Bakıda şok cinayət: Hoteldə sevgilisini pəncərədən atdı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Ötən ilin fevralında Bakıda yerləşən hoteldə qeyri-rəsmi münasibətdə yaşadığı
qadını pəncərədən atan 1995-ci il təvəllüdlü Şükür Qənbərova hökm oxunub.
“Qafqazinfo” xəbər verir ki, sevgilisi Aysel Həsənovanı (şərti) Nəsimi rayonu
ərazisindəki “Af Hotel”in 6-cı mərtəbəsindən atan şəxs Cinayət Məcəlləsinin
29.120.1-ci (Qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirli bilinib.
Araşdırma zamanı məlum olub ki, Şükür Qənbərov Ağcabədi rayonu Meliorasiya və
Suvarma idarəsində mühəndis vəzifəsində çalışır. O, yaşadığı rayonda ofisiant
işləyən 1997-ci il təvəllüdlü A.Həsənova ilə tanış olub və 2022-ci ildən
aralarında sevgi münasibəti yaranıb. Əvvəlki nikahından iki azyaşlı övladı olan
qadınla qısqanclıq zəminində tez-tez mübahisə edən Şükür daha əvvəl onun
uşaqlarının birini taxta ilə döyübmüş. Bununla bağlı polisdə araşdırma aparılsa
da, sonradan A.Həsənova şikayətini geri götürüb. Bundan başqa, Ş.Qənbərovla
A.Həsənova Qax və Xaçmazda birgə olarkən də aralarında münaqişələr baş veribmiş.
Son olaraq onlar Bakıya istirahət məqsədilə gəliblər. Paytaxta gələrkən Aysel
azyaşlı övladlarını da özü ilə gətirib. Onlar “Af Hotel”ə yerləşdikdən sonra
aralarında növbəti dəfə münaqişə yaranıb. Münaqişə zəminində Şükür sevgilisini
zorla tutaraq 6-cı mərtəbədəki otağın pəncərəsindən atıb. Bu zaman qadın
hotelin 3-cü mərtəbəsinin damına düşüb və müxtəlif dərəcəli xəsarətlər alıb.
Xəstəxanaya yerləşdirilən qadının həyatını xilas etmək mümkün olub.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Şükür A.Həsənovanın onu
hədsiz sevdiyini və ayrılmaq istəmədiyini bildirib. O, sevgilisinin ondan
ayrılmamağa görə intihar məqsədilə özünü pəncərədən atdığını deyib. A.Həsənova
da Şükürün ondan ayrılmaq istəmədiyini və onu çəkindirməyə görə özünü atdığını
bildirib.
Lakin məhkəmə tərəflərin ibtidai istintaqa verdiyi ifadələri əsas götürüb.
Həmin vaxt hər iki şəxsin aralarında qısqanclıq zəminində mübahisə yaranması və
Şükürün qadını zorla pəncərədən atmasını deməsi məlum olub. Qadının məhkəmədə
dediklərinin Şükürü qorumaq məqsədi güdməsi qənaətinə gəlinib.
Bakı Ağır Cinayətlər Məhkəməsi Ş.Qənbərovu Cinayət Məcəlləsinin 29.120.1-ci
maddəsi ilə təqsirli bilib. Ona 8 il 6 ay həbs cəzası verilib.