23b95120-b57b-49c5-b3e0-b93af87dd169..jpg

Bakıda oğlan tələbələri ilə intim münasibətdə olan dekan niyə qətlə yetirilib? – CİNAYƏT İŞİ

Baxış sayı: 697 dəfə baxılıb.

Bakıda oğlan tələbələri ilə intim münasibətdə olan dekan niyə qətlə yetirilib?
– CİNAYƏT İŞİ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda 1985-ci il təvəllüdlü Əhəd Salahov şəxsi münasibətlər
zəminində yaranan mübahisə zamanı tanışı İlkin Qurbanovu qətlə yetirib.

“Teleqraf”ın əldə etdiyi məlumata görə, Əhəd yaxın münasibətdə olduğu, tez-tez
Bakı şəhərində, müxtəlif ünvanlarda görüşüb birlikdə vaxt keçirdiyi, daim
dəstək olması, mənəvi cəhətdən atalıq etməsi, müxtəlif məsələlərdə, o cümlədən
dini məsləhətlər verməsi nəticəsində dərin hörmətini qazandığı, özü üçün
müqəddəs insan hesab edərək şəxsiyyətinə pərəstiş elədiyi 1961-ci il
təvəllüdlü, Bakı İslam Universitetində şəriət fakültəsinin dekanı vəzifəsində
işləmiş Firudin Məmmədovla 2011-ci ilin oktyabr ayı ərzində istintaqla müəyyən
edilməyən günlərdə bir neçə dəfə Bakı şəhərində fərqli ünvanlarda görüşüb.

Bu vaxt Firudin Məmmədov Əhəd Salahova uzun müddətdir tanıdığı 1974-cü il
təvəllüdlü İlkin Qurbanovun mütəmadi olaraq ziyankarlıq etdiyini, buna görə də
onu öldürməyin lazım olduğunu bildirib.

Əhəd Firudin Məmmədova ziyankarlıq etmiş istənilən şəxsi, o cümlədən əvvəllər
tanımadığı İlkini də heç bir təmənna olmadan öldürməyə hazır olduğunu bildirib.

Əhəd İlkini öldürmək sifarişini qəbul edib və özündə cinayət törətmək
qətiyyətini yaradıb. O, hadisənin törədiləcəyi əlverişli yeri müəyyənləşdirmək
məqsədilə Firudin Məmmədovla birlikdə İlkinin yaşadığı Xətai rayonu, NZS
qəsəbəsinə gedib. Orada İlkinin yaşadığı ünvanı görməklə cinayəti törədəcəyi
sahəni dəqiqləşdirib.

Əhəd bir neçə dəfə həmin əraziyə gedib, orada İlkini izləyib. Növbəti dəfə,
yəni oktyabrın 31-də Firudin Məmmədovun sifarişi ilə İlkin Qurbanovu qətlə
yetirib.

Qətl hadisəsi 2011-ci ildə baş versə də, uzun illər üstü açılmayıb. Bu
səbəbdən illərlə bağlı qalmış cinayət kimi istintaq orqanını arxivində yatıb.

Lakin son illər əvvəlki dövrlərdə bağlı qalmış cinayətlərin üstünün açılması
istiqamətində Baş Prokurorluqda aparılan araşdırmalar zamanı bu cinayətin də
üstünün açılması üçün cinayət işi tələb olunub və araşdırılıb.

Aparılan araşdırmalardan sonra qətlin törədilməsində günahkar bilinən şəxslər
müəyyən ediliblər.

“Mənə bir mobil nömrə verdi ki…”

2022-ci il avqustun 24-də Əhəd Salahov Cinayət Məcəlləsinin 120.2.5-ci
(sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini
törətməkdə şübhəli şəxs qismində tutulub.

İstintaq materiallarına əsasən, hadisədən qısa müddət sonra, yəni 2011-ci il
noyabrın 4-də qətlin sifarişçisi Firudin Məmmədov Bakı şəhərinin Xocalı
prospektində avtomaşında sol dirsək oynağının ön səthini iti kəsici alətlə
kəsərək intihar edib.

Əhəd Salahovun cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə
göndərilib. Cinayət işi hakim Səbuhi Hüseynovun sədrliyi ilə araşdırılıb.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Əhəd Salahov ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Firudin Məmmədovla
yoldaşlıq münasibəti olub: “Firudin Məmmədov mənə İlkin adlı şəxslə ədavəti
olduğunu, bir müddət sonra onunla NZS qəsəbəsində görüşəcəyini deyib, mənim də
onun yanında olmağımı istədi.

Firudin Məmmədov məni bir dəfə İlkinin yaşadığı yerə aparmış, onun evini mənə
göstərmişdi. Mənə bir mobil nömrə vermişdi ki, İlkinlə görüşə gedəndə onunla
tez və rahat əlaqə saxlayım. Hadisənin üzərindən uzun müddət keçdiyindən
hazırda mobil nömrəni xatırlamıram”.

“Arxadan zərbə vurdu”

Əhədin sözlərinə görə, hadisə baş verən günü Firudin Məmmədovun ona verdiyi
nömrəyə zəng edərək İlkinlə NZS ərazisində, İlkinin yaşadığı evə doğru gediblər:

“Mən NZS qəsəbəsində İlkinin yaşadığı evə tərəf hərəkət etməyə başladım.
Firudin və İlkinin yanına çatıb salamlaşdım. İlkini əvvəllər heç vaxt
görməmişdim.

İlkin məni görəndə Firudinə narazılığını bildirdi. Firudin İlkini qırağa
çəkərək söhbət etməyə başladı. Mənə isə dedi ki, bir az kənarda dayanım.
Onlardan 6-7 metr kənara çəkildim.

İlkin üzünü mənə tutaraq söyüşlə təhqir etdi, ora niyə gəldiyimi soruşdu. Mən
də onu təhqir etməyə başladım. Mənə tərəf gəlmək istəyəndə Firudin arxadan ona
bıçaqla bir zərbə vurdu. Sonra əli ilə onu özünə tərəf çəkib sinə nahiyəsindən
də bir zərbə endirdi. İlkin yerə yıxıldıqdan sonra üstünə çıxdı. Firudin
İlkinin üzərində olan zaman onları ayırdım.

Daha sonra Firudin bir istiqamətə, mənsə əksinə doğru getdim. Taksiyə
əyləşərək Neftçilər Xəstəxanasının yaxınlığına gəldim. Taksiyə əyləşəndə
“Neftçilər” dedikdə, metro stansiyanın yaxınlığını nəzərdə tutsam da, taksi
sürücüsü Neftçilər Xəstəxanasını başa düşmüşdü.

Daha sonra Neftçilər Xəstəxanasının yanından “Xalqlar Dostluğu” metro
stansiyanın yaxınlığına getdim”.

“Tələbələri ilə intim əlaqəsindən xəbərim olmayıb”

Təqsirləndirilən şəxs qeyd edib ki, həmin ərazidən də 2015-ci ilə kimi
yaşadığı mənzilə gedib:

“Firudinin mənə verdiyi nömrəni sındırıb küçəyə atdım. Mən Firudin Məmmədovla
qonşum vasitəsilə tanış olmuşdum. Onda İslam Universitetində işləyirdi. Mən
İslam Universitetinə qəbul üçün imtahan versəm də, qəbul ola bilməmişdim.

Firudinlə daimi istifadə etdiyim mobil nömrə vasitəsilə əlaqə saxlayırdım.
Nömrəni şəxsiyyət vəsiqəsi təqdim etmədən aldığım üçün həmin nömrənin kimin
adına qeydiyyatda olduğunu bilmirəm. Hadisə baş verməmişdən bir ay əvvəl
Firudinlə bir-iki dəfə görüşmüşəm. Görüşüb söhbətləşərkən İlkinlə arasında
problem olduğunu demişdi. Lakin problemin məzmunu barəsində mənə heç nə
söyləməmişdi. Onu namaz qılan, dindar şəxs kimi tanımışam. Firudinlə tələbələri
arasında intim əlaqədən xəbərim olmayıb.

Firudinin mənə verdiyi mobil nömrəni istifadə etmək üçün tanışımın mobil
telefonunu götürmüşəm. Onun rahat əlaqə saxlamaq üçün mənə mobil nömrə verməsi
məndə şübhə oyatmayıb.

Hadisə yerinə Firudinlə birlikdə hadisədən əvvəl bir dəfə gündüz vaxtı da
getmişdik. Hadisə baş verən gün Firudinlə bir neçə dəfə telefonla danışmışdıq.
Onun İlkinlə saat 23:00-da görüşməsi məndə heç bir şübhə yaratmadı.

İlkinlə görüşəcəyi yeri Firudin mənə hadisə baş verməmişdən qabaq yalnız bir
dəfə göstərib. Hadisə zamanı üzərimdə bıçaq olmayıb, heç bir dükandan da bıçaq
almamışam. Firudin İlkinlə birlikdə hadisə yerinə gəlib, mən isə tək getmişəm”.

“Dedilər ki, qan azlığından ölüb”

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən sonra telefonla danışarkən
Firudin ona polis bölməsinə gedəcəyini bildirib:

“Məni Baş Prokurorluğa çağırıb NZS ərazisində baş vermiş cinayət hadisəsini
törətdiyimi və onlara bu məlumatı tanışım Anarın çatdırdığını bildirdilər.
Anara NZS ərazisində ölüm hadisəsinə şahid olduğumu demişdim. Lakin öldürən və
ölənin adını ona deməmişəm.

Firudin Məmmədovun oğlunu qiyabi olaraq tanıyıram və onun evinə hadisədən
qabaq bir neçə dəfə getmişəm. Firudin Məmmədovun oğlunun zavodda müdir vəzifəsi
tutduğu barədə məlumatım olmayıb. O, oğlunun İlkinlə birlikdə çalışmasını
deməyib. İlkinlə hansı səbəbdən ədavəti olduğunu da deməyib.

Mən Anara araşdırılan ölüm hadisənin harada, hansı şəraitdə törədilməsi ilə
bağlı heç bir məlumat verməmişəm. Firudinin evində təmir işlərini mən
aparmışam, hadisədən sonra onun baldızının qızı ilə evlənmişəm. Firudinin yas
yerinə getmişəm, onun qan azlığı xəstəliyindən əziyyət çəkməsi səbəbindən
öldüyü bildirilib. Firudin Məmmədovun ətrafında olan insanları tanımamışam”.

“Mənə atalıq etdi”

Məhkəmə təqsirləndirilən şəxsin hazırkı ifadəsi ilə ibtidai istintaq zamanı
verdiyi ifadəsi arasında ziddiyyətlər müəyyən edilib. Bu səbəbdən onun ibtidai
istintaq zamanı verdiyi ifadəsi açıqlanıb.

Həmin ifadədən məlum olur ki, anadan olduğu vaxtdan 2015-ci ilə qədər “Nazlı”
deyə çağırılan anası Nəzakət Salahova ilə birlikdə yaşayıb:

“Atam 1996-cı ildə rəhmətə gedib. Anam isə uzun müddət xadimə (süpürgəçi)
işləyib. Mən demək olar ki, çöl şəraitində – küçədə böyümüşəm.

Nizami rayonunda yerləşən əvvəlcə 109, daha sonra isə 277 saylı orta
məktəblərdə təhsil almışam. Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunda
yerləşən “N” saylı hərbi hissəsində xidmətdə olmuşam. Hərbi xidmətdən
qayıdandan sonra əvvəlcə müxtəlif yerlərdə fəhləlik etməyə, sonra isə elektrik
işini öyrənib elektrik ustası olaraq işləməyə başlamışam.

Mərhum Firudin Məmmədovu hərbi xidmətə gedəndən əvvəl onun tələbələrindən
olmuş Rövşən adlı tanışıma görə dindar bir şəxs kimi tanımışam. Hazırda
Rövşənin bacısı Firudinin oğlu Zamirin arvadıdır. Tanıdıqdan sonra Firudinə bir
din adamı kimi, ağsaqqal insan kimi hörmətim getdikcə artıb. Firudin mənə ata
oldu, atalıq etdi. Firudinə həmişə yüksək dəyər vermişəm və heç vaxt sözündən
çıxmamışam”.

“Evində elektrik işi görən zaman…”

Təqsirləndirilən şəxsin sözlərinə görə, Firudin İslam universitetində dekan
işləyib, “Ruslan 93” marketin arxasında yeddinci mərtəbədə ailəsi ilə birlikdə
yaşayıb:

“Mən tez-tez həm baş çəkmək, həm də həyati məsləhətlər almaq, nələrisə
öyrənmək məqsədilə Firudinin evinə getmişəm. Adətən Firudin özü məni evinə
çağırırdı. Belə-belə həmin ərəfələrdə Firudinin arvadı Səkinə, oğlanları Əfqan
və Zamiri tanımışam.

Firudin mənim yaşadığım mənzilə heç vaxt gəlmirdi. Lakin dəfələrlə məni taksi,
yaxud digər şəxslərin avtomobili ilə yaşadığım binanın və ya blokun qarşısında
düşürüb. Ümumiyyətlə, Firudinin özünün istifadəsində avtomobil yox idi.
Xatırlamadığım iki mobil nömrəsi və iki mobil telefonu vardı.

Firudinin hər iki mobil nömrəsi ilə əlaqə saxlamışam. Ölümündən sonra onun
evində elektrik işi görən zaman arvadı Səkinənin bacısı qızı Hürünü görərək
bəyənmişəm. Bu barədə Hürünün digər bacısının əri və əsgər yoldaşım Zaur ilə
danışmışam. 2015-2016-cı illərdə Hürü ilə nişanlanıb, daha sonra isə ailə
qurmuşam”.

“Dəfələrlə məni sorğu-suala çəkdi”

Təqsirləndirilən şəxs bildirib ki, zərərçəkmiş İlkini öldürülməsindən təxminən
bir ay əvvəldən Firudin Məmmədov ona bir neçə dəfə söz salaraq adam öldürə
bilib-bilməyəcəyini soruşub:

“Mən isə Firudini özünə uca şəxsiyyət bildiyimə və hədsiz məhəbbətim olduğuna
görə onun xətrinə istənilən şəxsi öldürməyə hazır olduğumu demişəm.

Hadisədən təxminən bir həftə əvvəl Firudin Məmmədov məni yaşadığı evə çağırdı.
İlk dəfə açıq şəkildə İlkini öldürmək lazım olduğunu bildirdi. Lakin nə üçün
öldürmək lazım olduğunu demədi və heç nə vəd etmədi.

Mən İlkini tanımamışam. Həyatda heç vaxt qarşılaşmamışıq. Firudin xeyli
vaxtdır İlkini öldürmək istədiyinə görə bir ay cinayəti törətməyə razı
olub-olmayacağımı, yaxud etibarlı olub-olmadığımı hər dəfə mənə suallar
verməklə yoxladı. Mən təmənnasız olaraq və birbaşa Firudin üçün İlkini
öldürəcəyimə razılıq verməyimə baxmayaraq onun İlkini nə üçün öldürtmək
istədiyini bilmədim.

Xeyli vaxt keçdiyinə görə ardıcıllığı dəqiq xatırlamıram. Lakin yadımdadır ki,
razılıq verəndən sonrakı günlərdə Firudin İlkini tanıtmaq üçün onun hansısa
restoranda toy mərasimində çəkilmiş masa ətrafında əyləşmiş şəkilini göstərdi”.

“Yerləri dəqiqləşdirdim”

Təqsirləndirilən şəxs qeyd edib ki, Firudin günorta saatlarında onunla
birlikdə tanımadığı və xatırlamadığı taksi avtomobili ilə NZS qəsəbəsinə gedib:

“İlkinin yaşadığı evi, həmin evə doğru ana yoldan ayrılan yolu, taksi ilə
İlkini düşürəcəyi yeri və hadisə yeri olan “qarajlar tərəfi”, yəni təxminən 2
metr eni, 20-30 metr uzunluğu olan dar bir yolu əyani olaraq göstərdi. Taksi
sürücüsü Firudinin nə məqsədlə mənə həmin yerləri göstərməsini bilmədi.

Bundan sonra bir, yaxud iki dəfə özüm də cinayətə hazırlaşmaq məqsədilə həmin
yerlərə tək getdim, gəzərək İlkinin əsas yoldan piyada gələ biləcəyi və mənim
gizlənə biləcəyim yerləri dəqiqləşdirdim.

Firudin cinayət törədilən zaman telefon əlaqəsi saxlamaq üçün mənə mobil nömrə
verdi. Həmin ərəfədə 15, yaxud 20 manat müqabilində 20 Yanvar dairəsinin
yaxılığında dükanlardan birindən bıçaq əldə etdim və hadisə gününə qədər evimdə
saxladım. Bıçaqdan ailə üzvlərim məlumatsız olublar”.

“Məqsədim izi itirmək idi”

Əhədin ifadəsinə görə, hadisə günü, yəni 31 oktyabr 2011-ci ildə günorta
saatlarına qədər Firudin Məmmədovla telefon əlaqəsi saxlayıb:

“Firudin mənə həmin gün İlkini evdən çıxararaq özü ilə harasa aparacağını,
geri qayıdaraq evinin yanında, mənə göstərdiyi küçənin başında taksidən
düşürəcəyini bildirdi. Bundan sonra evə piyada gedəcək İlkini yolda öldürməyi
mənə tapşırdı.

Mən də razılaşaraq qabaqcadan plana uyğun əynimə cins şalvar və cins gödəkçə
geyindim, bıçağı gödəkçəmin iç yan cibində bağlanmış vəziyyətdə evdən çıxdım.
Əynimə geyindiyim köhnə paltarları məhz İlkini öldürəndən sonra atmağım üçün
qabaqcadan özüm seçmişdim.

Evdən çıxaraq əvvəlcə tanışım Anarla əlaqə saxlayaraq yaşadığı evin
yaxınlığında görüşdüm. Anarın müvəqqəti olaraq istifadəsində olan “Nokia”
markalı sadə modelli mobil telefonunu istədim. Əvvəllər ondan mobil telefon
istədiyimi xatırlamıram. Amma özüm əvvəllər ona 1-2 dəfə telefon hədiyyə
etdiyimə görə həmin gün mənə etiraz etmədi.

Evə qayıdaraq öz mobil nömrəmi və markasını xatırlamadığım mobil telefonunu
işlək vəziyyətdə evdə qoydum. Telefonunumu evdə qoymaqda məqsədim guya evdə
olmağım barədə görüntü yaratmaq, Anarın telefonunu götürməkdə məqsədim isə sadə
model telefonların antenaya düşmədiyini eşitdiyim üçün izi itirmək idi”.

“Dar küçədə yaxaladım”

Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra NZS qəsəbəsinin yaxınlığına
gəlib və Firudinə zəng edərək artıq hadisə yerində olduğu barədə məlumat verib:

“Firudin evdə idi. Sonra da onunla bir neçə dəfə də telefon əlaqəsi yaratdım.
Firudin İlkinlə evdən çıxdıqlarını, daha sonra birlikdə getdikləri yerdən çıxıb
geri qayıtdıqlarını xəbər verdi.

Bundan sonra qabaqcadan Firudinlə razılaşdığımız yerə, yəni İlkinin evinə
doğru uzanan küçənin başında gözləməyə başladım. Az sonra xeyli zaman keçdiyinə
və həmin vaxt həyəcanlı olduğuma görə rəngini və markasını xatırlamadığım bir
avtomobil məndən təxminən 20 metr aralıda dayandı. İlkin avtomobildan düşdü.
Eyni anda Firudin zəng edərək İlkinin avtomobildən düşdüyünü dedi.

Təxminən 100 metr boyunca təxminən 20 metr ara məsafəsi ilə İlkinin ardınca
düşdüm. Sonra ara məsafəsini azaldaraq lap yaxınlaşdım. Bıçağı çıxararaq hazır
vəziyyətdə sol əlimdə tutdum. İlkinin evinə yaxın qaranlıq dar, çığıra oxşayan
bir ara yol vardı. Oraya keçəndə ətrafın qaranlıq və sakit, kimsəsiz olmasını
fürsət bilərək arxa tərəfdən hücum etdim, bıçaqla ilk zərbəni üstdən aşağı
İlkinin kürək nahiyəsinə endirdim.

İlkin sağ çiyni üstə mənə tərəf çevrildi. Bundan sonra bıçaqla sinə və qarın
nahiyələrinə ardıcıl zərbələr endirdim. O, yerə yıxılaraq mənə tərəf təpik
atdı, həmçinin qışqıraraq kömək istədi. Ətrafdakı pəncərələrdə işıqlar
yandığını hiss etdim və dərhal oradan uzaqlaşmağa başladım. İlkinin yerdən
qalxaraq təxminən 20 metr aralıda yerləşən ikimərtəbəli binanın blokuna tərəf
qaçdığını gördüm.

Təxminən yüz metr qaçaraq taksiyə əyləşdim və sürücüdən yaşadığım ünvanın
yerləşdiyi ərazini nəzərdə tutaraq “Neftçilər”ə sürməsini xahiş etdim. Lakin
taksinin geri qayıdıb hadisə yerinə tərəf istiqamət aldığını görəndə özümü
itirdim. Sürücüyə Neftçilər Xəstəxanasına tərəf sürməsini istədim. Taksi məni
Neftçilər Xəstəxanasının qarşısına gətirdi.

Orada isə başqa tanımadığım taksi ilə “Xalqlar dostluğu” metro stansiyasının
yaxınlığına gəldim. Piyada binaların arası ilə evimə tərəf getdim. Yolda 369
saylı mobil nömrəni sındıraraq xatırlamadığım yerə atdım”.

“İntim münasibətim olmayıb”

Təqsirləndirilən şəxs deyib ki, hadisə zamanı hər hansı xəsarət almayıb:

“Əynimdəki paltarların çöl səthi qana bulaşmayıb və ehtiyat üçün paltarlarımı
salafana yığıb ertəsi gün evdən uzağa apararaq zibil qutusuna tulladım. Bıçağı
isə su ilə yuyub təmizlədim. Firudin intihar edəndən sonra bulvara gedərək
Xəzər dənizinə atdım.

Evə daxil olan ərəfədə Firudin mənim nömrəmə zəng vurdu və danışıq zamanı üstü
örtülü formada – “tapşırdığınız işi həll etdim”, – dedim. Firudin isə mənə
hadisə ilə bağlı polisə çağırıldığını bildirdi. Növbəti günlərdə ifşa
olunmamağım üçün Firudindən uzaq oldum. Nə telefonla danışdım, nə də əyani
görüşdüm. Onun intihar edəcəyindən qabaqcadan məlumatım olmayıb. Yalnız
intihardan sonra zəng edərək hadisə barədə xəbər verdilər, məscidə çağırdılar.

Hadisəni ürəyimdə daşımaq ilk əvvəllər mənə ağır olduğuna görə Firudin öləndən
qısa müddət sonra həmin ərəfələrdə daha yaxın olduğum dostum Anara NZS
qəsəbəsində bir adamı bıçaqla vurub öldürdüyümü etiraf etdim. Anara Firudinin
tapşırığı ilə bu cinayəti törətdiyimi də deməmişəm.

İlkini öldürməyim barədə başqa heç kimə danışmamışam. Bu cinayətin
törədilməsində başqa iştirakçı olmayıb. Mənim Firudin ilə hər hansı intim
münasibətim olmayıb. Firudinin başqa cinayətləri təşkil edib-etməməsini də
bilməmişəm”.

“Elçiliyi Firudin müəllim etdi”

İş üzrə zərərçəkmiş İlkinin hüquqi varisi qismində ifadə verən həyat
yoldaşının sözlərinə görə, mərhum İlkinlə rəsmi qaydada ailə həyatı qurub:

“Toydan sonra Bakı şəhərində NZS qəsəbəsində kirayədə yaşamışıq. Ailədə həmişə
çox mehriban olmuşuq. Rəsmi nikahdan iki övladımız doğuldu. Ailə qurandan sonra
İlkin NZS qəsəbəsində bir otaq kirayə götürərək dərzi fəaliyyəti ilə məşğul
olurdu. Eyni zamanda, işləyə-işləyə Bakı İslam Universitetinin ruhanilik
fakültəsinə də qəbul oldu.

2010-cu ildə təhsilini bitirərək diplomunu alsa da, həmin ixtisas üzrə heç bir
vaxt işləməyib. İlkinin Bakı İslam Universitetində təhsil aldığı müddətdə
kiminlə oturub-durmasını bilməsəm də, universitetdə müəllim işləyən Firudin
Məmmədovla çox yaxın olduqlarını bilmişəm.

Firudin müəllim İlkinin elçiliyinə gəlib, bizim toyumuzu maliyyələşdirib.
Toydan sonra da dəfələrlə İlkinə pul verib. Daha sonra İlkin Əmlak Komitəsində
sürücü işləyən Namiq vasitəsilə orada işləyən Rüstəmlə tanış oldu. Tanışlıqdan
sonra İlkin bir neçə dəfə sürücüsünün işi olduğundan onun avtomobilini idarə
edərək Gəncə şəhərinə və Cəlilabad rayonuna aparıb.

İlkinin həm Firudin Məmmədov, həm də Rüstəmlə tanışlığı dostluğa çevrildi.
Bayram günləri, ad günlərində bir-birilərinin evinə gedib-gəlirdilər. Ailəlikcə
çox mehriban münasibətləri yaranmışdı”.

“Kişilərlə intim münasibətini bilməmişəm”

Hüquqi varis qeyd edib ki, 2010-cu ilin axırlarında İlkin Sabunçu rayonu
ərazisində yerləşən ASC-nin səhmdarlarından biri olub:

“Lakin hansı miqdarda səhmə malik olması, həmin səhmi hansı vasitə ilə
almasından xəbərsiz qalmışam. İlkin özü də bu barədə mənə heç nə danışmayıb.

İlkinin deməsinə görə, zavodu onun adına həmin vəzifəli şəxs keçirib və zavoda
rəhbərlik etdiyinə görə 500 manat əməkhaqqı alıb.

2010-cu ilin yay aylarında İlkin Maştağa qəsəbəsində hər sotunu 800 ABŞ
dolları olmaqla beş sot torpaq sahəsi aldı və orada ev tikməyə başladı. İlkinin
deməsinə görə, zavodda olan köhnə dəzgahların dəmirlərini sataraq həmin pulla
evi tikdirib.

İlkin bəzən evə gəlmir və bunu iş yerində qalması ilə izah edirdi. Həmçinin
2010-cu ildən İlkin məndən ayrı yataqda yataraq bunun səbəbini uşağın ağlaması
ilə izah etdi. Onun müxtəlif kişilərlə intim münasibəti yaşaması barədə
məlumatım olmayıb. Bu barədə ilk dəfə istintaq dövründə polis bölməsində
eşitmişəm”.

“Baş çəkməyə getdiyini zənn etmişəm”

Hüquqi varisin sözlərinə görə, 31 oktyabr 2011-ci ildə gün ərzində İlkinin
əhvali-ruhiyyəsi yaxşı olmayıb və tez-tez yatmaq istədiyini bildirib:

“Firudinlə telefonla danışdı. Firudini evdə gözlədiyini, bir yerdə Rüstəmgilə
gedəcəklərini bildirdi.

Saat 20 radələrində Firudin evimizə gəldi, bir qədər oturub çay içdikdən sonra
İlkin Rüstəmlə danışdı. Rüstəm İlkinə öz evinə çatdığını bildirdi.

Bundan sonra İlkin və Firudin birlikdə Rüstəmin evinə gedəcəklərini bildirərək
çıxdılar. Evdən çıxanda İlkin Firudinə öz avtomobili ilə getmələrini təklif
etsə də, Firudin İlkinin maşın sürməyindən ehtiyat etdiyini əsas gətirərək
razılaşmadı. Yola çıxıb taksi ilə getməyi təklif etdi.

Ümumiyyətlə, bizim ailəmizlə Rüstəmin ailəsi yaxın münasibətdə olub. Həmin
günlərdə Rüstəmin ailəsi Londona getdiyinə görə evdə tək idi. İlkingil
getdiklərinin səbəbini deməsələr də, Rüstəmə dost kimi baş çəkməyə getdiklərini
zənn etmişəm”.

Məhkəmənin hökmü ilə Əhəd 14 il müddətinə azadlıqdan məhrum edilib. Onun
cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Source link