f1931037-ec2c-4073-a1be-53519eada979..jpg

Bakıda “Qızıl Nar” uğrunda mübarizə başlayır

Baxış sayı: 2. 039 dəfə baxılıb.

Bakıda “Qızıl Nar” uğrunda mübarizə başlayır
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 10-dan 15-dək XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

“Report” xəbər verir ki, Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi
festivalın rəsmi tərəfdaşları Mədəniyyət Nazirliyi və Kino Agentliyidir.

Mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, xarici ölkələrin Azərbaycandakı
səfirliklərinin nümayəndələri, festivalın beynəlxalq tərkibli münsiflər
heyətinin üzvləri, həmçinin mədəniyyət və incəsənət xadimləri iştirak edəcəklər.

Bu il festivala 78 ölkədən 704 film göndərilib. Kino mütəxəssislərindən ibarət
seçim komissiyası bu filmlər arasından beynəlxalq, “Asiya istedadları” və yerli
müsabiqədə yarışan ekran əsərlərini müəyyənləşdiriblər.

Belə ki, beynəlxalq müsabiqədə 32 ölkəni təmsil edən 42 film, “Asiya
istedadları”nda 17 film, yerli müsabiqədə isə 26 film festivalın əsas mükafatı
olan “Qızıl Nar” uğrunda mübarizəyə qoşulur.

Bu il beynəlxalq müsabiqənin filmlərini “Qızıl Pəri” mükafatçısı, filmləri
Rotterdam, “Kinoşok”, Karlovı-Varı kimi nüfuzlu kinofestivallarda nümayiş
olunub mükafatlar qazanan Yavər Rzayev, Kann mükafatçısı, Moskva, Tokio
festivallarının baş mükafatçısı, rejissor Rza Mirkərimi, Berlinali mükafatçısı,
Moskva, Avrasiya, Varşava Film Festivallarının baş mükafatçısı, rejissor,
prodüser Fərhad Şərifov, tanınmış ssenarist, ssenari üzrə məsləhətçi Rulof Yan
Minnebu qiymətləndirəcəklər.

“Asiya istedadları”nın münsiflər heyətində Baykonur Beynəlxalq Film
Festivalının proqram direktoru, kinotənqidçi Ercan Cumabəyov, müasir Azərbaycan
nəsrinin tanınmış siması, yazıçı, ssenarist Şərif Ağayar, bir sıra beynəlxalq
kinofestivalların qalibi, rejissor, ssenarist Ramin Fərzanə yer alırlar.

Yerli müsabiqədə yarışan filmləri rejissor, ssenarist, teatr, kino və
televiziyada öz dəst-xətti ilə fərqlənməyi bacaran Əməkdar incəsənət xadimi
Mehriban Ələkbərzadə, Azərbaycan Jurnalistlər Birliyinin rəhbəri,
“Ayna”-“Zerkalo” qəzetlərinin təsisçisi və baş redaktoru olmuş Elçin Şıxlı,
müasir Azərbaycan kinosunun ən məhsuldar təsvir rejissorlarından olan Nadir
Mehdiyev qiymətləndirəcəklər.

Mobil telefonla çəkilən filmlərdən ibarət “Cinemobil” müsabiqəsində isə üç
film yarışacaq.

Festivalın müsabiqədənkənar maraqlı bölmələri də var. Belə ki, “British
Council”la əməkdaşlığın nəticəsi olaraq festival çərçivəsində İngiltərə Kino və
Televiziya Sənətləri Akademiyası tərəfindən verilən dünyanın ən məşhur mükafatı
– BAFTA namizədlərinin xüsusi nümayişi olacaq.

“Dili bizim”də dünyanın müxtəlif ölkələrində yaşayan həmyerlilərimizin
Azərbaycan dilində çəkdikləri filmlər göstəriləcək. “Panorama”da isə gələcəyinə
böyük ümidlər bəslənən müəlliflərin filmləri təqdim olunacaq.

Festivalda yer alan yerli və xarici qısa filmlər altı gün müddətində saat
11:00-dan Nizami Kino Mərkəzində nümayiş olunacaq.

Azərbaycan kinosunun 125 illiyinə həsr olunan “Retrospektiv”də müxtəlif
dövrlərə aid beş qısa film – Zaur Məhərrəmovun “Bakı eyvanları”, Nicat
Feyzullayevin “Yaşa, qızıl balıq”, Həsən Seyidbəylinin “Cazibə qüvvəsi”, Arif
Məhərrəmovun “Münəccimin şagirdi”, Rüfət Əsədovun “Vahimə” ekran əsərləri
göstəriləcək.

Həmçinin, festivalın açılış günü “Azərbaycan kinematoqrafiyasında xidmətlərinə
görə” bir neçə kino xadimi “Qızıl Nar” mükafatı ilə təltif ediləcək. Eyni
zamanda, festival müddətində tanınmış kinorejissor Rza Mirkəriminin “Şərq
rejissorunun özəlliyi” mövzusunda master-klası, qrafik dizayner Rəsul Həsənin
“Kinoda süni intellekt texnologiyasının tətbiqi” adlı müharizəsi baş tutacaq.

Kann, Venesiya, Berlin film festivallarında, “Oskar”da mükafat və uğur
qazanmış filmləri ölkəyə gətirən Bakı Beynəlxalq Qısa Filmlər Festivalı
Azərbaycanda kinematoqrafın təməllərindən hesab olunan qısa filmlərə marağın
artırılmasını, gənc kinematoqrafçıların həvəsləndirilməsi və onlara dəstəyi
özündə əks etdirir.

Source link