d408be09-3022-4919-89df-982dd56d7d7c..jpg

Bakıda parklanma PROBLEMİ: “Yerlər elə təşkil edilməlidir ki…” – FOTO

Baxış sayı: 485 dəfə baxılıb.

Bakıda parklanma PROBLEMİ: “Yerlər elə təşkil edilməlidir ki…” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bir neçə aydır ki, Azərbaycanda, o cümlədən paytaxt Bakıda avtomobillərin
parklanması yeni qaydalarla təşkil olunur.

Nazirlər Kabinetinin ötən il iyunun 25-də qəbul etdiyi “Nəqliyyat
vasitələrinin parklanmasına görə ödənişin məbləği” barədə qərara əsasən,
Bakının parklanma yerləri “Mərkəz”, I, II, III və IV zonalar olmaqla 5 yerə
bölünüb.

Hər saat üçün “Mərkəz”də 1 manat, I zonada 0,7 manat, II zonada 0,4 manat, III
zonada isə 0,3 manat ödəniş tələb olunur. IV zonada isə parklanma ödənişsizdir.
Bundan əlavə digər parklanma zonalarında həftə sonu və həftə içi saat 22:00-dan
07:00-a qədər avtomobillərin parklanması ödənişsizdir.

Bəs Bakıda avtomobillərin parklanması effektiv təşkil olunubmu? Müşahidələr
göstərir ki, paytaxtda parklanma yerlərinin sayı sürətlə artır, az qala hər
küçədə, tində avtomobil saxlamaq üçün yerlər müəyyən edilir. Nəticədə paytaxtın
bəzi ərazilərində parklanma yerləri az qala yaşayış binalarının həyətindədir.
Bir sıra küçələrdə isə hərəkət zolaqlarının sayı az olduğu üçün avtomobillərin
parklanması tıxaclara səbəb olur. Bəzən isə parklanma yerləri ehtiyac olmadan
yaradılır.

Məsələn, paytaxtın Nizami və Zahid Xəlilov küçələrində parklanma yerlərinin
olması normal qəbul edilə bilər. Çünki bu küçələrin hər iki tərəfində kifayət
qədər sosial obyektlər var.

Bakının Əhməd Cəmil küçəsində isə hər hansı ictimai əhəmiyyət kəsb edən obyekt
yoxdur və parklanma yerinin lazımsız təşkil edildiyini demək olar:

Azərbaycan Texniki Universitetinin dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov
da hesab edir ki, Bakıda parklanma siyasəti tam effektiv deyil: “Parklanma
yerləri elə təşkil edilməlidir ki, yolun qalan hissəsində nəqliyyat
vasitələrinin hərəkətinə mane yaratmasın. Yolda olan zolaqların sayı azı
3-dürsə, həmin zolaqların birini parklanma üçün ayırmaq olar. Lakin yolda iki
zolaq varsa, bu zaman orada parklanma təşkil edilməməlidir”.

Onun sözlərinə görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) işinin öhdəsindən gəlsə də,
parklanma yerlərinin təşkil edilməsini elmi cəhətdən əsaslandırmalıdır:
“Parklanma yerlərinin hamısı pasportlaşdırılmalıdır. Ümumi sxem üzrə
baxılmalıdır ki, hansı ərazidə hərəkətə əngəl var. Hazırda Bakıda parklanmanın
elmi əsaslarla təşkil edilməsi müşahidə edilmir, bir neçə küçədə nizamsızlıq
müşahidə olunur. Odur ki, Bakıda təşkil edilən parklanmanı 50 % effektiv hesab
edirəm”.

Nəqliyyat üzrə digər ekspert Arzu Süleymanov isə diqqəti Avropa təcrübəsinə
çəkir: “Avropada parklanma yerləri təşkil edilərkən “shared street” –
“paylaşılmış küçə” konsepsiyası tətbiq edilir. Bu konsepsiyaya görə küçələr
piyadalar üçün prioritetdir və bir istiqamətli küçələrdə az sayda avtomobilin
dayanması üçün yer ayrılır, daha çox fiziki məhdudiyyətli insanların, qocaların
avtomobillərinin dayanmasına icazə verilir. Əgər yaxınlıqda xəstəxana varsa, bu
da nəzərə alınır. Amma restoranlar, əyləncə mərkəzləri nəzərə alınmır.
Azərbaycanda belə bir konsepsiya tətbiq edilmir. Bizdə küçələr Avropa ilə
müqayisədə enli olsa da, bəzən düzgün təhlil aparılmadığı üçün nəqliyyatın
hərəkəti üçün problem yaranır. Xüsusilə bir istiqamətli yollarda parklanma
yerləri yaradılarkən ölçülər nəzərə alınmalıdır”.

AYNA-dan isə “Report”un sorğusuna cavab olaraq bildirilib ki, parklanma
yerləri “Yol hərəkəti haqqında” qanunun tələblərinə uyğun olaraq, mərhələli
qaydada və bacardıqca effektiv təşkil edilir: “Mərkəzi zonada işlər artıq
yekunlaşıb. 1-ci zona üzrə 95 %, 2-ci zona üzrə 70 %, 3-cü zona üzrə 33 % iş
görülüb. 4-cü zonada parklanma ödənişsiz olsa da, müvafiq infrastruktur işləri
həyata keçirilir. Qanunvericiliyə əsasən, ödənişli parklanma ilə bağlı iş
yerlərinə münasibətdə və digər hallarda imtiyazlar nəzərdə tutulmayıb.
Parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol şəbəkəsində
tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət
sürətinin və bunun nəticəsində onun cəlbediciliyinin artmasıdır. Parklanmanın
düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha
effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi
sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır.
Müşahidələr göstərir ki, parklanmanın idarə olunmasından sonra əvvəllər
avtomobil saxlamaq üçün çətinliklə yer tapılan küçələrdə artıq xeyli sayda boş
yer mövcuddur”.

Source link