Bakı Apellyasiya Məhkəməsində Şəmkir rayon sakini Eldar Zeynalovun Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, 2000-ci il martın 24-də Şəmkir rayonunun Təzəkənd qəsəbəsində yerləşən dəmiryolu və neft bazasının arasında, avtomobillərlə hərəkətdə olarkən, bir-birinə yol verməməsi səbəbindən Eldar Zeynalovla Nirməmməd Quliyev arasında mübahisə yaranıb.
Zeynalov əvvəl həmkəndlisinin sifətinə şillə vurub, daha sonra cibindən bıçaq çıxarıb, hadisə yerindən qaçan Quliyevin arxası ilə atıb, onun bel nahiyəsinə batırıb. Bununla da, o zərərçəkənin sağlamlığına qəsdən ağır zərər vurub.
Bundan başqa o, 2002-ci il fevralın 3-ü, saat 21:00 radələrində Eldar Zeynalov tanışları Mehman Bağırov, İlham Bağırov, Zakir Ağamirzəyevlə Etibar Alışovun idarə etdiyi avtomobildə Bakı şəhəri, Nərimanov rayonu ərazisində hərəkətdə olarkən, Mehman Bağırov üzərində qanunsuz gəzdirdiyi tapançadan atəş açaraq Zakir Ağamirzəyevi qətlə yetirib.
Hadisənin şahidi olsa da, Nərimanov rayon Prokurorluğu tərəfindən aparılan istintaqdan yayınmaq məqsədilə Bağırov qardaşları ilə birlikdə Əhmədli qəsəbəsi, M.Hadi küçəsindəki 107 saylı binanın 80 №-li mənzilində gizlənib.
Fevralın 9-da Bakı şəhər Baş Polis İdarəsinin əməkdaşları həmin ünvanda narkotik vasitələrin saxlanılması ilə əlaqədar əməliyyat tədbiri keçirərkən, Eldar Zeynalov yataq otağında gizləndiyi şkafın qapısını açıb, qaçmaq məqsədilə “Makarov” markalı tapançadan, xidməti vəzifəsini yerinə yetirən CAŞ-nin əməliyyat müvəkkili, polis serjantı Məhəmməd Ağayevə öldürmək məqsədilə dörd dəfə atəş açıb.
Polis əməkdaşına bir güllə dəyib, o xəstəxanaya çatdırılaraq, təcili cərrahiyə əməliyyatı nəticəsində həyatı xilas olunub. Eldar Zeyanov qəsdən adam öldürməyə cəhd əməlini törədərək, hadisə yerindən qaçıb.
Cinayət işinin materiallarına əsasən, Eldar Zeynalov Rusiyada gizləndiyi dövrdə növbəti cinayət törətdiyinə görə, Sverdlovsk Vilayətinin Tavdinsk rayon Dİİ-nin əməkdaşları tərəfindən 2012-ci il iyulun 30-da tutulub.
2014-cü il avqustun 15-də yerli məhkəmənin hökmü ilə o 10 il müddətinə azadlıqdan məhrum olunub. Azərbaycanda axtarışda olması ilə əlaqədar Zeyanov 2016-cı il oktyabrın 20-də Bakı İstintaq təcridxanasına gətirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Məhkum hökmdən apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq E.Zeynalovun şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.
C.H.
www.ÇıxışYolu.Com