95a706b4-8b37-4902-b1da-4ca3ea7f8451.jpg

Bakıda sürücülərin yol üstündə davası ÖLÜMLƏ BİTDİ

Baxış sayı: 241 dəfə baxılıb.

2023-cü il yanvarın 4-ü Bakının Nərimanov rayonu, Ziya Bünyadov prospektində
1994-cü il təvəllüdlü Qənbər Qənbərov bıçaqlanır. Bu barədə onun qardaşı Əfrail
Qənbərov Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verib.
Səhərisi gün Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsində toplanmış
material üzrə CM-nin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilərkən
müəyyən olunub ki, cinayət Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu
küçəsinin kəsişməsində yerləşən “Lukoil” YDM-nin qarşısında baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib. Lakin Beyləqan rayon sakini olan zərərçəkən
yanvarın 6-sı səhər saatlarında özəl klinikada dünyasını dəyişib.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci
(qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Sənan Hacıyev 1996-cı ildə Füzuli, Elvin Sadıqov 1990-cı ildə Bakı şəhərində,
Məqsud Həsənov isə 1992-ci ildə Saatlı rayonunda anadan olublar.

Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, yanvarın 4-ü saat 22:15-də Sənan Hacıyev
dostları Elvin Sadıqov və Məqsud Həsənovla birlikdə idarə etdiyi VAZ-2107
markalı avtomobillə Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospekti
istiqamətində hərəkətdə olarkən, qarşısında hərəkət edən “Toyota Prius” markalı
maşın manevr edib, geriyə dönərkən qəza şəraiti yaradıb. Bu zaman arxadan gələn
“Opel Astra” markalı nəqliyyat vasitəsini idarə edən Əfrail Qənbərov qəzanın
qarşısını almaqdan ötrü onun sağ tərəfindən keçib. Bundan əsəbiləşən Sənan
Hacıyev iradını bildirmək üçün maşını sürətlə idarə edərək Əfrail Qənbərovun
avtomobilini sağ tərəfdən keçib, qarşısında əyləci basıb, sürətini azaldıb.
Sonra o, Əfrail Qənbərova maşınını saxlamasını işarə edib, yolun sağ tərəfində,
Ziya Bünyadov prospekti ilə Böyük İpək Yolu küçəsinin kəsişməsində yerləşən
“Lukoil” yanacaq doldurma məntəqəsinin qarşısında avtomobilini dayandırıb.
Sonra Sənan Hacıyev dostları ilə nəqliyyat vasitəsindən çıxaraq, Əfrail
Qənbərov və yanında olan qardaşı ilə mübahisə edib. Sənan Qənbər Qənbərovla
əlbəyaxa olaraq ona yüngül dərəcəli xəsarətlər yetirib. Sonra bıçaqla döş
qəfəsinin sol yarısına bir dəfə zərbə endirərək, onu öldürüb.

İş üzrə dindirilmiş Sənan Hacıyev bildirib ki, heç bir xuliqanlıq hərəkəti
etməyib və zərərçəkmişi, özünü müdafiə etmək məqsədilə üzərindəki bıçaqla bir
dəfə vurub. Uşaqlıq dostları Elvin Sadıqov və Məqsud Həsənovla yanvarın 4-ü
saat 22 radələrində yaşadığı evin yaxınlığında görüşüb:

“Söhbət zamanı onlara dedim ki, idarə etdiyim VAZ-2107 markalı avtomobilimin
qabaq sol təkərini təmir etdirmək üçün ustanın yanına gedək. Məqsud və Elvinlə
birlikdə Keşlə bazarının yaxınlığında olan təkər təmiri sexinə yollandıq. Orada
təkəri təmir etdirdikdən sonra yaşadığımız məhəlləyə qayıtmaqdan ötrü maşına
əyləşdik. Elvin yanımda, Məqsud isə arxada əyləşmişdi. Ziya Bünyadov prospekti
ilə metronun “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olanda, irəlidə gedən
qara rəngli “Toyota” markalı avtomobilin sürücüsü qəflətən əyləci sıxıb, sürəti
azaltdı. Ara məsafə az olduğu üçün mən də sürəti azaldıb, sükanı sağa burmaq
istədim. Lakin həmin an arxadan gələn qara rəngli “Opel” markalı maşının
sürücüsü sağ tərəfə çıxmağa imkan verməyərək, maşınımı ötüb keçdi. Əsəbiləşib
həmin maşının arxasınca hərəkət etdim və şadlıq sarayının yanında Əfrail
Qənbərovun avtomobilini sağ tərəfdən ötüb keçdim. “Opel”in sürücüsü maşının
işıqları və siqnalı ilə arxadan mənə işarə verdiyindən, sağ tərəfdə yerləşən
yanacaq doldurma məntəqəsinin qarşısında, avtomobilimi saxladım.

Elvin və Məqsudla birlikdə maşından çıxdıq. Əfrail qardaşı Qənbərlə
yaxınlaşaraq, nə üçün idarə etdiyi maşını sağdan keçdiyimi soruşdu. Aramızda
sözlü mübahisə başladı. Qənbər qəflətən yumruqla üzümə zərbə vurdu. Zərbənin
təsirindən yerə yıxıldım. Məqsudla Elvin məni yerdən qaldıraraq, mübahisənin
qarşısını almağa çalışdılar. Əfrail sağ tərəfdən yumruqla Məqsudun üzünə zərbə
vuran kimi dostum yerə yıxıldı. Ardınca qardaşlar üzərimə gəlib yumruq-təpiklə
üzümə və bədənimin digər nahiyələrinə zərbələr endirdilər. Yenə müvazinətimi
itirib arxası üstə yerə yıxıldım. Elvin mənə kömək etmək istəsə də, buna imkan
verməyərək, onu da döydülər”.

Özünü toparlayıb ayağa qalxmağa çalışanda, Qənbər onu döyüb, dizi ilə üzünə
zərbə vurub. Qəzəblənərək, gödəkçəsinin cibində saxladığı bıçağı çıxarıb.
Qənbəri sol qolundan vurmaq istəyəndə, bıçaq onun döş qəfəsinə dəyib:

Qardaşından qan gəldiyini görən Əfrail üstümə gələndə, ona “yaxınlaşma, yoxsa
səni də vuraram” dedi. Baş vermiş davaya kənardan 10-15 nəfər tanımadığım şəxs
baxsa da, heç kim yaxınlaşıb hadisəyə müdaxilə etmədi. Əfrailə qardaşını həkimə
aparmasını dedim, avtomobilimə əyləşdim və oradan uzaqlaşdım. Bir az aralanan
kimi Məqsudla Elvinin yolun kənarında olduqlarını görüb, dayandım. Dostlarım
maşınıma əyləşəndən sonra onlara dedim ki, canımı qurtarmaqdan ötrü bıçaqla
Qənbəri vurdum. Elvin mənə dedi ki, ayağa qalxarkən yerdən götürdüyü daşla
Əfrailin başına xəsarət yetirib. Evə gedib başıma gələnləri ailə üzvlərimə
danışdım”.

Sənan Hacıyev əlavə edib ki, Qənbər Qənbərovu qorxutmaq məqsədilə vurub.
Qənbər fiziki cəhətdən ondan güclü olduğundan, onun tərəfindən döyüldüyündən,
çıxılmaz vəziyyətdə qalıb bıçaqdan istifadə edib. Alətin Qənbərin sinəsinə
dəydiyini görüb geriyə çəkilib. Öldürmək istəsəydi, ona əlavə zərbələr vurmaq
üçün maneə yox idi.

Elvin Sadıqov bildirib ki, hadisə dostu Sənanın danışdığı kimi baş verib:

“Sənan və Məqsudla 15 ildir ki, dostluq edirik. Əvvəllər qonşuluqda yaşamışıq.
Sənanın üzərində bıçaq gəzdirməsindən xəbərim yox idi. Dava vaxtı özümü müdafiə
etməkdən ötrü yerdən daşı götürüb Əfrailin başına zərbə vurdum. Hadisədən sonra
ailə üzvlərimə hadisə haqqında heç nə danışmamışam. Polis bölməsinə könüllü
gedib, təslim oldum”.

Məqsud Həsənov bildirib ki, dava zamanı heç kimi vurmayıb və yalnız
dalaşanları ayırmağa çalışıb. Dostu Sənanın Qənbəri bıçaqla vurduğunu görməyib.

Zərərçəkmiş Əfrail Qənbərov bildirib ki, yanvarın 4-də qardaşı Qənbərlə
birlikdə Hökməli qəsəbəsindən metronun “20 Yanvar” stansiyasının yanına
gəliblər, ordan da Ziya Bünyadov prospektinə dönüb, “Heydər Əliyev” prospekti
istiqamətində hərəkət ediblər:

“Dairəyə çatanda “Toyota” markalı avtomobil anidən əyləcdən istifadə edərək,
geri dönmə manevr hərəkətini etdi. Buna görə, qarşımda olan VAZ-2107 markalı
nəqliyyat vasitəsinin sürücüsü də anidən sürəti azaltdı. Bunu görüb, qəzadan
yayınmaq üçün avtomobili sağ tərəfə çəkdim və ötmə hərəkətini edərək,
“Jiquli”ni keçdim.

Amma VAZ-2107 markalı maşın arxadan sürətlə gələrək, məni sağ tərəfdən keçdi
və qarşımda 3 dəfə əyləcdən istifadə etdi. Maşının uzaqyanan işıqlarından
istifadə edərək, həmin avtomobilin sürücüsünə bu hərəkəti ilə bağlı işarə
verdim. Sükan arxasında olan şəxs məni sağa sıxışdıraraq, təkidlə idarə etdiyim
nəqliyyat vasitəsini saxlamağımı tələb etdi.

Mən də məcbur qalaraq YDM-nin qarşısında maşını saxladım. VAZ markalı
avtomobil sol tərəfimdə dayandı. 3 nəfərin bizə tərəf gəldiyini görüb, qardaşım
Qənbərlə maşından çıxdıq. Sənan mənə dairədə nə üçün onu sağdan keçdiyimi
soruşanda, qəza şəraitindən yayınmaq üçün onun sağından keçdiyimi dedim.
Bildirdim ki, qəzadan yayınıb onları vurmadığım üçün mənə təşəkkür
etməlidirlər. Sənan isə söyüşlə cavab verərək, onu sağdan keçməklə, səhv
etdiyimi dedi. Qənbər hansı səbəbdən təhqirlə danışdığını soruşanda, Sənan
qəflətən yumruqla qardaşımın üzünə zərbə vurdu. Ardınca Sənanın sağ tərəfində
dayanan Elvin də Qənbərə yumruq atdı. Məqsud üstümə gələndə, onunla əlbəyaxa
oldum. Daha sonra Elvin mən tərəfə gələrək, üzərində olan gödəkçəmi dartıb
başıma keçirdi. Əllərindən çıxmağa çalışanda, Elvin hansısa alətlə başıma zərbə
vurdu. Başımdan qan axdı. Qənbər mənə “məni vurublar” deyə, qışqırdı. Ətrafda
toplaşan şəxslər, həmçinin yoldan keçən sürücülər də idarə etdikləri
avtomobillərini saxlayaraq hadisəyə kənardan baxırdılar. Heç kim müdaxilə
etmədi. Elvini özümdən kənarlaşdırıb Qənbərin yanına qaçdım. Sənan əlindəki
bıçağı sağ-sola yellədərək, “yaxın gəlmə, səni də vuraram” dedi və sonra
avtomobilinə əyləşərək, oradan uzaqlaşdı. Qənbərin rənginin ağardığını və
sinəsindən qan axdığını gördüm. Qardaşımı maşına mindirərək, yaxınlıqda
yerləşən klinikaya apardım. Növbəti gün o, aldığı bıçaq yarasından dünyasını
dəyişdi”.

Zərərçəkmiş şəxsin hüquqi varisi cavan övladının öldürüldüyünü, iki azyaşlı
nəvəsinin atasız qaldığını bildirərək, Sənan Hacıyevə ömürlük, Elvin Sadıqov və
Məqsud Həsənova isə yuxarı həddə azadlıqdan məhrum etmə növündə cəza təyin
edilməsini xahiş edib.

Son sözündə Sənan Hacıyev özünü qəsdən yox, ehtiyatsızlıqdan adam öldürməkdə
təqsirli bilib. Elvin Sadıqov bildirib ki, heç bir xuliqanlıq hərəkəti etməyib,
özünü Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma)
maddəsi ilə təqsirli bildiyini vurğulayıb. Məqsud Həsənov son sözü olmadığını
deyib.

Məhkəmə hesab edib ki, ibtidai istintaq orqanı tərəfindən Sənan Hacıyevin
əməli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam
öldürmə) və 221.3-cü (xuliqanlıq, silah və ya silah qismində istifadə olunan
əşyalarla törədildikdə), Elvin Sadıqovun əməli CM-nin 221.3-cü, Məqsud
Həsənovun əməli isə CM-nin 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən
törədildikdə) maddəsi ilə düzgün tövsif edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Hacıyev 17 il, Elvin Sadıqov
3 il 6 ay, Məqsud Həsənov 1 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.

Source link