Bakıda silahlı şəxslərə qarşı əməliyyat – FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə
qarşı əməliyyatlar keçirilib.
Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları üzərində qanunsuz olaraq
odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan
şəxslərə qarşı əməliyyatlar həyata keçirib. Tədbirlər zamanı əvvəllər məhkum
olunmuş Azər Əzizovdan 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Murad
Hüseynovdan 4 kiloqram 375 qram marixuana aşkarlanıb. Saxlanılan şəxslər ölkəyə
İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı
şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.
İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq
odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Oktay Xanlarzadə saxlanılıb.
Ondan bir ədəd lüləsi kəsilmiş odlu silah və dörd ədəd patron aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aprel ayı ərzində
keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə
bağlı 95 fakt aşkar olunub. Vətəndaşlarla aparılan profilaktik tədbirlərin
nəticəsi olaraq yeddi odlu silah, o cümlədən beş “Kalaşnikov” avtomatı, iki
“Makarov” tapançası və 187 ədəd patron polis əməkdaşlarına təhvil verilib.