Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü
keçirilir – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi
məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm
üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir.
“Report”un məlumatına görə, görüş Dövlət Turizm Agentliyi və Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) birgə təşəbbüsü ilə baş tutur.
Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, Albaniya, Bolqarıstan, Gürcüstan,
Yunanıstan, Moldova, Rumıniya, Serbiya və Ukrayna daxil olmaqla təşkilatın 11
üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin
təmsilçiləri, eləcə də BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri
iştirak edirlər.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev QDİƏT
çərçivəsində görüşün üzv dövlətlərin turizm təhsili verən ali təhsil
müəssisələrinin bilik və təcrübə mübadiləsinin asanlaşdırılması baxımından
faydalı olduğunu vurğulayıb. F.Nağıyev turizm sektorunda iş yerlərinin
ildən-ilə çoxalması və karyera imkanlarını nəzərə alaraq Azərbaycan gənclərini
ixtisas seçərkən turizmyönümlü sahələrə üstünlük vermələrinə çağırıb.
QDİƏT-in baş katibi Lazar Komanesku çıxışında görüşün təşkilat çərçivəsində
turizm təhsili üzrə ilk belə hadisə olduğunu qeyd edərək tədbirin təşkil
edilməsi və Bakıda baş tutmasının Azərbaycanın QDİƏT-in məqsəd və vəzifələrinin
həyata keçirilməsinə verdiyi töhfələrin növbəti sübutu olduğunu bildirib.
L.Komanesku turizm sənayesinin sürətlə inkişaf etdiyi bir dövrdə təhsilin bu
sektorun gələcəyinin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O,
tədbir zamanı müzakirə ediləcək mövzuların təşkilata üzv olan dövlətlər
arasında əməkdaşlığın artmasına və sektordakı problemlərin həllinə təkan
verəcəyinə əminliyini qeyd edib.
Görüş çərçivəsində “Hökumət, akademiya və sənayenin əlaqələndirilməsi: Turizm
təhsilində ən yaxşı təcrübələr”, “Kurikulum dizaynı: Sabahın ehtiyacları üçün
turizm təhsilinin təkmilləşdirilməsi” mövzularında panel diskussiyalar,
həmçinin “Turizm təhsilində keyfiyyət təminatı və akkreditasiya” mövzusunda
dəyirmi masa keçirilib.
Müzakirələr zamanı əsas əməkdaşlıq sahələrinin və tərəfdaşlıq imkanlarının
müəyyən edilməsi, əməkdaşlığın təşviqində problemlər və potensial həll
yollarının müzakirəsi, məzunların turizm sektorunun tələblərinə hazır
olmalarını təmin etmək yolları, sənayedəki trendlərin təhlili və onların təlim
proqramlarına daxil edilməsi kimi mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirin ikinci günündə təşkilata üzv ölkələr arasında turizm təhsili üzrə
tərəfdaşlıq imkanlarının genişləndirilməsi mövzusunda dəyirmi masanın təşkili
nəzərdə tutulur.