02a8c58e-bcb3-4ff9-8942-f55bb162cbc4..jpg

Bakıda şagirdin ölümünə səbəb olan vəzifəli şəxs həbs edildi – VİDEO

Baxış sayı: 586 dəfə baxılıb.

Bakıda şagirdin ölümünə səbəb olan vəzifəli şəxs həbs edildi – VİDEO

Bakıda orta məktəb şagirdinin ölümü, onun atasının isə xəsarət alması ilə
nəticələnən ağır qəza törətmiş vəzifəli şəxs həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Yasamal Rayon Məhkəməsində 8-ci
sinif şagirdi Nurlan Bağışovun ölümü ilə nəticələnən qəzanı törədən Azərbaycan
Mərkəzi Bankının İnformasiya Texnologiyaları Departamentinin Texniki dəstəkləmə
şöbəsinin rəisi, 1988-ci il təvəllüdlü Vəli Məmmədova hökm oxunub.

Məhkəmənin 5 yanvar 2023-cü il tarixli hökmü ilə vəzifəli şəxsə 5 il 1 ay
müddətinə həbs cəzası verilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə
müəssisəsində çəkəcəyi bildirilib və məhkəmə zalındaca həbs edilib.

Məhkəmədə məlum olub ki, Mərkəzi Bankın vəzifəli əməkdaşı idarə etdiyi “Mazda”
markalı avtomobillə Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsində hərəkətdə
olarkən yolun ortasındakı qoşa xəttin üzərində dayanmış Nurlanı və atasını
vurub. Zərbənin təsirindən yeniyetmə yolun əks hərəkət zolağına düşüb və
“Toyota Prius” markalı taksinin altında qalıb. Ağır xəsarət alan Nurlan
xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Yasamal Rayon Məhkəməsi “Toyota Prius”un sürücüsünün baş vermiş hadisədə
günahının olmadığını bildirib və ona bəraət verib.

Mərkəzi Bankın şöbə rəisi Vəli Məmmədov isə məhkəmədə bildirib ki, hadisə
zamanı Nurlan Bağışov onun avtomobilinin zərbəsi nəticəsində deyil, digər
maşının altında qalması səbəbindən dünyasını dəyişib:

“Yol-nəqliyyat hadisəsi zamanı mərhumun ölümünə səbəb olan xəsarət birinci
vurulma nəticəsində yaranmayıb. Digər avtomobil də mərhumu vurmasa idi, o
yaşayacaqdı. Ona görə özümü Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə
təqsirli bilirəm və yüngül cəza verilməsini xahiş edirəm. Həmçinin mərhumun
ailəsi ilə dəfələrlə barışmağa cəhd etmişəm. Valideynlərindən dəfələrlə üzr
istəmişəm, mənim heç kimlə ədavətim yoxdur. Bu, Allahın yazdığı bir qəzadır”.

Mərhum Nurlan Bağışovun ailəsi isə məhkəmədən təqsirləndirilən şəxsi
bağışlamadıqlarını və ona cəza verilməsini xahiş etdiklərini bildiriblər.
N.Bağışovun atası qeyd edib ki, hadisə baş verən vaxt oğlu ilə birgə Şəfayət
Mehdiyev küçəsindəki şirniyyat mağazasına gedirmiş:

“Saat 22:30 radələrində oğlumla birgə Yasamal parkından yaşadığım ünvan tərəfə
gəlirdik. Bu zaman Nurlan mənə yolun əks istiqamətində yerləşən dükandan onun
üçün şirniyyat almağımı istədi. Nurlanın əlindən tutub yolu keçməyə başladıq.
Yolun hərəkət hissəsinin ortasında yerləşən qoşa xəttə yaxınlaşıb dayandıq, əks
istiqamətdən gələn avtomobillərin sürüb keçməsini gözlədik. Bu zaman ani bir
anda zərbə səsi eşitdim. Sağ tərəfimə baxan zaman oğlumun yanımda olmadığını
gördüm. Nurlanı yerdə asfaltın üzərində uzanıqlı vəziyyətdə görüb qışqırmağa
başladım. Ətrafda olan tanımadığım insanlar yanıma gəldilər, iki xanım köməklik
göstərdi. Artıq Nurlanın ağzından qan gəlirdi. Bir avtomobil saxladı, həmin
avtomobildə qabaq oturacaqda əyləşdim, arxa hissədə bir nəfər əvvəllər
tanımadığım cavan oğlan oturdu, Nurlanı arxaya uzatdıq. İlkin olaraq Mərkəzi
Gömrük Hospitalına getdik. Lakin orada COVID-19 xəstəliyi ilə əlaqədar qəbul
etmədilər. Bundan sonra yaxınlıqdakı doğum evinə getdik, lakin orada da qəbul
etmədilər. Bundan sonra Mərkəzi Klinikaya getdik. Orada xəstənin nəbzini
yoxlayaraq hələ yaşadığı üçün qəbul etdilər və təxminən 15-20 dəqiqə sonra mənə
oğlumun vəfat etdiyini bildirdilər. Təqsirli şəxslərin qanunamüvafiq qaydada
cəzalandırılmasını xahiş edirəm”.

Qeyd edək ki, N.Bağışov 20 nömrəli məktəb-liseyin 8-ci sinif şagirdi olub.
Hadisədən sonra onun yaxınları hadisənin Vəli Məmmədov tərəfindən yox, onun
həyat yoldaşı tərəfindən törədildiyini iddia ediblər. İstintaq zamanı bu iddia
təsdiqini tapmayıb.


Source link