Oktyabrın 7-də, saat 13 radələrində paytaxtın Nizami rayonu, 8-ci köndələn
küçəsində yerləşən sexdə partlayış baş verməsi barədə Nizami Rayon
Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Cixisyolu.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ilkin araşdırma zamanı qeyd olunan ünvanda yerləşən sexin
ərazidə, ümumi sahəsi təxminən 40 kvadratmetr olan qazanxanada yanğınla
nəticələnməyən partlayışın baş verməsi nəticəsində iki nəfər şəxsin xəsarət
alması müəyyən olunub.
Faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.
15:34
Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş
verməsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə
çağırış daxil olub.
Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə
Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib:
“Altı nəfər (üçü kişi, üçü qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə
TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunub. Onlardan bir
nəfərin vəziyyəti kritik ağır, bir nəfərin vəziyyəti ağır, iki nəfərin
vəziyyəti orta ağır, iki nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.
Hazırda onların zəruri diaqnostik müayinələri aparılır”.
“Təcili tibbi yardım briqadaları tərəfindən iki nəfərə (qadın cinsli) nevrotik
reaksiya diaqnozu ilə yerində yardım göstərilib.
Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı şəxs
(qadın cinsli) isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib”, –
deyə məlumatda qeyd olunub.
Məhərrəm Əliyev
14:31
“Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri,
Nizami rayonu, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi barədə
məlumat daxil olub”.
Bu barədə Cixisyolu.com-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN)
Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından
Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar:
“Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən ümumi sahəsi 40 m² olan
qazanxanada yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış nəticəsində bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb”.
“FHN-in qüvvələri tərəfindən ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır”, – deyə
məlumatda qeyd olunub.
Məhərrəm Əliyev