Bakıda restoranlarda karta pul atmasan, masa rezerv etmək olmur: “Bəziləri
üztanıma sisteminə keçib” – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Restoranlarda onlayn rezerv zamanı depozit tələb edilməsi müştərilərin
narazılığına səbəb olub. Masa rezerv etmək üçün zəng edən müştərilərə iaşə
obyektlərinin əksəriyyətində bildirilir ki, karta pul atmasalar, sifarişləri
mümkün olmayacaq. Rezerv edildiyi halda restorana 15 dəqiqə gec gedildiyi zaman
isə həmin masa başqa müştəriyə verilir, pul da geri qaytarılmır.
Bəs görəsən, restoranların bu tələbi qanunidirmi? Hüquqi cəhətdən necə
tənzimlənməlidir?
Cixisyolu.com-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov
istehlakçı hüquqlarının bu məsələdə pozulduğunu bildirib:
“Ölkədə belə bir problem var: biznes qurumları üçün qeyri-adi toxunulmazlıq
yaradılıb. Bu kimi şikayətlər olanda məsələ qaldırırıq. Deyirlər ki, öz
əraziləridir, özləri bilərlər. Restoranların bəziləri müştəriləri içəri üz
yoxlaması ilə buraxırlar. Bir qismi yanında qadın olmayanların girişinə icazə
vermir. Əksəriyyəti isə masanın yönünə görə əlavə pul alır. İndi də Ramazan
ayından istifadə edirlər. Bir nəfər üçün iftar süfrəsi 100 manat təşkil edir.
Bunların hamısı anormal hallardır. İstehlakçı hüquqlarının pozulmasına gətirib
çıxarır. Qanun qadağa etmir deyə belə hallar baş verir. Restoranda masa sifariş
edəndə depozit istəyirlər. Depozit üçün pul VÖEN-ə bağlı olan karta
göndərilməlidir, kiminsə şəxsi hesabına yox. Çünki əks halda vergidən yayınma
məsələsi qaçılmazdır. Əgər şəxs öncədən ödəniş edibsə, masada olan zaman həmin
şəxsə, yəni istehlakçıya çek təqdim olunmalıdır. Çox təəssüf ki, bu kimi
problemlər yaşanır”.
Hüquqşünas Əliməmməd Nuriyev də qeyd edib ki, restoranlarda bu məsələlər
tənzimlənmir:
“Rezerv üçün pulun kartdan-karta atılması qeyri-qanunidir, vəsaiti vergidən
gizlətmədir. Bütün hallarda çeklər verilməlidir. Çünki pullar kiminsə fərdi
kartına atılır.
Bir sıra restoranlar var ki, öncədən rezerv tələb olunsa da, buna görə pul
istəmirlər. Müddətlə bağlı tələb qoya bilərlər. Tutaq ki, 19:00-a masa rezerv
olunubsa, gecikmə varsa, müştəri bu barədə məlumat verməlidir. Məlumat
verilmədikdə masa başqasına verilə bilər”.
Ə.Nuriyev əlavə edib ki, əgər pul tələb olunursa, yazılı müqavilə
göndərilməlidir:
“Əvvəlcə müqavilə göndərilməlidir. O zaman tələb edənin hesabına vəsait
köçürülə bilər. Restoranlar da boş qalmaq istəmirlər. Ona görə əvvəlcədən beh
almağa çalışırlar”.
Məsələ ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən
Cixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, qanunvericiliyə uyğun olaraq,
icraçı istehlakçını maraqlandıran xidmətin qiyməti, istehlak xassələri, təminat
öhdəlikləri və iddiaların irəli sürülməsi qaydası və üsulları ilə yanaşı,
xidmətin əldə edilməsi şərtləri barəsində də ona zəruri və düzgün məlumat
verməlidir:
“Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 03.04.2014-cü il tarixli 94
nömrəli Qərarına əsasən, istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar
mülkiyyətçi və ya obyektin rəhbəri tərəfindən təsdiq edilmiş menyu, çeşid
siyahısı və yaxud digər üsullarla çatdırılmalıdır. Xidmət şərtləri, o cümlədən
qiymətlər qanunvericiliklə müəyyən edilmiş ayrı-ayrı istehlakçı
kateqoriyalarına güzəştli xidmətlərin göstərilməsi halları istisna olmaqla
bütün istehlakçılar üçün eyni (bərabər) müəyyən edilməlidir.
Qanunvericilikdə nəzərdə tutulan bu məlumatların istehlakçıya verilməməsinə
görə icraçı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun
olaraq məsuliyyət daşıyır.
“Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna əsasən, sahibkarlar qanunvericiliyə
əməl etməklə təsərrüfat-maliyyə fəaliyyətini müstəqil həyata keçirmək, məhsul
göndərənləri və istehsal olunan məhsulun, göstərilən işlərin və ya xidmətlərin
istehlakçılarını seçmək, öz xidmətləri üçün qiymətləri sərbəst müəyyənləşdirmək
hüququna malikdirlər. Məhsul və xidmətin ödənişi zamanı isə vergi və digər
sahələrdə qanunvericilik aktlarının tələblərinə əməl olunmalıdır.
Hazırda istehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara ictimai iaşə
müəssisələrində müxtəlif qiymət və şərtlərlə xidmətlər təklif olunur,
istehlakçıların onların arasından qiyməti və şərtləri daha uyğun olan xidməti
seçmək hüququ var”.
Məsələ ilə bağlı bir neçə restoranla əlaqə saxlamağa çalışsaq da, zənglərimiz
cavabsız qaldı.
Nəzrin Vahid