Bakıda qeyri-adi oğurluq: Qadın götürdüyü pulları paltarının altında
gizlətdiyi çantaya doldururmuş
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda müxtəlif evlərdən oğurluq edən 30 yaşlı qadına hökm oxunub.
“Qaynarinfo”nun məlumatına görə, 1994-cü ildə Bakı şəhərində anadan olmuş
Fəridə Hüseynova (soyad şərti) Yasamal rayonu, Bəsti Bağırov küçəsi 6 saylı
binada mənzillərin birindən oğurluq edib.
Fəridə binanın beşinci mərtəbəsinə qalxıb və 14 saylı mənzilin qapısının aralı
olduğunu görüb. O, mənzildə heç kimin olmamasından istifadə edərək dolabdan 1
000 manat dəyərində, 750 əyyarlı ağ qızıldan hazırlanmış brilyant qaşlı üzüyü
və 250 manat dəyərində, 585 əyyarlı ağ qızıldan hazırlanmış qadın üzüyünü
oğurlayıb. Mənzildən çıxmaq istəyən zaman hamam otağından bir kişi çıxıb və
ondan evə niyə daxil olduğunu soruşub. Fəridə isə Nərmin adlı xanımı
axtardığını, orada yaşayıb-yaşamadığını soruşub və evi tərk edib.
Fəridə 5 avqust 2023-cü il tarixdə Bakıda qapısı açıq olan başqa bir mənzildən
də oğurluq edib. O, həmin mənzildən ümumilikdə 35 910 manat dəyərində (15 000
ABŞ dolları və 6 500 manat) nağd pul və qızıl-zinət əşyaları oğurlayıb.
Mənzilin sahibinin anası Larisa Biryukuva Fəridəni mənzildə görəndə ondan niyə
evə icazəsiz daxil olduğunu soruşub. Fəridə isə oğurluq izini itirmək üçün
cavab olaraq “Aysel hardadır” deyib və oranı tərk etmək istəyib. Bu zaman
Larisa Fəridəni tutmaq istəyib, lakin təqsirləndirilən şəxs qadını itələyərək
evdən qaçıb.
Fəridə hər iki oğurluğu məznillərdə sahibləri yaşaya-yaşaya törədib. Onun
oğurluq etməsindən heç kəsin şübhələnməməsinə səbəb Fəridənin üzərində
gəzdirdiyi qeyri-standart əl çantası olub. O, oğurluqdan götürdüyü pul və
qızılları paltarının altında gizlətdiyi çantanın içinə qoyurmuş.
Məhkəmənin qərarı ilə Fəridə Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və
177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə
təqsirli bilinib və dörd il müddətə azadlıqdan məhrum edilib.