4626940e-4f40-4892-8ae6-1152d3e1dfff..jpg

Bakıda piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqerin kassasiya şikayəti təmin edilməyib

Baxış sayı: 715 dəfə baxılıb.

Bakıda piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqerin kassasiya şikayəti
təmin edilməyib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqer Səbinə Kətanovanın
barəsindəki qərardan kassasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi
ilə keçirilən prosesdə şikayət təmin edilməyib və Bakı Apellyasiya Məhkəməsinin
qərarı qüvvədə saxlanılıb.

Xatırladaq ki, Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Səbinə Kətanova Cinayət
Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət
məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.

Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü (yol
nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini
törətməkdə təqsirli bilinib və Səbinə Kətanovaya bir il müddətinə nəqliyyat
vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın
məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub.

Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam
qətimkan tədbiri hökmü qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.

Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

İttihama görə 1991-ci il təvəllüdlü S.Kətanova 5 sentyabr 2021-ci il tarixdə,
saat 18:10 dəqiqədə idarə etdiyi “Toyota Prado” markalı minik avtomobili ilə
Nərimanov rayonu ərazisində yerləşən mebel mağazasının qarşısı ilə saatda 5-10
km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal
Çələbizadəni ehtiyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol
yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub. Nəticədə Səbinə Röyal
Çələbizadənin sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az
ağır zərər vurmaya aid xəsarətlər yetirib. S.Kətanovanın barəsində Cinayət
Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin
sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat
hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.

Xatırladaq ki, bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi
üzrə zərərçəkmiş kimi tanınıb. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130
min manatını ələ keçirib.

Qeyd edək ki, Səbinə Kətanova “Instagram”da bloqer kimi tanınır. Onun 305
mindən çox izləyicisi var.

Source link