Bakıda ŞOK HADİSƏ: Kirayə götürdüyü evi üç nəfərə satıb ölkədən qaçdı –
YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakıda bir neçə sakin başına gələnlərin şokunu yaşayır.
Evlərini rəsmi müqavilə ilə əmlakçılara uzunmüddətli kirayə verdikləri halda
bir neçə ay sonra mülklərinin onlardan xəbərsiz satıldığını öyrəniblər.
Mülkləri naməlum şəraitdə əllərindən çıxan sakinlər araşdırma zamanı müəyyən
ediblər ki, bu cür qanunsuz işlərin həyata keçirilməsi ilə məşğul olan şəbəkə
mövcud imiş. Şəbəkənin ortada olan üzvləri isə əsasən əmlakçılardır. Bu şəxslər
müxtəlif əmlak satışı saytlarından əldə etdikləri nömrələr vasitəsilə birbaşa
mülk sahibləri ilə əlaqəyə girərək elanda göstərilən evləri uzun müddətə
kirayəyə götürmək istədiklərini bildiriblər.
Qeyd edək ki, qanunsuz satılan evlərin əksəriyyəti Rusiya Federasiyasının
Tümen vilayətində ayrı-ayrı notariuslar tərəfindən verilən baş etibarnamələrlə
satılıb. Həmin saxta etibarnamələr hansısa şəkildə Rusiya Federasiyasının
Notarial Xidmətinin elektron qeydiyyat sistemində də yerləşdirilib. Bakıda
alqı-satqı zamanı da sistemdə bu sənədlər göründüyündən yerli notariat
kontorları heç bir şübhə duymadan sövdələşməni həyata keçiriblər.
Bir müddət sonra bir neçə sakin evinin satıldığından duyuq düşərək
alqı-satqını həyata keçirən notariusa üz tutub. Bundan sonra notarius da öz
növbəsində baş etibarnamənin alındığı Tümen vilayətindəki notariat kontoruna
sorğu göndərib və sənədin saxta olduğu müəyyənləşib.
Maraqlı olan odur ki, Rusiya Federasiyasının notariat sistemində görünən baş
etibarnamənin saxta olduğu dəqiqləşdirildikdən sonra da həmin ev iki dəfə
ayrı-ayrı şəxslərə satılıb.
Məlum saxta alqı-satqı proseslərinin əsas fiqurları isə Rauf və Anar adlı
əmlakçılar olublar. Onlar ev sahiblərinin məsələdən duyuq düşməsini hiss edərək
ölkəni tərk edə biliblər.
Satılan evlərin əksəriyyəti ilkin olaraq Raufun, daha sonra isə Anar və üçüncü
şəxslərin adına rəsmiləşdirilib.
Rauf evlərin qanunsuz alqı-satqısında iştirak etdiyini etiraf etməklə yanaşı,
bu məsələdə icraçı funksiyasını yerinə yetirdiyini vurğulayaraq əsas
təşkilatçıların digər şəxslər olduğunu bildirib.
Qeyd edək ki, bu yolla mənzilləri özlərindən xəbərsiz satılan bir çox mülk
sahibi var ki, hələ də başına gələnlərdən xəbərsizdir.
Zərərçəkənlərin dediyinə görə, sözügedən problemlə bağlı hüquq-mühafizə
orqanlarına məlumatlar verilsə də, məsələ pərakəndə şəkildə araşdırılır. Bir
epizodla bağlı Binəqədi polisi, digəri ilə bağlı isə Abşeron prokurorluğunda
araşdırmalara başlanılıb. Bütün epizodlar üzrə dələduzluq edənlərin isə eyni
şəxslər olduğu ehtimal olunur. Onların isə heç nə olmamış kimi ortalıqda gəzib
məsuliyyətdən yayındıqları bildirilir.
Ətraflı Baku TV-nin süjetində:
17:00
Bakıda vətəndaş dələduzluq edərək kirayə qaldığı evləri sahiblərinin xəbəri
olmadan satıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi (DİN) “Qafqazinfo”nun sorğusuna cavab
verib.
“Bakı şəhər sakini Leyla Nəbiyevanın müraciəti əsasında polis orqanında
müvafiq araşdırma aparılıb, istintaq hərəkətləri icra olunub.
Araşdırmalarla müəyyən edilib ki, Rauf Kazımov özgənin əmlakını etibardan
sui-istifadə etməklə ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Leyla
Nəbiyevanı aldadaraq xüsusi mülkiyyət hüququ ilə sonuncuya məxsus Xətai
rayonunda yerləşən mənzili ötən ilin iyun ayında icarə müqaviləsi əsasında 1 il
müddətinə icarəyə götürüb. 10 gün sonra Rusiya Federasiyasında yerləşən
notariat dairəsinə yalan informasiya verməklə etibarnamə əldə edib. Azərbaycana
qayıtdıqdan sonra isə Leyla Nəbiyevanın razılığı və məlumatı olmadan həmin
etibarnamə əsasında daşınmaz əmlakı başqa şəxsə sataraq ev sahibəsinə 300 min
manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq əməlini törədib.
Binəqədi Rayon Polis İdarəsində fakta görə cinayət işi başlanılıb və cinayət
işi üzrə aparılmış ibtidai istintaq zamanı müəyyən edilib ki, R.Kazımov
tanışları Anar Hacıyev, Emin İbrahimov və qeyriləri ilə qabaqcadan əlbir olaraq
qrup halında cinayət əlaqəsinə girərək qeyd edilən əməli törədiblər.
Sonra istintaqla araşdırılan yolla mülkiyyətçi tərəfindən sözügedən mənzilə
dair bütün mülkiyyət hüquqlarını R.Kazımova etibar edilməsinə dair əldə olunan
etibarnamə ilə əvvəlcə Anar Hacıyevə, bundan sonra Dəyanət Əmrahova və nəhayət
Azər Həsənova satılmasını həyata keçirərək özgəninkiləşdirilməsinə nail olunub.
İstintaq zamanı R.Kazımov və A.Hacıyevin alqı-satqı proseslərini həyata
keçirdikdən sonra ölkə hüdudlarından kənara getmələri müəyyən edilib.
Bundan başqa Emin İbrahimovun da eyni üsulla cinayət törətməsi faktı əsasında
onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi istintaq
olunub, həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün Bakı Ağır
Cinayətlər məhkəməsinə göndərilib.
Hazırda həmin şəxslərin saxlanılması və qrupun digər üzvlərinin müəyyən
edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir”, –
açıqlamada qeyd edilib.