Bakıda qardaşları bıçaqlayan şəxsin cəzası azaldıldı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ali Məhkəmədə qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Kamal
Səfərlinin barəsindəki qərardan verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Hafiz Nəsibovun sədrliyi ilə
keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib, Bakı Apellyasiya
Məhkəməsinin çıxardığı qərar və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü
dəyişdirilib. Belə ki, onun doqquz il müddətinə azadlıqdan məhrumetmə cəzası
beş ilə endirilib.
İttihama görə, hadisə 2022-ci ilin aprel ayının 10-da günorta saatlarında
Binəqədi rayonu, R.Allahverdiyev küçəsində qeydə alınıb.
Belə ki, paytaxt sakini, 1993-cü il təvəllüdlü Kamal Səfərli mübahisə zamanı
Adəm Haqverdiyevi, onun qardaşı Zaqil Haqverdiyevi və qonşuluqda yaşayan Emin
Nəzərovu bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Daha sonra Kamal Camal oğlu Səfərli saxlanılaraq istintaqa təhvil verilib.
Cinayət materiallarında qeyd edilib ki, Kamal Səfərli hadisədən bir qədər
əvvəl zərərçəkmiş şəxslərdən birinin idarə etdiyi avtomobilin salonuna baxıb.
Həmin şəxs də buna görə təqsirləndirilən şəxsə irad bildirib. Daha sonra o bunu
bəhanə edərək hadisəni törədib.