Bakıda saxta məhsulların kütləvi istehsalı ilə bağlı qanunsuz fəaliyyət
aşkarlandı – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının həyətində yerləşən
müxtəlif sexlərdə kustar üsullarla saxta məhsulların kütləvi istehsalı ilə
bağlı qanunsuz fəaliyyət aşkar edilib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Xidmətin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsindən bildirilib
ki, həmin ünvanda Baş idarə tərəfindən həyata keçirilən operativ nəzarət
tədbiri zamanı müxtəlif ticarət nişanlarını və onların qablaşdırmalarını
saxtalaşdırmaqla naməlum tərkibli kimyəvi və yuyucu məişət vasitələrinin, aksiz
markası ilə markalanmadan və ya saxta aksiz markalarından istifadə etməklə
spirtli içkilərin istehsalı, saxlanılması və satışının həyata keçirilməsi
halları müəyyənləşdirilib.
Aparılan araşdırmalarla təsərrüfat subyektinin Ülvi Sarif oğlu Əliyevə məxsus
olduğu təsbit edilib.
Nəzarət tədbiri zamanı külli miqdarda hazır və qablaşdırma üçün hazırlanmış
məhsullar, saxta məhsulların hazırlanması üçün kustar üsullu avadanlıqlar,
xammal, qablaşdırma materialları, saxta aksizlər və etiketlər aşkar olunaraq
götürülüb. Qanunsuz istehsal obyektində 6 600-dən çox “Domestos” markalı hazır
məhsul, 960 ədəd “İpek” və 650 ədəd “Head and Shoulders” markalı şampunlar, 240
ədəd “Luxury Shave Cream”, 970 ədəd “Gold power” ticarət adlı hazır məhsullar,
2 630 ədəd “Fairy” qabyuyan hazır məhsul, 200 “Surescents” havatəmizləyici,
habelə 31 700-dən çox “Domestos”, “Perwol”, “Prill”, “ACB”, “Fairy”, “İpek”,
“Head and Shoulders” etiketli və ya etiketsiz boş qablar və xammal müəyyən
edilib.
Qanunsuz istehsal sahəsində müvafiq sanitariya normalarına və standartlara
əməl olunmadan istehsalı prosesi qurulub, əsasən, kiçiktutumlu araq məhsulları
istehsal edilərək saxta etiketlər vurulmaqla satış bazarlarına yönəldilib.
Tədbir zamanı qanunsuz sahibkarlıq fəaliyyətində istifadə edildiyi
müəyyənləşdirilən 29 500 ədəd şüşə butulka, 74 ədəd saxta aksizli hazır məhsul,
1 100 ədəd etiketsiz yarımfabrikat araq məhsulu, 1 900 litr araq xammalı, 3 700
ədəd saxta aksiz markası, külli miqdarda müxtəlif markalara məxsus etiketlər,
qapaqlar, həmçinin 600 litr xlor xammalı aşkar edilib.
İstehsal sahəsinə keçirilmiş baxış zamanı qida məhsulları ilə kimyəvi məişət
vasitələrinin istehsalının paralel şəkildə və bəzən bir-birinə qarışmaqla
həyata keçirildiyi, sanitar normaların kobud surətdə pozulduğu, bununla da
əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıldığı təsbit olunub.
Hazırlanmış saxta məhsulların kiçik mağazalar, eyni zamanda, ölkənin
bölgələrində yerləşən satış nöqtələri vasitəsilə istehlak bazarlarında
reallaşdırılması nəzərdə tutulurdu.
Qeyd olunub ki, aşkar olunmuş hallarla bağlı Dövlət Vergi Xidməti tərəfindən
araşdırmalar aparılır. Müvafiq sənədləşmələr həyata keçirildikdən sonra saxta
məhsullar müsadirə olunub. Nəzarət tədbirləri zamanı müəyyən edilmiş faktlarla
bağlı Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi və Antiinhisar və İstehlak
Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məlumat verilib.