71183f73-4e8e-4521-9c8b-06fa85f5c9f9.jpg

Bakıda rektor prorektoru niyə öldürtdü? – Polis polkovnikinin 12 il sonrakı ETİRAFI

Baxış sayı: 260 dəfə baxılıb.

2011-ci il sentyabrın 16-da 1942-ci il təvəllüdlü Tariyel Əhmədovun meyiti
Yasamal rayonu, Şərifzadə küçəsi, 8 saylı yaşayış binasının qarşısındakı idman
meydançasında aşkar edilib. Cəsədi çevirdikdə göz qapaqlarının şişməsi, üzündə
qan ləkələrinin, başında çoxqəlpəli sınıqların olması müəyyən edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

O zaman KİV-də mərhumun turnikdən yıxılması və ya ürək tutmasından dünyasını
dəyişməsi versiyaları irəli sürülmüşdü. Bakı Baş Polis İdarəsi və Yasamal Rayon
Polis İdarəsinin rəhbərliyi hadisə yerində olub. 28-ci bölmədən əldə olunan
məlumata görə, T.Əhmədovun baş nahiyəsində xəsarət izləri aşkar edilib.
Hadisədən sonra “Təfəkkür” Universitetinin prorektoru Rahim Hüseynov mətbuata
açıqlama verib ki, ali məktəbin xüsusi bir versiyası yoxdur. Tariyel Əhmədovun
yaşlı insan olduğunu və heç kimlə düşmənçiliyi olmadığını deyib.

2023-cü ilin aprel ayında Daxili İşlər Nazirliyi 12 il əvvəl ağır cinayət
törədən şəxsin həbs edilməsi ilə bağlı məlumat yayıb. Məlum olub ki, bu 1977-ci
ildə İmişli rayonunda anadan olan, DİN-in 7-ci idarəsinin sabiq əməliyyat
müvəkkili Dəyanət Quliyevdir.

6 aydan sonra, noyabr ayında Baş Prokurorluq məlumat yayıb ki, DİN və Ədliyyə
Nazirliyinin Penitensiar Xidməti ilə birgə keçirilən çoxsaylı istintaq və
əməliyyat tədbirləri nəticəsində cinayətin sifariş əsasında törədilməsinə dair
sübutlar əldə edilib. Belə ki, fəaliyyəti dayandırılmış “Təfəkkür”
Universitetinin sabiq rektoru Müşfiq Atakişiyev qisas məqsədi ilə Tariyel
Əhmədovun qətlini qohumu Dəyanət Quliyevə sifariş verib, o isə cinayəti tanışı
Samir Quliyevlə birgə törədib. Məlum olub ki, İmişi rayon sakini, 1984-cü il
təvəllüdlü Samir Quliyevin barəsində aprel ayında İmişli Rayon Polis Şöbəsinin
İstintaq Bölməsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan
narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama) maddəsi
ilə cinayət işi başlanılıb. Noyabrın 3-də o, sözügedən iş üzrə CM-nin
120.2.5-ci (tamah məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən
şəxs qismində cinayət məsuliyyətinə cəlb edilib. Noyabrın 15-də Binəqədi Rayon
Məhkəməsinin qərarı ilə qətlin sifarişçisi, 1966-cı ildə İmişli rayonunda
anadan olan Müşfiq Atakişiyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri
seçilib. O, Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun icraçı
direktoru və eyni zamanda İqtisad elmləri sahəsində Doktorluq Dissertasiya
Şurasının sədri vəzifələrindən kənarlaşdırılıb.

İbtidai istintaq zamanı, Müşfiq Atakişiyevin və Dəyanət Quliyevin
istifadəsində olmuş mobil telefonlara baxış zamanı, D.Quliyevin aprelin 24-də
“Whatsapp” proqramı vasitəsilə M.Atakişiyevlə 21 dəqiqə danışdıqdan sonra, saat
17:18-də 102 xidmətinə zəng edib, adam öldürməsini bildirməsi müəyyən edilib.
Bundan başqa, Dəyanət Quliyevin “Pin-up” mərc oyunlarını dəstəkləyən mobil
proqram vasitəsilə uzun müddətdir qumar oynaması, tutulduğu gündən əvvəl – yəni
aprelin 23-də oyun nəticəsində 2 410 manat uduzması məlum olub.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, Müşfiq Atakişiyev ” Təfəkkür” Universitetinin
rektoru vəzifəsində işləyərkən Universitetin digər təsisçisi – Elmi işlər üzrə
prorektor vəzifəsində çalışan Tariyel Əhmədov onun haqqında rektor kimi
fəaliyyəti dövründə qanun pozuntularına yol verməsi barədə məlumatlar yayıb.
Atakişiyev düşünüb ki, bu gedişlə o, nüfuzdan düşəcək və Əhmədov təsisçilərin
yığıncağında onun yerinə rektor seçilməyə nail olacaq. Bu səbəbdən Müşfiq
Atakişiyev Tariyel Əhmədovu özü üçün işgüzar nüfuzuna və vəzifədə qalmasına
maneə kimi qəbul edib. O, qisas motivi ilə Tariyel Əhmədovun öldürülməsini
sifariş vermək qərarına gəlib. Bu məqsədlə 2011-ci ilin avqust və sentyabr
aylarında bacısı oğlu Dəyanət Quliyevə, “Təfəkkür” Universitetini
müvəfəqiyyətlə bitirməsinə, DİN Xüsusi Əməliyyat – Axtarış Tədbirləri Baş
idarəsində işə qəbul edilməsinə, ailə qurmasına və mənzil əldə etməsinə kömək
etməsinə söz verib. Əvəzində Tariyel Əhmədovu hər hansı üsulla öldürməsini
təklif edib. Dəyanət Quliyev dayısı Müşfiq Atakişiyevin sifarişini qəbul edib,
amma Tariyel Əhmədovla aralarında şəxsi tanışlıq münasibətləri olduğundan,
cinayəti icra etməsini tanışı və həmyerlisi Samir Quliyevə təklif edib. Onunla
Tbilisi prospekti ilə Əbdülvahab Salamzadə küçəsinin kəsişməsinin yaxınlığında
görüşərkən, qətlin qarşılığında ona həmin dövrün məzənnəsi ilə 40 000 dollar
verəcəyini bildirib. Samir sentyabrın 16-ı səhər saat 4 radələrində taksi ilə
Yasamal rayonu, Mirəli Seyidov və İsfəndiyar Zülalov küçələrinin kəsişməsinə
gələrək, ordan Tariyel Əhmədovun hər səhər idman etdiyi Şərifzadə küçəsi, 8
saylı ünvanın qarşısında yerləşən idman meydançasına doğru piyada hərəkət edib.
Meydançanın girişindəki qarajların yaxınlığında gizlənərək həmin şəxsin ora
gəlməsini gözləyib. Təxminən saat 05:30-da qaçışa başlayan Tariyel Əhmədova
arxadan hücum edib, dəmir boru ilə baş nahiyəsinə və kürəyinə çoxsaylı ardıcıl
zərbələr endirib. Bu hərəkəti ilə Samir Quliyev Tariyel Əhmədovu öldürüb.

İş üzrə dindirilmiş Samir Quliyev bildirib ki, 2011-ci ildə Tariyel Əhmədovu o
öldürüb. Belə ki, uşaqlıq dostu Dəyanət Quliyevlə hadisədən 10-15 gün əvvəl
restoranda görüşüblər:

“Dəyanət Tariyel adlı şəxslə aralarında narazılıq olduğunu və onu öldürmək
lazım olduğunu bildirərək, müqabilində 40 000 dollar verəcəyini təklif edib.
Ona “dostuq, əgər sənə problem yaradırsa, öldürərəm” söyləyərək razılaşdım.
Növbəti gün saat 5 radələrində Dəyanət məni “Titanik” otelindən götürüb Yasamal
ərazisində yerləşən idman meydançasına apardı və Tariyel Əhmədovu mənə
göstərdi. O, avtomobilindəki paslı dəmir borunu gətirib mənə verərək Tariyelin
şəkər xəstəsi olmasını və bir zərbə vursam, onun öləcəyini dedi. Bundan sonra,
təxminən bir həftə ardıcıl, sübh tezdən tək idman meydançasına gedib Tariyel
Əhmədovu izləməyə başladım. Sentyabrın 16-ı səhər saat 5 radələrində qarajlar
tərəfdə dayanarkən, həmin şəxsin meydançaya gəlib, gəzişməyə başladığını gördüm
və yaxşı fürsət yarandığını qətiləşdirdim. Yanından keçib, arxası mənə tərəf
olanda yaxınlaşıb boru ilə Tariyelin baş nahiyəsinə, yerə yıxıldıqdan sonra da
bir dəfə belinə zərbə endirdim. Tariyelin hərəkətsiz vəziyyətdə qaldığını görüb
öldüyünü düşündüm. Həmin vaxt ətrafda heç kim yox idi. Cəld gəldiyim
istiqamətdə, qarajlar tərəfə qaçanda, cinayət alətini tulladım. Piyada
Musabəyov parkına, ordan taksi ilə “20 Yanvar” metrosunun yanına getdim.
Dəyanətə zəng edib, “tapşırdığını elədim, gedirəm rayona” dedim. İmişli
rayonuna çatandan sonra, telefonu və nömrəni sındırıb kanala atdım. Bir neçə
gündən sonra Dəyanətlə görüşmək üçün Bakıya gəldim. Nizami küçəsində
görüşərkən, dostum mənə 5 000 manat verdi. Sonra ayrı-ayrı tarixlərdə o,
hissə-hissə mənə təxminən 38 000 manat verdi.

Öldürdüyüm şəxsin kim olduğunu bilmirdim. Hadisənin səhərisi günü,
televiziyalarda xəbərlərdə yayılan məlumatlarda Tariyel Əhmədovun “Təfəkkür”
universitetinin prorektoru işlədiyini bildim.

2013-cü ildə birdən-birə Dəyanətin maddi imkanının artdığını, “BMW X5” və
digər avtomobillər aldığını, habelə qumarda 177 000 manat uduzduğunu öyrəndim.
Həmin ərəfələrdə Bakıda, xatırlamadığım kafedə oturanda, Dəyanət öldürdüyüm
qoca kişinin dayısı Müşfiqin müavini işlədiyini, Tariyelin Müşfiqin barəsində
mətbuatda pis məlumatlar paylaşdığını və məqsədinin onun yerinə keçmək olduğunu
bildirdi. “Dayımın əlinə-ayağına dolaşırdı, ona görə də öldürtdürdü” dedi.
Dəyanət mənə hər şeyin yaxşı olacağını söyləyərək, səbirli olmağımı və heç kimə
keç nə danışmamağımı tapşırdı. Şəxsən Müşfiq Atakişiyevlə heç vaxt
görüşməmişəm. 12 il ərzində Bakıda iki dəfə saxlanıldım. Təxminən 2015-ci ildə
Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən
qumar oyununa görə və Nərimanov Rayon Polis İdarəsinin 16-cı PŞ əməkdaşları
tərəfindən marixuana istifadəsinə görə tutulmuşam. Birinci halda öz hesabıma
buraxılsam da, ikinci dəfə Dəyanətin vasitəsi ilə şöbədən buraxıldım. 2023-cü
ilin aprel ayında dostum polisə təslim olandan sonra, mənim də yaxınlarda
tutulacağımdan çox narahat olmağa başladım və buna görə hər şeyi anama
danışdım”.

Dəyanət Quliyev bildirib ki, 1994-98-ci illərdə “Təfəkkür” Universitetində
təhsil alıb. Dayısı Müşfiq Atakişiyev həmin dövrdə orda maliyyə şöbəsinin
müdiri işləyib:

“Ümumiyyətlə atam tez vəfat etdiyindən dayım daim bizim ailəyə maddi və mənəvi
dəstək göstərib. Sonralar Müşfiq Atakişiyev universitetin prorektoru və rektoru
vəzifələrində işlədi. 2015-ci ildə sosial şəbəkələrdə barəsində çoxlu sayda,
guya rüşvət faktlarına yol verməsi barədə məlumatlar yayıldığı üçün öz ərizəsi
ilə işdən çıxdı. 2011-ci ilin avqust ayında dayımın Teymur Əliyev küçəsində
yerləşən evində olarkən, Müşfiq mənə prorektor Tariyel Əhmədovun dinc
dayanmadığını və haqqında mətbuatda onu nüfuzdan salan məlumatlar dərc
etdirdiyini, buna son qoymaq məqsədi ilə həmin şəxsin səsini kəsmək lazım
olduğunu bildirdi. Mənə, “Tariyeli elə vur ki, xəstəxanalıq olsun, qalanı
mənlikdi” dedi. Əvvəllər Müşviqin Tariyellə münasibəti yaxşı olsa da, sonradan
aralarında narazılıq yarandı. Söhbətdən 15-20 gün keçəndən sonra rastlaşanda
dayım mənə “bir dənə iş tapşırdım sənə, bacarmadın” dedi. Müşviqə cinayəti
törətməyi kənar şəxsə tapşırdığımı söyləmədim. Samir Quliyev razılaşandan
sonra, sentyabr ayında yaşadığı binanın yanında, meydançada idman edən Tariyel
Əhmədovu ona göstərdim və maşının yük yerində saxladığım dəmir borunu Samirə
verdim. Ayın 16-da Samir Tariyeli öldürdü. Samirə müxtəlif vaxtlarda və
yerlərdə hissə-hissə 30-35 000 manat verdim. Hər dəfə Samirin mənə zəng edib,
pul istəməsindən arvadım Elnarə şübhələnmişdi. Səbəbini soruşanda yoldaşıma,
dayımın mənə Tariyel Əhmədovu öldürməyi tapşırdığını, mən də cinayəti tanışım
Samirdən törətməsini xahiş etdiyimi dedim.

4-5 ildən sonra Müşfiq məni evinə çağırıb bu haqda soruşanda mən, “özüm edə
bilmədim, amma narahat olma etibarlı uşaqdı, Dağıstanda yaşayır” dedim. Dayım
isə bu işə başqa adamı qatdığıma görə məni danladı. Samirin gələcəkdə bizi
şantaj edə biləcəyini bildirərək, həmin vaxtdan etibarən narahat yaşamağa
başladı. Samir tez-tez müxtəlif polis şöbələri tərəfindən narkotik istifadəsinə
görə saxlanılırdı. Təxminən 2017-ci ildə maddi imkanım yaxşı vəziyyətdə
olmadığı vaxt Samir Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin
əməkdaşları tərəfindən üzərində narkotik vasitə ilə saxlanıldı. Bölmədən mənə
tutulması haqda xəbər göndərdi. Məcbur qalıb, bölməyə yollandım və
xatırlamadığım şəxslərlə görüşüb, Samiri sərbəst buraxdırdım. Narkotik
vasitələr istifadə etməkdə davam edən Samir, növbəti dəfə, 2023-cü il aprelin
23-də İmişli rayonunda tutuldu. Ayın 24-də axşam mən sərxoş halda dayıma zəng
edərək, Zirəddin adlı tanışıma qumarda 2 000 manat uduzduğumu və mənə pul lazım
olduğunu deyib. Müşfiq pul verməkdən imtina edərək, məni acıladı. “Bezdiyimi və
polisə gedəcəyimi” söyləyəndə, dayım “artıq onu şantaj etdiyimi” bildirdi”.

Zərərçəkmiş şəxsin hüquqi varisi qismində Zaur Əhmədov ifadəsində göstərib ki,
atası Tariyel Əhmədovun sözlərinə görə, Müşfiq Atakişiyevin maliyyə məsələləri
ilə bağlı fırıldaq hərəkətləri səbəbilə onların münasibəti pozulub:

“2011-ci il sentyabrın 16-ı səhər saat 9 radələrində bacım Sevinc mənə zəng
edib, ağlaya-ağlaya atamın idman meydançasında yıxılıb, öldüyünü dedi.
Hadisədən sonra evdə, selofan torbanın içərisində mərhum atamın Atakişiyevin
barəsində dövlət orqanlarına ünvanlanmış şikayət ərizələrini tapdım. Dəyanət və
Samirin adlarını ilk dəfə istintaq zamanı eşitmişəm. Müşfiq Atakişiyev atamın
onun barəsində ifşaedici məlumatlar yaydığını bilirdi. Müşfiq Tariyel Əhmədovun
ətrafının geniş, yüksək vəzifəli dost-tanışının olmasından ehtiyat edib, üzünə
gülsə də həmişə atamı özünə rəqib sayırdı. Atam həmişə “gec-tez rektor olmaq
mənə nəsib olacaq, o kreslonu mənim haqqımı yeyənlərə vermərəm” deyirdi. Hesab
edirəm ki, Atakişiyev rektor vəzifəsini itirəcəyindən qorxub və çıxış yolunu
Taiyel Əhmədovu öldürməkdə görüb”.

Şahid Babək Aslanov ifadəsində göstərib ki, 1991 -ci ildə Tariyel Əhmədovun
qızı Sevinc Aslanova ilə ailə həyatı qurub:

“2011-ci il sentyabrın 16-da Tariyel müəllimin sürücüsü bizə gələrək,
qayınatamın idman meydançasında yıxılıb öldüyünü, polis əməkdaşlarının və çoxlu
sayda insanların toplaşdığını dedi. Tələsik paltarlarımı geyinib, aşağı düşdüm.
Meydançada, hasarın yanında idman geyimində olan Tariyel müəllimin meyitinin
yerdə uzandığını gördüm. Əvvəl qohumumun turnikdən yıxılaraq, öldüyünü zənn
etsəm də, sonradan onun naməlum şəxslər tərəfindən öldürüldüyünü öyrəndim. Yas
yerinə gələn Universitetin rektoru Müşfiq müəllimlə mübahisəmiz yarandı”.

Şahid Elnarə Quliyeva ifadəsində göstərib ki, aprelin 24-də həyat yoldaşı
Dəyanət Quliyev dayısı Müşfiqlə telefonla danışanda deyib ki, kiməsə pul borcu
var:

“Daha sonra ərim bu əzabla yaşaya bilmədiyini, polisə zəng edib, hadisə barədə
məlumat verəcəyini bildirdi. Dəyanətə içkili olduğunu, yatıb durandan sonra
ayıq başla danışmasını dedim. Yoldaşım isə razılaşmayaraq, polisə zəng etdi və
Tariyel Əhmədovu öldürməsi haqda məlumat verdi”.

Şahid Rəfail Şirinov ifadəsində göstərib ki, 2011-ci il sentyabrın 16-ı səhər
saat 06:50-də yaşadığı evin yaxınlığındakı idman meydançasına gəlib:

“İdman edərkən, dəmir konteynerin yanında qaraltı görüb yaxınlaşdım. Baxanda,
bir kişinin yerdə, üzü üstə uzanmış, hərəkətsiz vəziyyətdə qaldığını gördüm.
Səsləsəm də, həmin şəxs cavab vermədi. Saat 6:57-də 102 xidmətinə zəng edərək,
məlumat verdim. 10-15 dəqiqədən sonra polis əməkdaşları hadisə yerinə gəldilər”.

İş materiallarına əsasən, 2012-ci il aprelin 25-də 13 saylı dövlət notariat
kontorunda 78 650 manat (100 000 ABŞ dolları) məbləğində pulun ödənilməsi
şərtilə Zemfira Cəbrayılova, qızı Sevinc Aslanova və oğlu Zaur Əhmədov Tariyel
Əhmədovun təsisçi payından universitetin rektoru Müşfiq Atakişiyevin xeyrinə
imtina ediblər.

Məhkəmədə və istintaqda verdiyi ifadələr arasında ziddiyət yarandığınıdan,
Müşfiq Atakişiyevin prokurorluqda verdiyi ifadəsi elan olunub. Yazılanlara
əsasən o, 1993-cü ildən Dövlət Neft Akademiyasında müəllim işləyə-işləyə, eyni
zamanda 2002-ci ilə kimi “Təfəkkür” Universitetinin Maliyyə İdarəsinin müdiri
vəzifəsində çalışıb. 1994-cü ildə Universitetin rektoru Şaiq Abdullayev
vəzifəsindən azad olunub. Onun yerinə Mail Dəmirli təyin olunub. 2002-ci ildə
Ali Məhkəmənin qətnaməsi ilə Şaiq müəllim rektor vəzifəsinə bərpa olunaraq,
bütün təsisçilik hüququ ona verilib. Bundan sonra Şaiq Abdullayev ümumi iclas
keçirərək, təsisçilik hüququnu özü də daxil olmaqla 4 nəfər arasında bölmək
qərarına gəldiyini bildirib. Təsisçilik hüququ Şaiq müəllim daxil olmaqla ona,
Universitetin Elmi işlər üzrə prorektoru Taryel Əhmədova və Tədris işləri üzrə
prorektoru Rahim Hüseynova həvalə edilib. Şaiq Abdullayevin müvafiq əmri ilə
Müşfiq Atakişiyev Universitetin rektoru vəzifəsinə təyin olunub. 2003-cü ildə
Şaiq müəllim dünyasını dəyişib. Bacısı Fəriqanın xahişi ilə oğlu Dəyanəti 94-cü
ildə universitetə qəbul etdirib. O, rektor seçiləndən sonra Tariyel Əhmədovla
aralarında sanki soyuqluq yaranıb. Arxasınca müxtəlif sözlər danışdığını bilsə
də, bir ağsaqqal kimi onun hörmətini saxlamaqda davam edib. 2011-ci ilin avqust
ayında eşidib ki, Tariyel rektor olmaqdan ötrü fəaliyyətə keçib. Buna görə də
Müşfiq Atakişiyev Əhmədovu bir müddətlik işindən uzaqlaşdırmaq qərarına gəlib.
Uşaqlıqdan gözünün qabağında böyüyən Dəyanətə, Tariyelin onun yerinə göz
dikdiyini, rektor olmağa hazırlaşdığını, buna görə də bunun qarşısını almaq
lazım olduğunu bildirib. Dəyanətə, “Elə eləmək lazımdır ki, Tariyel 1-2 ay
Universitet tərəfə gəlməsin, xəstəxanalıq olsun” deyib. Əhmədovu Universitetin
qarşısında avtomobillə vurmağı və ya yolda başına daş parçası ilə xəsarət
yetirməyi tapşırıb. O, başa düşürdü ki, hətta Tariyel öz evində xəstəlikdən
ölsə belə, hamı ondan şübhələnəcək. Dəyanət münasib bir yol tapıb, cinayəti
edəcəyinə söz verib. Ancaq Müşfiq Dəyanətin cinayəti Samirə sifariş verdiyini
bilməyib. Bacısıoğlu ilə razılaşıb ki, cinayəti törədəndən bir müddət sonra
onun ətrafında görünməsin və telefonla əlaqə saxlamasın. Xəbərlərdə Tariyelin
öldürüldüyünü eşidəndə bir anlıq Dəyanətin onun “başına iş açdığını” düşünüb
həm əsəbiləşib, həm də qorxub. Həqiqətən də bu illər ərzində, rəsmi olmasa da
hamı onu Tariyelin ölümündə ittiham edib. Bacısıoğlunu bir neçə ay
danışdırmayıb, hadisədən bir müddət sonra görüşəndə, Dəyanəti sərt şəkildə
danlayıb. Cinayətə Samir adlı 3-cü şəxsin cəlb olunduğunu öyrənib.

Son sözündə Samir Quliyev özünü yalnız Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən
adam öldürmə) maddəsi ilə təqsirli hesab etdiyini bildirib. Dəyanət Quliyev və
Müşviq Atakişiyev özlərini təqsirli bilməyiblər. Atakişiyev özünü Cinayət
Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan
zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib.

Məhkəmə hesab edib ki, istintaq orqanı tərəfindən Müşfiq Atakişiyev və Dəyanət
Quliyevin əməlləri Cinayət Məcəlləsinin 32.3, 120.2.5-ci (sifarişlə qəsdən adam
öldürmə əməlini təşkil etmə) maddələri ilə, Samir Quliyevin əməli Cinayət
Məcəlləsinin 120.2.5-ci (sifarişlə qəsdən adam öldürmə) maddəsi ilə düzgün
tövsif edilib və məhkəmə zamanı tam sübuta yetirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Müşfiq Atakişiyev, Dəyanət Quliyev
və Samir Quliyev hər biri cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində
çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.

Source link