Bakıda Türkiyə vətəndaşının küçədə arvadını döyməsinin təfərrüatı məlum olub
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bakının Nizami rayonunda Türkiyə vətəndaşı həyat yoldaşına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1985-ci ildə Türkiyənin Diyarbəkir
rayonunda anadan olmuş Emre həyat yoldaşı Süsən (adlar şərti göstərilib – red.)
ilə “A-Studio” gözəllik salonun qarşısında mübahisə edib. Bu zaman o, Süsəni
döyüb.
Hadisəni törədən Emrenin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci
(döymə) maddəsi ilə iş qaldırılıb. İşə Nizami Rayon Məhkəməsində baxılıb.
Məhkəmədə izahat verən Emre bildirib ki, hadisə baş verən tarixdə o, gözəllik
salonunun qarşısında Süsənin telefonunu almaq istəyib:
“Bu zaman aramızda mübahisə yarandı. Hadisə vaxtı sərxoş vəziyyətdə olduğuma
görə onu vurmuşam. Arvadım ilə barışmağa cəhd etsəm də, alınmayıb. İki
övladımız var. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Süsənin sözlərinə görə, hadisə baş verən gün uşağı bağçaya
qoyub evə qayıdıb:
“Yol gedəndə hiss etdim ki, ərim arxamdadır. Ərimin özünü sərxoşluqdan idarə
edə bilmədiyi vaxtlar olub deyə, öz anama zəng etmək istədim. Bu zaman ərim
məni vurdu. Mən də onun yaxasını cırdım. Onunla barışıq istəmirəm”.
Məhkəmənin qərarı ilə Emrenin barəsində 20 gün müddətinə inzibati qaydada həbs
cəzası təyin edilib.