Bakıda “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr festivalı
keçirilir – FOTO
Bakıda keçirilən “Nine Senses Fest” beynəlxalq mənəvi və fiziki təcrübələr
festivalı davam edir.
Cixisyolu.com xəbər verir ki, festival miqyasına və əhatəsinə görə, Azərbaycanda
özünüinkişaf və sağlamlıq sahəsi üzrə keçirilən ilk möhtəşəm tədbir kimi
qiymətləndirilib.
“Nine Senses Fest”in ikinci günündə yoqa ustadı, musiqiçi, bəstəkar və
multiinstrumentalist İmran Kriya, şəfalı təcrübələr məktəbinin təsisçisi,
osteoxondroz, skolioz, fəqərəarası yırtıqlar və onurğa sütununun strukturunun
pozulması ilə əlaqəli digər xəstəliklərin dərmansız müalicəsinin
patentləşdirilmiş metodunun müəllifi Anna Vladimirova və yeni bir yoqa forması
olan CEO Artistic Yoqa məktəbinin ustadı və rəhbəri Nandan Qautam
jurnalistlərin suallarını cavablandırıblar.
Onlar festival iştirakçılarına keçdikləri ustad dərsləri, art terapiya,
terapevtik qrup məşqləri, qrup sağlamlıq və həyat kouçluğu təlimləri haqqında
media nümayəndələrinə məlumat verib, Azərbaycanda bu təlimlərə marağın
artmasından məmnun olduqlarını dilə gətiriblər.
Tədbir çərçivəsində təlimlər və terapiyalarla yanaşı, əl işlərindən ibarət
tematik yarmarka da təşkil olunub.
Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Nine Senses Fest” beynəlxalq
mənəvi və fiziki təcrübələr festivalı Heydər Əliyev Fondunun vitse-prezidenti,
“Nine Senses” incəsənət mərkəzinin təsisçisi Leyla Əliyevanın dəstəyi ilə
təşkil olunub.
ANSA təhsil platforması ilə birgə keçirilən festival oktyabrın 8-dək davam
edəcək.
Aysel Aslan