Bakıda tələbəni döyüb-öldürənlərin şikayətləri təmin edilmədi

Bakıda tələbəni döyüb-öldürənlərin şikayətləri təmin edilmədi

Baxış sayı: 2. 993 dəfə baxılıb.

Bakıda tələbəni döyüb-öldürənlərin şikayətləri təmin edilmədi

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Rəşad Həsənovun və Ağstafa rayon sakini Aftandil Məmmədovun CM-nin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə), 120.2.2 (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 127.2.3-cü (qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

ÇıxışYolu.Com-ın məlumatına görə, ötən il iyulun 3-ü, səhər saat 08:00 radələrində Nəsimi RPİ Post-Patrul Xidmətinin əməkdaşları F.Əmirov küçəsindən, ağır vəziyyətdə olan yaralı oğlanı Təcili Tibbi Yardımla xəstəxanaya çatdırılmasını təmin edib, bu barədə Növbətçi hissəyə məlumat veriblər.

İlkin ehtimallara görə, həmin şəxsi avtomobil vurub. Həkimlərin səyinə baxmayaraq, zərərçəkmişin həyatını xilas etmək mümkün olmayıb. Araşdırma zamanı onun Qusar rayon sakini Samir Mehdiyev olması, Azərbaycan Memarlıq və İnşaat Universitetinin ikinci kursunda oxuması müəyyən edilib. 

Faktla bağlı CM-nin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb. Amma araşdırma zamanı DİN Təhlükəsiz Şəhər Xidmətinin texniki imkanları ilə həmin ərazidə heç bir yol-nəqliyyat hadisəsinin baş vermədiyi müəyyən edilib.

Nəsimi RPİ 22-ci polis bölməsinin əməliyyat qrupu hadisə yerində keçirdiyi tədbirlərlə orada üç nəfər arasında dava-dalaş olması, onlardan ikisinin digər bir nəfəri döyməsi barədə məlumat əldə edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Həsənov və Aftandil Məmmədov saxlanılaraq, bölməyə gətiriliblər. 

Ətraflarında aparılmış tədbirlərlə şübhəli şəxslərin tikinti şirkətlərindən birinin ərazisindən oğurluq etməyə cəhd göstərdikləri zaman aralarında yaranmış münaqişə zəminində orada gözətçi işləyən Samir Mehdiyevi döymələri və ağır yaralı vəziyyətdə hadisə yerində qoyub qaçmaları müəyyən olunub.

Buna görə CM-nin əvvəlki maddələri 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilib və iş istintaqın davam etdirilməsi üçün Nəsimi rayon Prokurorluğuna göndərilib.

İstintaqın sonunda isə təqsirləndirilən şəxslərə CM-nin 120.2.1, 120.2.2 və 127.2.3-cü maddələri ilə ittiham verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Məmmədov 18 il 6 ay və R.Həsənov 17 il müddətinə azadlıqdan məhrumetmə cəzalarına məhkum olunublar. Hökmdən məhkumlar apellyasiya şikayətləri verərək, cəzalarının yüngülləşdirilməsini xahiş ediblər.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, onların şikayətlərini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb.

www.ÇıxışYolu.Com