Oktyabrın 24-də Bakının Yasamal rayonunda qətl hadisəsi baş verib.
Bu barədə ÇıxışYolu.Com-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Cinayətin günorta saatlarında Murtuza Muxtarov küçəsindəki 185 nömrəli yaşayış binasının zirzəmisində baş verdiyi bildirilir. Belə ki, sözügedən ərazidə 1989-cu il təvəllüdlü Allahyarov Daxil Kamil oğlu döş qəfəsindən bıçaqlanıb. O, hadisə yerində ölüb.
İlkin araşdırma zamanı cinayəti törədən şəxsin oğurluq məqsədi ilə evə girmək istədiyi, bu zaman mühafizəçini gördüyü üçün zirzəmidə gizləndiyi məlum olub. Ələ keçməkdən qorxan oğru mühafizəçiyə bıçaq zərbəsi vurub.
Cinayətdə təqsirləndirilən şəxs tutulub. Adı hələlik açıqlanmır.
Cinayət faktı ilə bağlı rayon prokurorluğu tərəfindən cinayət işi açılıb.
Qeyd edək ki, son 24 saatda Bakıda iki qətl hadisəsi baş verib. Hər iki cinayətdə qurbanlar kişi olub. İkinci ağır cinayət Xətai rayonunda qeydə alınıb.
Ramella İbrahimxəlilova