiş” adlı şəxslə danışması ilə bağlı iradını
bildirib. Yaqut Həşimova isə iradları qəbul etməyərək onun işlərinə
qarışmamasını tələb edib.
Bundan sonra aralarında baş vermiş mübahisə zamanı təqsirləndirilən şəxs Anar
Həşimov qısqanclıq zəminində qisas almaq niyyəti ilə arvadı Yaqut Həşimovanı
əzab, işgəncə verməklə xüsusi amansızlıqla qəsdən öldürmək istəyib. Bu məqsədlə
əvvəlcə xüsusi ağrılar yetirmək üçün mənzilin yataq otağında olan bakalı
götürüb müğənni yoldaşının baş nahiyəsindən iki dəfə vurub. Daha sonra
təqsirləndirilən şəxs rəfdə saxladığı, qara rəngli açılıb-bağlanan cib bıçağını
götürərək onun hərəkətlərindən qorxub mənzilin yataq otağında küncə çəkilmiş
Yaqut Həşimovanın həyatı üçün dönə-dönə aman diləyən yalvarışlarına baxmayaraq,
qarın nahiyəsindən vurub. O, eyni zamanda Yaqut Həşimovanın saçlarından tutub
dartmaqla əlində olan bıçaqla sonuncunun həyat üçün vacib olan orqanlarının
yerləşdiyi boğaz, döş qəfəsi, qarın və digər nahiyələrdən zərbələr vurub.
Təqsirləndirilən şəxs otaqda çarpayı üzərində oturaraq təqribən 10 dəqiqə
ərzində onun yetirdiyi xəsarətlərdən Yaqut Həşimovanın qan itirməklə ağrı və
əzab çəkdiyinə baxıb, ölümünü gözləyib və Yaqut Həşimova daxili və xarici
qanaxma səbəbindən ölüb.
Hadisəni törətməkdə şübhəli bilinən Anar Həşimov saxlanılaraq barəsində
həbs-qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə – xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla) maddəsi ilə ittiham irəli sürülüb.
Məhkəmənin növbəti iclası fevralın 14-nə təyin edilib.