Bakıda yeyib-içib məşhur restoranların sahibini döyən ofisiant azadlığa
buraxılıb.
“Qaynarinfo”nun məlumatına görə, 1991-ci ildə Ağcabədi şəhərində doğulmuş
Kənan Fərəcov (soyad şərti) Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən iki
restoranın sahibi olan Fərhad adlı şəxsi döyüb.
Belə ki, restoranda Fərhad dostlarına qonaqlıq verib və Kənan Fərəcov ofisiant
kimi onlara qulluq edib. Kənan içkili halda müdirinə qulluq edən zaman viski
şüşəsini içərisi dolu halda əlindən salaraq sındırıb. Bu zaman sahibkar
əsəbiləşərək, onun restorandan qovulmasını tələb edib. Kənan Fərəcov isə həmin
günə görə ödənişini sahibkardan istəyib. Lakin sahibkar buna etiraz etdiyi üçün
təqsirləndirilən şəxs onun sifətinə şillə ilə vurub. Nəticədə sahibkarın burnu
sınıb. Hadisə yerini tərk edən Kənan Fərəcov həmin günün səhəri polis
tərəfindən saxlanılıb.
Hadisədən bir müddət sonra Kənan Fərəcov müdirindən qisas almaq üçün həmin
restoranın giriş qapısının şüşəsini sındıraraq, ora oğurluğa girib. O, əvvəlcə
restoranda spirtli içki qəbul edib. Sərxoş vəziyyətdə müxtəlif əşyaları
sellofan paketlərə yığandan sonra zalda yuxuya gedib. Səhər saatlarında
restoranın işçiləri onu görərək, polisə müraciət ediblər.
12 yanvar 2024-cü il tarixli Səbail Rayon Məhkəməsinin hökmü ilə
təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 29,177.2.3-cü maddələrində nəzərdə
tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 1 il, 6 ay müddətinə
azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Sonuncu hadisədən sonra sahibkar onu döyməsi ilə bağlı da təqsirləndirilən
şəxs barəsində yenidən Səbail Rayon Məhkəməsinə şikayət edib. Məhkəmə isə
sahibkarın şikayətini rədd edib. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin
221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli
bilinsə də, onun cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən barəsində
cəza təyin edilməyib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə
getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.