Bakıda parkda dava: Gənc oğlan sevgilisini döydü, köməyə gələn veteranı isə
öldürdü
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Nəsimi rayonunda 1999-cu il təvəllüdlü Rüstəm əvvəllər tanımadığı,
1998-ci il təvəllüdlü Vüsalı (adlar şərti verilib – red.) qətlə yetirib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Rüstəm 14 avqust 2022-ci ildə, saat
22 radələrində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Aybənizlə aralarında
olan mübahisəni həll etmək məqsədilə Bakının 3-cü Alatava yaşayış massivində,
“Beton park” adlanan ərazidə görüşüb.
Rüstəm Aybənizi ona xəyanət etməkdə günahlandırıb. Zor tətbiq edib və
Aybənizin dəyəri 250 manat olan telefonunu sındırıb, üzünə şillə vurub.
Telefonla baş və çiyin nahiyələrinə zərbələr endirib, müxtəlif dərəcəli
xəsarətlər yetirib.
Həmin vaxt yaxınlıqda olan Vüsal dostları Camal və Xəlil ilə birlikdə onlara
yaxınlaşıb. Vüsal Rüstəmə narahatlıq yaratması, səs-küy salması ilə bağlı irad
bildirib.
Aybənizin qaçdığını görən Rüstəm onun arxasınca yolun digər tərəfinə qaçıb.
Vüsal və Camal da ictimai qaydanın pozulmasının qarşısını almaq məqsədilə
Rüstəmin arxasınca yüyürüblər.
Rüstəm Vüsalın onu itələyərək vurmasını bəhanə edib, ov bıçağı ilə Vüsala
çoxsaylı zərbələr yetirib. Vüsal aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Rüstəmin barəsində Cinayət Məcəlləsinin 120.2.2
(xuliqanlıq niyyəti ilə adamöldürmə), 120.2.3 (zərərçəkmiş şəxsin xidməti
vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya
yaxın qohumlarını öldürmə), 221.3 (silah qismində əşyadan istifadə etməklə
xuliqanlıq törətmək) və 228.4 (qanunsuz olaraq soyuq silahı əldə etmə, saxlama
və gəzdirmə) maddələri ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüstəm ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Aybənizlə bir yerdə
yaşayıb və bir evdə qalıblar:
“Elə alındı ki, mən Aybənizdən ayrılmalı oldum. Ayrılıq təxminən iki ay davam
etdi. Amma arada Aybənizgilə gedib-gəlmişəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən gün işdən çıxaraq
Aybənizgilə gedib:
“Həmin vaxt bıçaq da üzərimdə olub. Aybənizin telefonuna mesaj gəldiyini
gördüm. Buna görə telefonu alaraq qırdım. Bu vaxt tanımadığım şəxslər mənə
yaxınlaşdılar və telefonu əlimdən dartaraq almağa çalışdılar. Telefonu vermək
istəmədim. Onlardan uzaqlaşdıqda Vüsal məni vurdu. Yenə onlardan uzaqlaşmaq
istədim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin şəxsləri tanımayıb, onlarla
düşmənçiliyi olmayıb:
“Mən qorxdum, yerdən qalxaraq qaçmaq istədim. Lakin alınmadı. Bıçaq daimi
üzərimdə olmayıb. İşdə lazım olduğu üçün üzərimdə saxlamışam.
Hadisə vaxtı döyülmüşəm. İki nəfərin üzərimə gəldiyini görmüşəm və özümü
müdafiə etmək üçün vurmuşam. Bıçaqdan həmin şəxsləri qorxutmaq üçün istifadə
etmişəm. Bunlar kameraya da düşüb. Mənim Vüsalı öldürmək niyyətim olmayıb”.
İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən Vüsalın atasının
sözlərinə görə, hadisənin şahidi olmayıb:
“Evdə olduğum vaxt oğlum Vüsal mənə zəng etdi və evə gəlmək istədiyini
bildirdi. Mən də gəlməsini istədim. Oğlum subay idi, 44 günlük Vətən
müharibəsində iştirak etmişdi. Hadisədən sonra təqsirləndirilən şəxsin
valideynlərindən və qohumlarından heç kim bizə gəlməyib”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü
ilə Rüstəm 18 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan zərərçəkmiş şəxsin hüquqi varisi tərəfindən apellyasiya
şikayəti verilib.
Hüquqi varis təqsirləndirilən şəxsin barəsində olan cəzanın ağırlaşdırılaraq
onun ömürlük azadlıqdan məhrum edilməsini istəyib.
Bu şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılıb. Şikayətin baxılması
mərhələsində zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi tərəfindən
məhkəməyə ərizə təqdim olunub. Ərizədə onlar şikayətlərinin geri götürülməsini
istəyiblər.
Bu səbəbdən hakimlər şikayətə baxılmasına xitam verilməsi barədə qərar qəbul
ediblər.