Bakıda prorektorun qətlində təqsirləndirilən sabiq rektorun məhkəməsi başlayır
– FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Təfəkkür” Universitetinin prorektoru Tariyel Əhmədovu sifarişlə öldürməkdə
təqsirləndirilən həmin universitetin sabiq rektoru Müşviq Atakişiyevin və onun
sifarişi ilə cinayəti törətməkdə şübhəli bilinən Samir Quliyev və Dəyanət
Quliyevin məhkəməsi başlayır.
“Report” xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim
Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında baxılacaq.
İstintaq materiallarına əsasən, “Təfəkkür” Universitetinin prorektoru Tariyel
Əhmədovun 16 sentyabr 2011-ci il tarixdə qəsdən öldürülməsi faktı ilə bağlı
başlanmış cinayət işi üzrə cari ilin aprel ayında Dəyanət Quliyev Cinayət
Məcəlləsinin müvafiq maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə iş
üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması istiqamətində tədbirlər
görülüb.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar
Xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış
tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair
sübutlar əldə edilib.
Belə ki, cinayət hadisəsinin baş verdiyi vaxt qeyd olunan təhsil müəssisəsinin
rektoru vəzifəsində işləmiş, hazırda isə Azərbaycan Respublikasının Elm və
Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı direktoru və həmin
İqtisadiyyat İnstitutu nəzdində iqtisad elmləri sahəsində doktorluq
dissertasiya şurasının sədri vəzifəsində çalışan Müşviq Atakişiyevin
zərərçəkmiş şəxs Tariyel Əhmədovu işgüzar nüfuzuna və rektor vəzifəsində
qalmasına maneə kimi qəbul etməsi, bu səbəbdən qisas məqsədilə pul müqabilində
onun öldürülməsini öz qohumu Dəyanət Quliyevə sifariş verməsi, sonuncunun isə
həmkəndlisi Samir Quliyevlə birgə cinayət əməlini törətməsinə əsaslı şübhələr
müəyyən edilib.
Müşviq Atakişiyev (sifarişçi) və Samir Quliyev (icraçı) iş üzrə Cinayət
Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) maddəsilə
təqsirləndirilən şəxs qismində cəlb edilib, məhkəmənin qərarı ilə Müşviq
Atakişiyev barəsində vəzifədən kənarlaşdırmaqla həbs, Samir Quliyev barəsində
isə həbs qətimkan tədbiri seçilib.