Ali Məhkəmədə sabiq məmuru güllələməkdə təqsirləndirilən Ramil Hüseynlinin barəsində olan hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
ÇıxışYolu.Com xəbər verir ki, hakim Hafiz Nəsibovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilməyib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq məmurun güllələnməsini sifariş verməkdə təqsirləndirilən Ramil Hüseynli ilə Günel Süleymanovun hər biri 16 il, Rasim Süleymanov səkkiz il, Ramin Həsənov yeddi il, Əlikubar Kübarov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, 2016-cı il aprelin 11-də saat 05:30 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsi, 3 saylı binanın qarşısında 1973-cü il təvəllüdlü Hüseyn Qasımova odlu silahla xəsarət yetirilməsi faktına görə rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-ci (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə torədildikdə) və 228.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.
Müəyyən edilib ki, aprelin 9-da 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunmuş R.Hüseynli tanışı G.Süleymanova ilə qabaqcaqdan əlbir olub cinayət əlaqəsinə girərək, H.Qasımovu 40 min manat müqabilində öldürmələri barədə razılığa gəlib, aprelin 11-də sonuncunun yaşadığı ünvana gəliblər.
H.Qasımov binadan çıxıb avtomobilinə oturmaq istədikdə, R.Hüseynli qanunsuz olaraq gəzdirdiyi “Kalaşnikov” markalı avtomat silahdan H.Qasımova bir neçə atəş açaraq onu qəsdən öldürməyə cəhd edib, lakin iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyib.
Bundan başqa, G.Süleymanova atası R.Süleymanovla qabaqcadan əlbir olub H.Qasımovun etibarından sui-istifadə edib, sonuncunun oğlu Orxan Xəlillinin həbsdən azad olunmasına köməklik edəcəyini vəd edib, külli miqdarda pulunu ələ keçirərək dələduzluq ediblər.
Bakı Şəhər Prokurorluğunun İstintaq İdarəsi tərəfindən aparılmış istintaq tədbirləri nəticəsində cinayətin R.Hüseynli, G.Süleymanova və R.Süleymanov tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından onlar tutularaq istintaqa cəlb olunub, R.Hüseynli 29,120.2.1 (tamah məqsədi ilə və ya sifarişlə qəsdən adam öldürməyə cəhd), 29.120.2.5 və 228.1-ci, G.Süleymanova Cinayət Məcəlləsinin 29,120.2.1, 29.120.2.5 və 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), R.Süleymanov isə 178.3.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
R.Hüseynlinin kirayədə yaşadığı evdən bir ədəd “AKM” markalı avtomat silah və ona aid içərisində 22 ədəd patronlar olan 1 ədəd daraq aşkar edilərək maddi sübut kimi götürülüb.
Dah sonra cinayət işində ad keçən digər şəxslər də saxlanılıb.
Xatırladaq ki, R.Hüseynli əvvəllər adam oğurluğuna görə 12 il həbsxanada yatıb.
Onu da əlavə edək ki, H.Qasımov Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi olub.