8cbf7867-a479-48e7-b80c-60b812167152..jpg

Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü – TƏFƏRRÜAT + FOTO

Baxış sayı: 840 dəfə baxılıb.

Bakıda oğul bayram günü atasını döyə-döyə öldürdü – TƏFƏRRÜAT + FOTO

2021-ci il martın 22-də Buzovna qəsəbəsi, Dəmir Yolu küçəsində 1954-cü il
təvəllüdlü Ramiz Kərimov vəfat edir. Hadisə yerinə gələn təcili tibbi yardım
əməkdaşları meyitin üzərindəki zorakılıq əlamətlərinin səbəbini soruşub.
Mərhumun arvadı və oğlu onun yüksək təzyiqi olduğundan, həmçinin bayram günü
spirtli içki qəbul etdiyindən həyətdə yıxılaraq, xəsarət aldığını deyiblər.

Həkim şübhəli ölümlə bağlı Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin
növbətçi hissəsinə məlumat verib.

Həmin gün şübhəli şəxs qismində mərhumun oğlu, Bakı şəhər sakini 1983-cü il
təvəllüdlü İlqar Kərimov saxlanılıb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən
sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb
olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisə üzrə cinayət işi

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Ramiz Kərimov mütəmadi münaqişə yaradıb, ailə
üzvlərinə qarşı nalayiq ifadələr işlədib. Martın 20-də axşam o, araq içəndən
sonra arvadı Tamilla Kərimovadan yenidən spirtli içki gətirməsini tələb edib.
Arvadı imtina edəndə Ramiz Kərimov həyat yoldaşını döyüb. Oğlu İlqar Kərimov
araya girib atasını sakitləşdirməyə çalışarkən, atasının onu söyməsindən
hiddətlənib. Ramiz Kərimova yumruqla zərbələr vuraraq, onu yerə yıxıb.
Hadisədən sonra, anası ev şəraitində ağrıkəsici tibbi vasitələrdən istifadə
edib. İlkin yardım göstərməsinə baxmayaraq, R. Kərimov martın 22-i səhər saat
6-da ölüb.

İş üzrə dindirilmiş İlqar Kərimov bildirib ki, bacısı 16 il əvvəl ailə həyatı
qurub, həmin vaxtdan o, valideynləri ilə birlikdə qalıb. Atası son 12 ildə daim
spirtli içki qəbul edib və ailədə söz-söhbət yaradıb:

İlqar Kərimov

“Ramiz Kərimovun hərəkətləri bizi hövsələdən çıxarsa da, bir dəfə də olsun ona
heç kim əl qaldırmadı. Təzyiqi olduğundan ara-bir müvazinətini itirib, yıxılsa
da, heç vaxt həkimə müraciət etməmişdi. Martın 20-də axşam bayram süfrəsinə
əyləşdik. Spirtli içki qəbul edəndən sonra atam anama marketdən araq alıb
gətirməsini dedi. Anam atama spirtli içkini az qəbul etməsini, bu qədər içməklə
canına qəsd etdiyini və araq almayacağını bildirdi. Bundan əsəbiləşən Ramiz
Kərimov anamı söyməyə başlayanda, onu sakitləşdirməyə çalışdım. Amma atam məni
itələdi, masada olan boşqabı götürüb anamın başına çırpdı.

Anamın alnından qan axdığını görüb bir anlıq etdiyim hərəkəti fikirləşmədən,
atamın sağ gözünə yumruqla zərbə vurdum. Zərbədən atam arxaya getdi və divanda
oturdu. Həyətə çıxıb bir az özümə gələndən sonra yenidən evə keçdim və anama
özümdən asılı olmayaraq atamı vurduğumu söylədim. Anam mənə darıxmamağımı və
hər şeyin yaxşı olacağını dedi. Ayın 22-də səhər atam özünü narahat hiss etdi
və qəflətən halı pisləşdi. Dərhal Təcili Tibbi Yardım stansiyasına zəng edib
məlumat verdik. Həkimlər müayinə edib atamın öldüyünü bildirdilər. Mərhumun
üzündə və bədənində xəsarǝtlər olduğu üçün həkimlər polisə məlumat verdilər.
Atamın üzünə yumruqla zərbə vurduğumu polis əməkdaşlarına bildirmədim. Atamın
meyiti patoloji anatomiya şöbəsində müayinə edildikdən sonra, bizə təhvil
verildi. Həmin gün şübhəli şəxs qismində saxlanıldım”.

Ramiz Kərimovun meyiti

Zərərçəkmiş şəxsin hüquqi varisi Saidə Allahverdizadə ifadəsində göstərib ki,
ailəvi olaraq nə qədər çalışsalar da, atasının spirtli içki qəbul etməsinə mane
ola bilməyiblər:

“Dəfələrlə atamın hərəkətlərindən bezən anam və qardaşım İlqar küsüb bizim,
həmçinin qohumların evinə gedirdilər. Qardaşım tərbiyəli, mehriban və öz
hərəkətlərinin yerini bilən insandır. Martın 20-də oğlum Ramazan bayram axşamı
nənəsigildə olub. Oğlumun sözlərinə görə, atam anamı təhqir edib və boşqabla
vuraraq, başına xəsarət yetirib. Buna dözməyən İlqar yumruqla atamın üzünə
zərbələr vurub.

Ayın 22-də anam ev telefonuma zəng vuraraq, atamın təzyiqdən vəfat etdiyini
xəbər verdi. Atamgilə gedəndə, anam və qardaşım bildirdilər ki, atam ölməmişdən
əvvəl gecə müvazinətini itirib yerə yıxılıb. Üzündəki xəsarətlərin bunun
nəticəsində əmələ gəldiyini dedilər. Polis əməkdaşları atamın ölümündə
qardaşımı təqsirkar hesab edib saxlayıblar”.

İttiham aktı

Şahid qismində dindirilmiş Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin
təhqiqatçısı Fariz Məmmədov ifadəsində göstərib ki, martın 22-də Təcili Tibbi
Yardım Stansiyasından daxil olan məlumat əsasında, əməliyyat qrupu ilə birlikdə
Buzovna qəsəbəsinə yollanıb:

“Ramiz Kərimovun təzyiq xəstəliyi ilə bağlı martın 20-də yıxılaraq xəsarət
alması və 2 gündən sonra ölməsi bildirilib. Mərhumun üzündəki xəsarətlərdən
şübhələndim. Çünki onlar hündürlükdən yıxılma nəticəsində əmələ gələn
xəsarətlərə oxşamırdı. Elə təəssürat yarandı ki, sanki sağlığında kənar şəxs
onun üzünə zərbələr vurub. Ona görə də rayon prokurorluğuna zəng edib məlumat
verdim. Prokurorluq əməkdaşları gələndən sonra meyit daxili müayinə edilməsi
üçün patoloji anotomiya şöbəsinə göndərildi. Ramiz Kərimovun oğlu və arvadı
şöbəyə dəvət olundular. Sorğu-sual olunan İlqar Kərimov etiraf etdi ki, ayın
20-də ailə münaqişəsi zamanı atasına yumruqla xəsarətlər yetirib”.

Ramiz Kərimov

Məhkəmə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha
yüngül cəza təyin edilməsi) maddəsi tətbiq olunmaqla təqsirləndirilən şəxsə
ittiham olunduğu Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər
vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə
həmin maddənin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin
etməsini əsaslı və ədalətli hesab edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlqar Kərimov cəzasını ciddi
rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətiə azadlıqdan məhrum olunub.

Source link