Bakıda son günlər bir neçə yerdə insanlara “pulsuz pul” paylayan aparatlar quraşdırılıb. Belə ki, Nizami rayonu ərazisində bir neçə yerdə quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini, barmaq izini quraşdırılan aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər.
Cihaz pul çıxarılan tərəfi çölə olmaqla, iri supermarketlərin içərisində quraşdırılıb. Üzərində “Azpulmat” sözləri yazılan aparat kənardan bankomata bənzəsə də, funksiyası yuxarıda da qeyd etdiyimiz kimi borc pul verməkdir.
“Yeni Müsavat”ın əməkdaşı quraşdırılan aparatların birinin önündə olduğu zaman bəzi məlumatları əldə edə bilib.
Belə ki, aparatdan borc istəməyə gələn insanların çoxu işsizlərdir. Onların bir neçəsi ilə söhbət etdiyimiz zaman bildirdilər ki, aparatdan çox razıdırlar. Çünki qohumlarından, tanışlarından ala bilmədikləri borcu, bu dəmir parçası onlara 30 saniyə içərisində verir. Bəs nəyin qarşılığında?
Borc alan şəxslərin əksəriyyəti ali təhsili olmayan insanlar idi. Onlar hesab edirdilər ki, bu pulu onlara Mərkəzi Bank verir. Bir-biriləri ilə söhbətləri əsasında hələ belə cümlələr də işlədirdilər:
“Allah Milli Bankın (Mərkəzi Bank) yiyəsinə kömək olsun. İndiki zamanda qardaşın-qardaşa etmədiyi yaxşılığı bizə edir. Gürcüstanda bu aparatlardan çox görmüşük. Ancaq Azərbaycanda yox idi. 20 manat verir, beş günün içərisində 21 manat qaytarmalısan. Qaytarandan sonra 40 manat götürmək olur. Bu aparatın hesabına evimizə çörək aparırıq. Nəyi pisdir ki? Belə getsə, aparatı insanlar əziz adamları qədər çox istəyəcəklər…”
Bu, aparatı Mərkəzi Bankın bankomatı zənn edən sadə vətəndaşların fikirləri idi.
Bəs həqiqətdə necədir?
Əvvəla, qeyd edək ki, aparatlar 10 gündən çoxdur ki, Bakı ərazisində quraşdırılıb. Lakin bu barədə sosial şəbəkələrdə, mətbuatda geniş məlumat yoxdur. Araşdırmamız nəticəsində bir neçə iqtisadi ekspertlə də əlaqə saxladıq.
Onlar da bu cür aparatın mövcudluğundan bixəbər olduqlarını bildirdilər. Borc pul almağa gələnlər isə söylədilər ki, bu barədə məlumatı dost-tanışlarından alıblar. Dost-tanışlar hesabına bu gün aparatların qarşısında uzun növbələr əskik olmur. Aparatlarla bağlı “azpul.az” saytında bəzi informasiyalar yerləşdirilib.
Sayt bu aparatı quraşdıran şirkətə aiddir və tam işlək vəziyyətdə deyil. Lakin oradan bəzi məlumatları əldə etmək mümkündür. Saytda müştərilərin əlaqə saxlaması üçün nömrə də qoyulub. Həmin nömrə ilə əlaqə saxlayıb, bu aparatların hansı banka aid olduğunu öyrənməyə çalışdıq. Bildirildi ki, aparatlar heç bir banka aid deyil:
“Bu, sadəcə olaraq, lombarddır və heç bir banka aid deyil”.
Aparatların işləmə prinsipinə gəlincə, daha detallı qeyd edək ki, borc almaq istəyən şəxs şəxsiyyət vəsiqəsinin hər iki üzünü terminala tanıdır. “Azpul.az” saytında yazılanlara görə aparatda heç bir insan amili yoxdur:
“O, sizin icazəniz olmadan sənədlərinizin surətlərinə əsasən adınıza borc rəsmiləşdirmir. Sizin bütün şəxsi məlumatlarınız isə şirkətin qorunan serverlərində saxlanır və etibarlı şifrələmə alqoritmləri ilə qorunur”.
Şəxsiyyət vəsiqəsindən başqa borc alanın aparat tərəfindən barmaq izi götürülür, fotosu çəkilir. Minimum 5, maksimum isə 21 gün müddətinə borc pul verilir. 5 gün ərzində 20 manat və üstə gəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır.
Borcu götürən zaman bütün məlumatları daxil etdikdən sonra bir də mobil nömrənizi də yazırsınız. Nömrəyə xüsusi şifrə göndərilir və bundan sonra şifrəni yazıb, pulu çəkmək olur. Eyni nömrə, şəxsiyyət vəsiqəsi ilə borcu qaytarmadan növbətisini almaq mümkün deyil.
Ekspertlər bildirirlər ki, əslində bu sistem olduqca təhlükəlidir. Çünki əməliyyatın kim tərəfindən aparılması, hansı serverdə saxlanılması məlum deyil. Ona görə də insanların şəxsi məlumatları kimlərinsə əlinə keçir. Ekspertlər hesab edirlər ki, bu, insanlar üçün əlavə problemlərə yol aça bilər. Bundan əlavə, borc alan şəxslərin əksəriyyəti pulu qaytarmaq fikrində deyildilər.
Növbədə dayanan şəxslərin çoxu işsiz olduqlarını bildirirdilər. Bu isə onu deməyə əsas verir ki, proses ölkədə borclu vətəndaşların sayını bir qədər də artıra bilər.
Məlumata görə, məsələ ilə bağlı müvafiq qurumlar araşdırmaya başlayıblar və yaxın zamanlarda həmin qurumlar tərəfindən ictimaiyyətə açıqlama veriləcək.