Bakının Sabunçu rayonunda oğruluq faktı qeydə alınıb.
Bu haqda ÇıxışYolu.Com-a rayonun polis idarəsindən məlumat verilib.
İnsident Zabrat qəsəbəsi ərazisində yerləşən “Armada Villa” üçulduzlu otelində baş verib.
Otelin məsul şəxslərindən olan 31 yaşlı İlham Əliyev şikayət ərizəsi ilə 15-ci polis bölməsinə müraciət edib. Şikayətçi, aprelin 26-da 09:30 radələrində otelin kassasından yeddi min manata yaxın pulun oğurlandığını qeyd edib.
İlkin araşdırmanın gedişində əsas şübhələr ofisiant işləyən, qarət və hərbi hissəni icazəsiz tərk etməyə görə əvvəllər məhkumluğu olan Abşeron rayon sakininə yönəlib. Həmin şəxs hələ saxlanılmadığına görə, adı gizli saxlanılır.
Oğruluğun müşahidə kamerasına düşdüyü bildirilir.
Daha bir iri məbləğli qarət Suraxanı rayonu ərazisində qeydə alınıb. Hövsan qəsəbəsində naməlum şəxslər Emin Həsənlinin evindən səkkiz min ABŞ dollarından çox pulu və ümumilikdə dörd min manat dəyərində qızıl zinət əşyaları oğurlayıb.
Qeyd edək ki, oğrular qurbanın mənzilinə pəncərədən daxil olub.