32874b0e-5438-41ca-aa61-2eb818e77cf2..jpg

Bakıda qadın evdən qaçdı, gecəyarısı əri və oğlu…

Baxış sayı: 862 dəfə baxılıb.

Bakıda qadın evdən qaçdı, gecəyarısı əri və oğlu…
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Xətai rayonunda 1982-ci il təvəllüdlü Cəlal həyat yoldaşı Sevdaya
(adlar şərti verilib – red.) xəsarət yetirib.

Teleqraf.com xəbər verir ki, hadisə 9 may 2023-cü ildə “Təbrik” şadlıq
sarayının “Zümrüd” zalının arxasında baş verib.

Cəlal rəsmi nikahda olduğu həyat yoldaşı Sevdanı sosial şəbəkələrdən tanışlıq
məqsədilə istifadə etməsinə görə yaranmış mübahisə zamanı bıçaqla vurub.

İstintaq orqanı tərəfindən Cəlalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci
(qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəlal ona elan
olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, arvadı Sevda ilə
münasibətləri yaxşı olub: “Lakin arvadım Sevdanın son zamanlar sosial
şəbəkələrdən istifadə etməsi aramızda soyuq münasibətlərin yaranmasına səbəb
oldu. Ona bir neçə dəfə sosial şəbəkələrdən istifadə etməməsini bildirdim. Amma
dediklərimə məhəl qoymadı. Buna görə mobil telefonununu əlindən aldım.

Bir müddət sonra Sevda daha sosial şəbəkələrə daxil olmayacağını, yalnız
mənimlə əlaqə saxlamaq üçün mobil telefondan istifadə edəcəyini bildirdi. Ona
inandım, mobil telefonu geri qaytardım. Qısa müddət sonra yenidən bu məsələ
ortaya çıxdı. Qızım mənə Sevdanın başqa bir gizlin telefon işlətdiyini dedi.
Hətta həmin mobil telefonun qoruyucusunu da evdə tapdım. Lakin ona gizlin
telefon işlətdiyini sübut edə bilmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, məsələ ilə əlaqədar Sevdanın çox üstünə
düşməyib: “Növbəti gün işə getdim. İşdə olanda qızım mənimlə əlaqə saxlayıb
anasının evdən qaçdığını bildirdi. Sevdanın anası və qardaşı ilə onu axtarmağa
başladıq. Bir müddət sonra Sevdanın işlədiyini mənə bildirdilər. “Təbrik”
şadlıq sarayına gedərək orada Sevda ilə söhbət etməyə çalışdım. Məqsədim
aramızda olan mübahisəni həll etmək idi. Həmçinin azyaşlı övladlarım da
analarının evə qayıtmasını istəyirdilər.

Söhbət zamanı Sevdaya ailəmizin belə hala düşməsindən narahatlıq keçirdiyimi,
uşaqların da onu istədiklərini bildirdim. Sevdaya evə dönməyi xahiş etdim. O
isə məni təhqir etməyə başladı. Sevdaya təhqir etməməyi bildirdim. Amma buna
məhəl qoymadı.

Sevdanı başa salmaq üçün onu şadlıq sarayının arxasına apardım. Orada Sevdanın
təhqirlərinə dözməyərək evdən götürdüyüm bıçaqla ona xəsarət yetirdim”.

Təqsirləndirilən şəxs bildirib ki, törətdiyi əməldən peşmandır: “Bu hadisədən
bir neçə gün sonra barışdıq. Yenidən ailə kimi birlikdə yaşayırıq. Onun mənə
qarşı şikayət və tələbi yoxdur”.

İş üzrə zərərçəkmiş Sevdanın sözlərinə görə, Cəlalla 2006-cı ilin iyun ayında
ailə həyatı qurub: “Biz 2013-cü ilin martında rəsmi nikaha daxil olduq. Üç
övladımız var. Təxminən 2020-ci ilin ortalarından etibarən Cəlal qısqanclıq
zəminində mənimlə mübahisə etməyə başladı. Həmin səbəblərə görə 3-4 dəfə evdən
çıxaraq valideynlərimin yanına gedib qayıtmışam. Ardınca Cəlal mənə sosial
şəbəkəyə girə bilməməyim üçün mobil telefon istifadə etməyə icazə vermədi”.

Zərərçəkmiş şəxs qeyd edib ki, sonuncu dəfə yaşadıqları evdə olan zaman Cəlal
onun gizli mobil telefonunun olmasını bildiyindən aralarında mübahisə yaranıb:
“Bir gün sonra yaşadığımız evdə oğlum əlimdə mobil telefonu gördü və Cəlalla
aramızda yenidən mübahisə düşəcəyini bildirdi. Mən də oğluma qəzəbləndim,
Cəlalın yenidən mübahisə yaradacağını bildiyim üçün evdən çıxaraq getdim.
Rəfiqəm Günayın Binəqədi rayonu ərazisində dəqiq ünvanını bilmədiyim mənzilində
qaldım.

Xərclərimi ödəmək üçün sosial şəbəkə vasitəsilə tapdığım “Təbrik” şadlıq
sarayında qabyuyan işləməyə başladım. Həmin ərəfədə Cəlal mənim anam və
qardaşımla maraqlanıb baş verənlərdən xəbər tutdular, mənə zəng edərək evə geri
qayıtmağımı bildirdilər. Mən bundan imtina etdim”.

Zərərçəkmiş deyib ki, “Təbrik” şadlıq sarayında işdə olan zaman oğlu içəri
daxil olub və onu çölə çağıraraq söhbət etmək istədiyini bildirib: “Çölə,
“Zümrüd” zalının arxasına tərəf çıxdım. Orada oğlumla söhbət edən zaman Cəlal
bizə yaxınlaşdı, məni kənara çağırdı. O mənə evə qayıtmağımı, uşaqların məni
gözlədiyini bildirdi.

Mən “İnstagram” sosial şəbəkəsindən xəbərlərə və digər məlumatlara baxmaq üçün
istifadə etsəm də, bəzən tanımadığım hesablardan mənə ismarış gəlirdi. Cəlal
isə mənim başqa kişi ilə danışmağımı iddia etdiyindən ona çox qəzəbli idim.
Qısqanclıqdan bezdiyimdən ona kobud şəkildə “get” dedim.

Cəlal yenidən məndən evə getməyimi tələb etdikdə qışqıraraq onu təhqir etdim.
O, qəflətən sağ əli ilə şalvarının bel hissəsindən bıçaq çıxararaq məni vurmaq
istədi. Arxaya çəkildim, bıçaq sağ ayağımın bud nahiyəsinə xəsarət yetirdi.
Ardınca isə sinə və qarnımın sol yan nahiyəsinə iki dəfə zərbə endirdi. Bir
neçə dəqiqə sonra tanımadığım bir neçə nəfər gələrək təcili tibbi yardıma
məlumat verdilər. Sonra nə baş verdiyini xatırlamıram. Özümə gəldikdə, artıq
xəstəxanada idim”.

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü
ilə Cəlalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi
tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il 6 ay verilən cəza şərti
hesab olunub.

Source link