Bakı şəhərində kommunal xidmət sahəsində çalışanlar üçün yeni geyim hazırlanıb.
Bunu ÇıxışYolu.Com-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) Yol hərəkəti təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
O bildirib ki, yeni geyimlər Daxili İşlər Nazirliyinin rəhbərliyinin sifarişi əsasında hazırlanıb:
“Ümumiyyətlə, ilin əvvəlindən bu günə qədər Bakı şəhəri üzrə kommunal təminatlı əməkdaşların, yəni, küçə və prospektlərin təmizliyi ilə məşğul olan əməkdaşların avtomobillərlə vurulması cəmiyyətdə ciddi narahatlıq hissi yaradır.
Təbii ki, təhlükəsizliyi təmin etmək üçün biz Bakı Şəhər Baş Polis İdarəsi olaraq zəruri tədbirlər görürük. Eyni zamanda, qabaqlayıcı tədbir olaraq düşündük ki, günün axşam saatlarında küçə və prospektləri təmizləyən şəxslər üçün üzərində düymə ilə idarə olunan sayrışan işıqlar və xüsüsi işıq qaytarıcılar olan jilet formasında gödəkçələr paylayaq.
Məhz bu geyimlərin verilməsində əsas məqsəd onlarla baş verəcək qəza hallarının qarşısını almaqdan ibarətdir. Bunun üçün 500-dən artıq gödəkçə sifariş edilərək bu gün həmin işçilər üçün paylanılıb”.
Onun sözlərinə görə, kommunal üçün geyimlərin paylanılmasından sonra Təhsil Nazirliyi ilə BŞBPİ birgə layihəsi əsasında məktəblilərə də həmin geyimlərin verilməsi nəzərdə tutulub.
V.Əsədov əlavə olaraq qeyd edib ki, bu il ərzində kommunal xidmətdə işləyənlərlə, yəni süpürgəçilərlə bağlı 3 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə bir nəfər ölüb, iki nəfər xəsarət alıb.
.