Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Rəşad Həsənovun və Ağstafa rayon sakini Aftandil Məmmədovun CM-nin 120.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il iyulun 3-ü səhər saat 8 radələrində Nəsimi RPİ Post-Patrul Xidmətinin əməkdaşları F.Əmirov küçəsindən, ağır vəziyyətdə olan yaralı oğlanı Təcili Tibbi Yardımla xəstəxanaya çatdırılmasını təmin edib, bu barədə Növbətçi hissəyə məlumat veriblər.
İlkin ehtimallara görə, həmin şəxsi avtomobil vurub. Həkimlərin səyinə baxmayaraq, zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı, onun Qusar rayon sakini Samir Mehdiyev olması müəyyən edilib.
Faktla bağlı CM-nin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Amma araşdırma zamanı DİN Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.
Nəsimi RPİ 22-ci polis bölməsinin əməliyyat qrupu hadisə yerində keçirdiyi tədbirlərlə orada 3 nəfər arasında dava-dalaş olması, onlardan ikisinin digər bir nəfəri döyməsi barədə məlumat əldə edib. Əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Həsənov və Aftandil Məmmədov saxlanılaraq, bölməyə gətiriliblər.
Ətraflarında aparılmış tədbirlərlə şübhəli şəxslərin tikinti şirkətlərindən birinin ərazisindən oğurluq etməyə cəhd göstərdikləri zaman aralarında yaranmış münaqişə zəminində orada gözətçi işləyən Samir Mehdiyevi döymələri və ağır yaralı vəziyyətdə hadisə yerində qoyub qaçmaları müəyyən olunub.
Buna görə CM-nin əvvəlki maddələri 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və iş istintaqın davam etdirilməsi üçün Nəsimi rayon prokurorluğuna göndərilib. Məlum olub ki, mərhum Azərbaycan Memarlıq və İnşaat Universitetinin 2-ci kurs tələbəsi idi.
Məhkəmənin hökmü ilə A.Məmmədov 18 il 6 ay və R.Həsənov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.