Ötən gün Bakının Sabunçu rayonu ərazisində süpürgəçinin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə ÇıxışYolu.Com-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə məlumat verib.
O bildirib ki, dünən saat 18:00 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində “KamAZ” markalı maşın yolu keçən paytaxt sakini Cəmilə Salahovanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.
Aparılan araşdırmalar zamanı Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü – Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Musayev saxlanılıb.
Qeyd edək ki, ölən Cəmilə Salahovanın fotosu ilk olaraq sosial şəbəkələrdə yayılıb və geniş müzakirələrə səbəb olub.