b5b38fd7-92c1-4f89-9a80-2d8ee65d1c52..jpg

Bakıda SPECA-nın İqtisadi Forumu keçirilir – YENİLƏNİB + FOTO

Baxış sayı: 704 dəfə baxılıb.

Bakıda SPECA-nın İqtisadi Forumu keçirilir – YENİLƏNİB + FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “SPECA regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi”
mövzusunda İqtisadi Forum keçirilir.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Tədbirdə açılış nitqi ilə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov
vurğulayıb ki, Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları
üçün Xüsusi Proqramı) həftəsi proqramın 25 illiyinə həsr olunub. Nazir İqtisadi
Forumun proqram ölkələri arasında məlumat mübadiləsini asanlaşdıracağına, birgə
səyləri dəstəkləyəcəyinə əminliyini bildirib. Qeyd olunub ki, SPECA regionda
ortaq iqtisadi məqsədlərə nail olmaq, bərabərsizlikləri azaltmaq və regionda
rifahı artırmaq məqsədinə əsaslanır. Şərqlə Qərb arasında körpü rolu oynayan
Azərbaycan çoxillik transsərhəd ticarət və mədəni mübadilə ənənələri ilə
seçilir. Bununla belə, SPECA çərçivəsində ticarət əlaqələri dərinləşdikcə,
infrastrukturun inkişafına ehtiyac duyulur. Bu sahədə təşəbbüslərin artırılması
qarşılıqlı faydalı əməkdaşlıqda önəm kəsb edir.

Bildirilib ki, 2022-ci ildə Azərbaycanın SPECA ölkələri ilə ticarət dövriyyəsi
3,6 dəfə artaraq 1,3 mlrd. dollara çatıb. Bu ilin ilk on ayında isə həmin
göstərici 1,2 mlrd. dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrünə
nisbətən təxminən 16% çoxdur. Bundan əlavə, Azərbaycan proqram çərçivəsində
ixracın həcminə görə də müsbət nəticələrə nail olub. Ötən ilin eyni dövrünə
nisbətən bu ilin ilk 10 ayında Azərbaycanın proqram iştirakçısı olan ölkələrə
ixracı təxminən 82% artıb. Bu sahədə daha yüksək nəticələr əldə etmək üçün
imkanlar genişdir. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət
maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi
tədbirlər bu məsələdə mühüm töhfələr verə bilər. İqtisadiyyat naziri SPECA
çərçivəsində ölkəmizin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və
Özbəkistanla ikitərəfli faydalı iqtisadi-ticarət tərəfdaşlığı və bu sahədə daha
yaxşı nəticələr üçün mövcud potensial barədə fikirlərini bildirib. Forumda
Azərbaycanın artan nəqliyyat-tranzit potensialının ölkəmizin Mərkəzi Asiya ilə
əlaqələrinin gücləndirilməsinə mühüm töhfəsi qeyd olunub. Azərbaycanın Milli
Prioritetlərinin, əlverişli biznes və investisiya mühitinin, ərazilərimizin
azad edilməsinin yaratdığı yeni reallıqların bu kontekstdə önəmi diqqətə
çatdırılıb.

BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibinin müavini Dmitri
Maryasin vurğulayıb ki, son 25 il ərzində SPECA ölkələrinin qlobal ticarətdə
rolu dəfələrlə artıb, iqtisadiyyatları nəzərəçarpacaq dərəcədə inkişaf edib.
Qeyd olunub ki, proqram iştirakçısı olan dövlətlərin davamlı iqtisadi inkişafı
üçün bir sıra məsələlərə diqqət gücləndirilməlidir. Buraya rəqəmsal
transformasiya, təchizat zəncirindəki problemlərin aradan qaldırılması, gender
bərabərliyinə tam nail olunması, “yaşıl” iqtisadiyyata keçidin
sürətləndirilməsi və digər məsələlər daxildir. Bildirilib ki, SPECA Fondunun
yaradılması üzərində iş aparılır. Həmin fonda daxil olacaq vəsait Dayanıqlı
İnkişaf Məqsədlərinə nail olunmasına yönəldiləcək.

BMT-nin Asiya və Sakit Okean ölkələri üzrə İqtisadi və Sosial Komissiyasının
icraçı katibinin müavini Hirohito Toda proqram ölkələri arasında energetika,
nəqliyyat, ətraf mühit, gömrük, informasiya-kommunikasiya texnologiyaları,
ticarət və digər sahələrdə əlaqələrin gücləndirilməsi, gələcəkdə birgə
layihələrin gerçəkləşdirilməsinin önəmini qeyd edib. Onun fikrincə, proqram
ölkələrinin iqtisadiyyatları şaxələndirilməli, rəqəmsal inkişafa, iqlim
dəyişikliyi problemlərinin aradan qaldırılmasına, ərzaq təhlükəsizliyinin təmin
olunmasına və s. diqqət gücləndirilməlidir.

Tədbirdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Tacikistan
nümayəndələri SPECA çərçivəsində əməkdaşlıq, iqtisadi və investisiya
potensialı, müxtəlif istiqamətlər üzrə münasibətlərin inkişaf etdirilməsi
təşəbbüsləri barədə fikirlərini bildiriblər.

Forum sessiyalarla işinə davam edir.

10:51

Bu gün Bakıda BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi
Proqramı (SPECA) həftəsi çərçivəsində İqtisadi Forum işinə başlayıb.

“Report” xəbər verir ki, SPECA 2023 İqtisadi Forumunda iştirakçı dövlətlərin
ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o
cümlədən proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə
edilir.

“SPECA regionunun qlobal bağlantı qovşağına çevrilməsi” başlığı altında
İqtisadi Forumun keçirilməsində məqsəd proqramın xidmətyönümlü, çevik və
strateji platformaya çevrilməsidir.

Tədbirdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qazaxıstanın
iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, Qırğızıstanın iqtisadiyyat və
ticarət nazirinin müavini Kanatbek Abdrahmanov, Tacikistanın iqtisadi inkişaf
və ticarət nazirinin müavini Ahliddin Nuriddinzoda, Özbəkistanın investisiya,
sənaye və ticarət nazirinin müavini Badriddin Abidov, Türkmənistanın BMT-dəki
daimi nümayəndəsi, səfir Atageldi Haljanov, BMT-nin Avropa üzrə İqtisadi
Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin, BMT-nin Asiya
və Sakit Okean regionu üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) icraçı
katibinin müavini Hirohito Toda və Türk Dövlətləri Təşkilatının (TDT) Baş
katibi Kubanıçbek Ömüralıyev iştirak edirlər.

Tədbirdə təchizat zəncirində məlumatların rəqəmsal transformasiyası və sənəd
mübadiləsi, nəqliyyat bağlantısı, SPECA bölgəsində yaşıl enerji bağlılığı
mövzularında müzakirələr aparılacaq, yeni çağırışlar fonunda Orta Dəhlizin
artan əhəmiyyətinə diqqət yetiriləcək.

Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi
Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan,
Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın
məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına
inteqrasiyanın dəstəklənməsidir.

2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan həyata keçirir.

“#SPECA
regionunun qlobal miqyaslı rabitə qovşağına çevrilməsi” mövzusunda keçirilən
#iqtisadiforum
-da
Mərkəzi Asiya ölkələrinin#iqtisadi
inkişaf
hədəflərinin reallaşdırılması üçün səmərəli əməkdaşlıq imkanlarını nəzərdən
keçirdik.#Azərbaycan
-ın
əlverişli coğrafi mövqeyinin,…pic.twitter.com/XIFcrLpNbD

— Mikayil Jabbarov (@MikayilJabbarov) November 21, 2023

Source link