5f7b8d34-3fc9-4997-8fe6-4b86cd8d4529..jpg

Bakıda pilləkənsiz bina, həyətdə qanunsuz tikili: Sakinlər çıxılmaz vəziyyətdədirlər – ŞİKAYƏT + FOTO

Baxış sayı: 797 dəfə baxılıb.

Bakıda pilləkənsiz bina, həyətdə qanunsuz tikili: Sakinlər çıxılmaz
vəziyyətdədirlər – ŞİKAYƏT + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yaşayış binasının sakinləri narazıdırlar.

Səbail rayonu, Nizami küçəsi, 4 ünvanında yerləşən “Pilot Residence”
Mənzil-Tikinti Kooperativinin (MTK) sakinləri şikayətləriniCixisyolu.com-ın
redaksiyasına ünvanlayıblar.

Sakin Nofəl Rzayev bildirib ki, binadan ev alan zaman başqa layihə təqdim
edilib, amma indi ondan əsər-əlamət yoxdur:

“Bina pilot layihə çərçivəsində sözügedən MTK tərəfindən tikilib. Layihə
2017-ci ildə Səbail Rayon İcra Hakimiyyəti tərəfindən təsdiqlənib. Bakı
şəhərində ilk layihə olduğu üçün bütün səlahiyyət də qurumun üzərinə düşür.
2019-cu ilin sonuna kimi layihə tam təhvil verilməli idi, amma hələ də proses
yekunlaşmayıb. 2024-cü ildə yalnız yaşayış binası təhvildən keçib və həyəti,
yeraltı qarajı bərbad vəziyyətdədir.

Bütün bu problem azmış kimi, MTK təsisçisi layihədənkənar icazəsiz tikililər
inşa etdirib. Həyətin böyük bir hissəsində 850 kvadratmetr sahəsi olan ticarət
obyekti inşa olunub. Üçüncü blokun ərazisi restorana birləşdirilib. Həmin
blokun sakinləri evlərinə ancaq liftlə qalxıb-düşə bilirlər, çünki pilləkən
yoxdur… Lift işləməsə, sakinlər evdə, ya da həyətdə qalacaqlar. Eyni zamanda,
həyətdə qazanxana inşa olunub, giriş-çıxış isə təmir edilmir”.

O qeyd edib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti
tərəfindən ötən il yoxlamalar aparılıb:

“Binada yanğın təhlükəsizliyi sahəsində tikinti norma və qaydalarının kobud
şəkildə pozulması faktı aşkar edilib. Eyni zamanda, qurumdan da bildirilib ki,
layihə sənədləri xidmət ilə razılaşdırılmadan həyətyanı sahədə binaya bitişik
birmərtəbəli qeyri-yaşayış obyektinin inşa olunduğu, zirzəmi sahəsindən çölə
açılan mövcud iki pilləkən qəfəsinin çıxışlarının tikilərək bağlandığı, həyətə
çıxışda anbar inşa edildiyi aşkarlanıb. Məsələ barədə aidiyyəti qurumlara
müraciət etsək də, bizi Səbail Rayon İcra Hakimiyyətinə yönləndirirlər. Onlar
isə sakinlərin problemlərini həll etmək marağında deyillər. Beşbloklu binanın
sakinləri hamısı çıxılmaz vəziyyətdədir”.

Sakin Mikayıl Hüseynov deyir ki, yaranmış ciddi problemlərin həll olmasını
istəyirlər:

“Biz yaşadığımız ünvandakı MTK rəhbərliyi tərəfindən törədilən özbaşınalıq
hərəkətlərinə görə neqativ nəticələrlə üzləşdik. Binanın həyətində təhlükə
yaradan tikinti işləri aparılır ki, bu da yerli sakinlərin səhhətinə ziyan
vurur. Eyni zamanda, hər bir mənzilin sahəsində 10-40 kvadratmetr çatışmazlıq
qeydə alınıb ki, bu da mənzil sahiblərinin hüquqlarının pozulması deməkdir.
Dəfələrlə aidiyyəti dövlət qurumlarına müraciət etsək də, məsələ həllini
tapmır”.

Sakinlər məsələ barədə məhkəməyə müraciət etdiklərini, məhkəmə ekspertizasının
bütün icazəsiz tikililərin layihədənkənar olduğunu təsdiqlədiyini bildirirlər.
Onlar iddia edirlər ki, Səbail Rayon Məhkəməsi artıq 10 aydır işə baxsa da,
qərarı uzadır.

Məsələ barədə Səbail Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinə sorğu ünvanlanıb.

İlhamə Əbülfət

Source link